Çimərlik futbolu üzrə Azərbaycan millisinin aparıcı üzvü Hüseyn Axundov Sportal.az saytına müsahibə verib. Axundov, Portuqaliyanın Nazare şəhərində keçirilən Avroliqanın seçmə mərhələsində uğurla çıxış edərək Superfinala vəsiqə qazanan millinin oyunlarını dəyərləndirib. Bununla yanaşı o, İtaliyada təşkil ediləcək Superfinalda Azərbaycan millisinin şanslarını da qiymətləndirib.
- Milli son görüşdə İspaniyaya məğlub oldu. Həmin görüş necə alındı? Komanda uduzmaya bilərdiniz?
- İspaniyaya qarşı gözlədiyimizdən də yaxşı oynadıq. Düzdü, uduzduq. Amma yaxşı mübarizə apardıq. İspaniya millisi çimərlik futbolunda ən güclü komandalardan biridi. Güclü rəqibə qarşı layiqli müqavimət göstərdik. Əlbəttə ki, İspaniya millisini məğlub etmək olardı. Sadəcə olaraq, ustalıq səviyyəsi öz sözünü dedi. Onlar ustalıq səviyyəsi baxımından bizi üstələdi. İdmanda hər bir rəqibə qalib gəlmək olar. Əsas budur, istək olsun.
- Üç oyundan cəmi birində qalib gəldiniz. Almaniya qələbəsi necə alındı?
- Almaniya çimərlik futbolu yeni-yeni başlayır, inkişaf edir. Bunax bamayaraq, onlar da yaxşı rəqib. Həmin görüşdə sona qədər mübarizə apararaq qalib gəldik.
- İtaliya və İspaniyaya uduzdunuz. Onlar sizdən çox güclü idi?
- Çimərlik futbolu elədir ki, güclü-zəif bilinmir. Hər rəqibə qarşı mübarizə aparmaq olar. İspaniya millisilə görüşdə dediyim kimi, ustaqlı səviyyəsi sözünü dedi. İkili və komanda şəklindəki mübarizələrdə heç bir rəqibdən geri qalmırdıq. İtaliya, İspaniya, Portuqaliya, İsveçrə çimərlik futbolunda güclü komandalardı. Onlara qarşı da yaxşı oynayıb, qalib gəlmək olar.
- Cəmi bir görüşdə qalib gələrək Superfinala vəsiqə qazandınız...
- Qrupda 5 komanda var, 4 oyun oynayırsan, 2 qələbə qazanaraq Superfinala vəsiqə qazanırsan. Superfinalda da 8 komanda arasında püşkatma olacaq. Bu, İtaliyadakı mərhələdə olacaq. Bir oyunumuz ehtiyatdadı, Ukraynaya qarşı. Onu da İtaliyada keçirəcəyik. Superfinala vəsiqə qazanmışıq, hazırda 5 komanda içərisində 3-cüyük. İtaliyada da Ukraynaya qalib gələrək daha da irəliyə getmək istəyirik.
- Superfinal 6-11 sentyabrda İtaliyada keçiriləcək. Səncə, milli hansı nəticəni göstərə bilər?
- Bizim məqsədimiz Superfinala vəsiqə qazanmaq idi. Bunun öhdəsindən gəldik. Orada da hara qədər gedə biliriksə, gedəcəyik. Məqsədimiz ən azından ilk “üçlüy”ə düşməkdi. Bunun üçün mübarizə aparacağıq. Öz məqsədimizə çatmaq üçün sona qədər mübarizə aparacağıq. İtaliyada da komanda olaraq nəticə vermək olar. Hər oyuna qələbə əzmi ilə çıxacağıq.
- Böyük futbolda A millidə oynamasam da, çimərlik millisində bunu bacardın. Böyük futbolla çimərlik futbolu müqayisə edəndə, hansının daha çətin olduğunu söyləyə bilərsən?
- Futbollar içərisində ən çətini çimərlik futboludu. Böyük futbol da oynamışam, həvəskar şəkildə futzal da. Bunların içərisində ən ağırı çimərlik futboludu. Adam normalda qumda gəzəndə yorulur, qaldı ki, qaçasan, futbol oynasan. Fiziki baxımından çox hazırlıqlı olmalısan ki, ən azından 2-3 dəqiqə meydanda mübarizə aparasan. Burada əvəzetmələr elə olur, çıxıb 2-3 dəqiqə mübarizə aparırsan, daha sonra əvəzlənirsən. Fiziki durum yüksək səviyyədə olmalıdı.
Mirbağırağa