Azərbaycanlı futbol mütəxəssisi, "Qarabağ"ın keçmiş baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib.
- “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Lex”ə uduzdu. Sizcə, “Qarabağ” Polşa təmsilçisinə niyə uduzdu?
- Məğlubiyyətdən sonra öz komandamız haqda danışmaq həmişə çətin olur. Qələbə olanda isə müsbət fikirlər, müsbət rəylər söyləmək çox xoşdu. Çox da dərinliyə getməyək, çünki “Qarabağ” layiqli futbol göstərdi. “Qarabağ”ın ifasında Çempionlar Liqası turnirinə layiq olan futbol gördük. Bütün komponentlərdə “Lex”i üstələdilər.
- “Lex”in müdafiəyəmeyilli oynayacağını ehtimal edirdiniz?
- “Qarabağ” daha çox topa sahib idi, çərçivəyə gedən zərbələrdə də, künc zərbəsi sayında da “Lex”dən üstün oldu. Amma bugünkü gündə topa sahib olmaq oyunun taleyini həll etmir. Polşa klubunun baş məşqçisi düzgün taktika qurmuşdu, “Qarabağ”ı yaxşı analiz etmişdilər. "Lex" topu "Qarabağ"a verdi və öz meydançasında sıxlıq yaradıb, etibarlı müdafiə olunmağa çalışdı. Bunu da ağıllı etməyə səy göstərirdilər, “Qarabağ”a boşluqlar vermədilər. "Qarabağ"da texnikalı vingerlər, sürətli hücumçu İbrahima Vadji var. “Lex” 1-2 qol epizodundan istifadə etdi. Mən buna normal baxıram.
- Fiziki cəhətdən necə, “Qarabağ” futbolçularında problem görünürdü?
- Bu gün “Qarabağ”ın “Lex”i keçmək şansı daha yüksəkdi. Onların göstərdiyi oyun buna deməyə əsas verir. Sadəcə olaraq, mövsümün əvvəlidi, bütün komandalarda hücum qurmaq, xətlər arasında əlaqələri daha da yaxşılaşdırmaq hər bir komanda üçün çətindi. “Lex”də də belə idi. Oturuşmuş hücumlar quranda futbolçular bir-birini daha yaxşı anlamalıdı, bunun üçün isə zamana ehtiyac var. Bir də oyun praktikası çox olmalıdı. Komandaların vəziyyəti eyni idi. "Lex"in də baş məşqçisi dəyişilmişdi. “Qarabağ” üçün onları analiz etmək də bu sarıdan çətinlik yaradırdı. Fiziki durum heç bir komandada yüksək səviyyədə ola bilməz. Ona görə ki, sezonun ilk rəsmi matçıydı. Burada məşqçilərin göstərdiyi taktiki gedişlər var idi.
- "Qarabağ" əvəzetmələrdən sonra sanki ona qədərki oyunu nümayiş etdirə bilmədi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Qurban Qurbanov istədi ki, oyunun taleyini dəyişsin. Öncə üç, daha sonra iki dəyişikliklə oyuna sürət, temp gətirmək istəyirdi. Amma futbolçular oyuna düşə bilmədi. Bunun da səbəbi var. O da "Lex"in ağıllı oynaması, boşuqlar verməməsiydi.
- “Lex” məğlubiyyətindən sonra Patrik Andradenin “Qarabağ”dan gedişi məsələsi daha çox gündəmə gəlib. Sizcə, onun gedişi hiss olunur?
- Düzdü, əvəzedilməz futbolçu yoxdu. Amma elə futbolçular var ki, onun izi qalır komandada. Qalib gələndə bu haqda düşünmürsən, amma uduzanda fikirləşirsən ki, filankəs komandada qalsaydı, necə olardı? Bu, teoriyadı. Ona görə bunun üstündə çox dayanmaq istəmirəm. “Qarabağ” “Lex”lə matçda oyunun “ipi”ni öz əlində saxlaya bilmişdi. Orta xətdə böyük problemlər olmadı. Sadəcə son ötürmələrdə, son nöqtələri qoymaqda problemlər yarandı. Bu da təbii sayılır. Sezonun əvvəlində bütün komandalarda belədi. Ümid edirəm ki, "Qarabağ" ikinci oyuna qədər daha da təkmilləşəcək, oyunu daha da inkişaf etdirəcək. İndi səfərdə vurulan qollar da o qədər önəm kəsb etmir. “Qarabağ”ın dönüş etməsinə gücü çatar. “Lex” də keçilməz rəqib deyil.
Mirbağırağa