"Düzünü desəm, fərqli komandalardan təkliflər almışdım. Lakin sonda "Səbail"ə üstünlük verdim. Çünki layihəni bəyəndim".
Bu sözləri Sportal.az saytına açıqlamasında Qabo Zakpa deyib.
Paytaxt klubunun yeni transferi Azərbaycan Premyer Liqası barədə əvvəllər məlumatı olub-olmamasından danışıb. O, paytaxt klubundakı məqsədlərindən də söz açıb: "Azərbaycan çempionatı barədə məlumatım var idi. Çünki çempionatda oynayan klubların avrokuboklarda iştirakını görmüşdüm. "Səbail"də yaxşı komanda qurulub. Məşqlərimiz davam edir. Yeni liqada oynamağın özü motivasiyadı. Çalışacam ki, komandam üçün ən yaxşısını edim".
29 yaşlı futbolçu əvvəllər də Azərbaycan Premyer Liqasında yarışan klublardan təklif aldığını açıqlayıb: "Bəli, əvvəl də Azərbaycan klublarından təklif almışdım. Sadəcə o vaxtki klubumdan ayrıla bilməmişdim. Bu yay isə gəlməyim alındı. Komandama kömək etməyə çalışacam".
1992-ci il təvəllüd Fil dişi Sahilindən olan yarımmüdafiəçi “Rio Ave”, “Qondomar”, “Santa Maria”, “Jil Visente”, “Felquyerras”, “Lusitaniya” və “Etnikos Axna” klublarında oynayıb.