"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Türkiyədəki toplanış haqda danışıb.
Sportal.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən Sadıqov komandasının hazırlığından və seleksiya işlərindən bəhs edib:
"Hər şey düşündüyümüz kimi gedir. Yeganə narahat edən məqam seleksiya ilə bağlıdır ki, axtarışında olduğumuz futbolçuları istədiyimiz vaxtda transfer edə bilmədik. Bu da aydın məsələdi. Çünki futbolda ən çətini məhz transfer məsələləridi. Tələsik qərar verib, səhv etmək istəmirik. Ona görə ki, bizi qarşıda təkcə Konfrans Liqası yox, həm də çempionatda uzun marafon gözləyir. Biz təkcə “Makkabi” yox, həm də çempionat haqda düşünürük. Futbolçu tam ürəyimcə deyilsə, onu transfer etmək istəmirəm. Danışıq apardığımız futbolçular var. Ola bilsin ki, yaxın günlərdə onlardan hər hansı biri ilə transfer məsələsində razılığa gələk. İstədiyimiz futbolçular olur, baş tutmur. Əvvəlki kimi çempionatı və ya maddi durumu bəhanə gətirirlər. Fərqli səbəblərdən istədiyimiz futbolçuları gətirə bilməmişik. Danışıqlar indi də gedir. Ümid edirik ki, qarşıdakı günlərdə hər hansı irəliləyiş olar. Hücum xəttinə bir futbolçu qoşulacaq. Əvvəlcədən adını açıqlamaq istəmirəm. Xoşlayıram ki, hər şey dəqiqləşsin, daha sonra bunu bildirək".
40 yaşlı mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" haqda da fikirlərini bildirib. O, həm də Tel-Əviv klubunun baş məşqçisi Vladimir İviçi yaxşı tanıdığını söyləyib: "İndidən rəqibi təhlil edib, hazırlaşmaq psixoloji cəhətdən düzgün olmaz. Bakıda, son iki həftədə artıq daha çox rəqib və oyun planı haqda düşünəcəyik. "Makkabi"də baş məşqçi dəyişikliyi baş verib, yetərincə də transferləri var. Ona görə hazırda “Makkabi”nin hansı oyun fəlsəfəsində olduğunu, əsas heyətdə kimlərin olacağını bilmirik. Gözləyirik, iyulun 13-də oyunları var. Həmin görüşdə “Makkabi”nin əsas heyəti və oyun fəlsəfəsi açıq-aşkar görünəcək. Məşqçilərini tanıyıram, işinə bələdəm. PAOK-un baş məşqçisi olduğu vaxtda "Qarabağ"ın heyətində onlara qarşı oynamışıq. Aşağı-yuaxrı oyun fəlsəfəsini bilirik. Amma yetərincə sistem dəyişikliyi edir. İngiltərə Premyer Liqasında fərqli fəlsəfə ilə oynadırdı "Uotford"u, İsraildə fərqli fəlsəfəyə üstünlük verdi, PAOK-da da fərqli idi. Ona görə rəqibin istər heyətinə, istərsə də, oyun planında edəcəyi rotasiyalara hazır olmalıyıq".
Mirbağırağa