"Bəlkə də Patrik Andrade olsaydı, daha aqressiv və daha istəkli "Qarabağ" görərdik"

19:41 - 7 İyul 2022

"Lex"in çətin rəqib olduğunu, oyunun da ağır keçəcəyini gözləmək olardı. Onlar oyunu müdafiədən qurmuşdu. Matçın ədalətli nəticəsi heç-heçə idi. Çünki yüngül səhvdən sonra hesab açıldı. Poznandakı məğlubiyyətə baxmayaraq, inanıram ki, “Qarabağ” evdə layiqli qələbəsini qazanacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Əfran İsmayılov deyib.

"Qarabağ"ın sabiq futbolçusu Ağdam klubunun Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Lex"lə görüşünü dəyərləndirib. İsmayılov "Qarabağ"ın Poznandakı məğlubiyyətinə baxmayaraq, Bakıda qələbə qazanaraq mərhələni keçəcəyinə inandığını bildirib: "Qarabağ" üçün çox vacib oyundu. Onlar özü də bunu dərk edir. Çempionlar Liqasının oyunudu. İnanıram ki, Qurban Qurbanov yaxşı taktika seçəcək, komanda da layiqli futbol oynayaraq qalib gələcək və mərhələni keçəcək. "Qarabağ" "Lex" kimi rəqiblərə qarşı çox oynayıb. İnanıram ki, bu rəqibin də öhdəsindən gələcəklər. Bakıda dönüş edəcəklər. "Lex"i elə bu cür də gözləyirdim. Onlardan fantastik oyun da gözləmirdim. Elə bu cür də oyun gözləyirdim, müdafiədə "oturacaqlar". "Lex" nə qədər köklü klub olsa da, “Qarabağ” təcrübəli, sözünü demiş komandadı. Özü də "Qarabağ" həmişə Polşa klublarına qarşı üstün futbol oynayıb. İnanıram ki, Bakıda da üstün oynayacaqlar".

10 ilə yaxın "Qarabağ"da oynamış yarımmüdafiəçi komandanın aparıcı üzvü olmuş və bir neçə gün əvvəl "Partizan"a keçən Patrik Andradenin yoxluğu barədə də danışıb: "Patrik Andradenin məsələsi çox qabardılır, qabardılmalıdır da. Patrik "Qarabağ" üçün böyük fiqur idi. Ancaq mən həmişə futbolçunun yüksək səviyyəsini yox, komandanın üstün tutmuşam. Amma "Qarabağ"ın bəlli büdcəsi var və onu aşa bilmir. Mən bunu başa düşürəm. Ona görə də anlaşa bilmədilər. Həmin məsələ İbrahim Şehiç və başqa futbolçu ilə bağlı da baş vermişdi. Əvəzedilməz futbolçu yoxdu. Bəlkə də Patrik olsaydı, daha aqressiv və daha istəkli “Qarabağ” görərdik. Düzdü, yenə də aqressivlik gördük. Amma açıq danışsaq, Patrikin yeri görünürdü. O, tamam başqa səviyyə idi. Ola bilər ki, hücumçu sarıdan problemləri var. İnanıram ki, hücumçu alacaqlar".

Mirbağırağa

Xəbər xətti