Rusiyadakı həmyerlimiz: "Milliyə çağırsaydılar, tarixi vətənim üçün oynamağa layiq olduğumu sübut edərdim" - MÜSAHİBƏ

21:55 - 6 İyul 2022

Rusiyanın "Çayka" klubunda oynayan Fərhad Qıstarov Sportal.az saytına müsahibə verib. Vaxtilə "Sumqayıt"a böyük ümidlərlə gətirilmiş yarımmüdafiəçinin Azərbaycandakı karyerası uzun çəkməmişdi. Əslən azərbaycanlı olan Qıstarov hazırki karyerasından və Azərbaycandakı vaxtlarından söhbət açıb.

- Hazırki karyeranızdan razısan?
- Azərbaycandan ayrıldıqdan sonra Gürcüstanda da oynadım. Ciddi zədə almışdım. Ondan sonra bərpa oluna bildim. Hazırda da “Çayka”da çıxış edirəm. Bu klubun böyük iddiaları var. Klub prezidenti Andrey İvanoviç klubun qarşısına yüksək məqsədlər qoyub. Ona görə də buradayam. "Çayka"da oynadığıma görə şadam.

- Son vaxtlarda Azərbaycan klublarından təklif almısan?
- Xeyr, Azərbaycandan təklifim olmayıb.

- 2017-ci ildə “Sumqayıt”a gəlmişdin.  Həmin vaxtı necə alınmışdı bu kluba gəlməyin?
-
 Mənim dostlarım Maqomed Qurbanov və Sergey Çernışev məni məsləhət görmüşdü. Çünki həmin vaxtı klub Azərbaycana bağlılığı olan futbolçu axtarırdı. Belədə, baxışa gəldim, bəyənildim, qaldım komandada.

- Maraqlıdı, nəyə görə uzun müddət qalası olmadın?
- Mövsüm sonunda mənə zəng edib, komandanın oyun taktikasına uyğun gəlmədiyimi dedilər. Halbuki son turda “Qəbələ” ilə görüşdən sonra mənə etimad göstərdiklərini bildirmişdilər. Bu, futboldur və olur belə hadisələr. Halbuki özüm orada qalmaq istəyirdim.

- Əslən Azərbaycandansan. Rusiya birinci divizionunda və ya Rusiya Premyer Liqasında oynayası olsan, Azərbaycan millisinə cəlb edilmək şansın yüksək olacaq?
- Bəli, mən Balakən rayonundanam, Qabaqçöl qəsəbəsindən. Daha doğrusu, valideynlərim oradandı. Ona görə də məni milliyə çağırsaydılar, tarixi vətənim üçün oynamağa layiq olduğumu sübut edərdim!

- Azərbaycan futbolu ilə heç indi maraqlanırsan? Hazırda 27 yaşın var. Səncə, Azərbaycan Premyer Liqasına qayıtmağın baş tuta bilər?
- Orada çoxlu dostlarım olduğu üçün Azərbaycan futbolunu izləyirəm. Mehdi Cənətov, Bədavi Hüseynov və Şahruddin Məhəmmədəliyev mənim dostlarımdı. Sizə deyim ki, "Çayka" həm şərait baxımından, həm də digər cəhətlərdən elə birinci liqa səviyyəsində olan komandadı. Çalışırıq, görək necə olacaq. Futbolçular üçün hər bir şərait yaradılıb. Peşanokopskidə gözəl stadionumuz, uşaq akademiyamız var. Klub böyüyür, bu da əladı. Yəni, indiki fikrim bu klubla bağlıdı. Gələcəkdə necə olacağını zaman göstərəcək.

Mirbağırağa

Xəbər xətti