"Azərbaycan pasportu təklif etmişdilər, "Amkar"dan bildirdilər ki, belə olarsa, Rusiyada legioner kimi oynayacam"

14:36 - 9 İyul 2022

"Amkar" yetirməsi olan, son mövsümə qədər Perm şəhərinin "Zvezda" klubunda oynayan Rinat Hüseynov hazırda klubsuzdu.

Sportal.az saytına açıqlama verən 25 yaşlı müdafiəçi komandasının fəaliyyətini dayandırması ilə bağlı bunları deyib:

"Təəssüflər olsun ki, hələ yarım il əvvəl klubun fəaliyyət göstərməyəcəyi bəlli idi. Sponsorlar ayrıldı, qubernatora isə futbol maraqlı deyil. Bura futbol ölkəsi deyil, futbol da heç kimə lazım deyil. Özünüz baxın, Rusiyada nə qədər özəl klub var? Barmaqla sayılacaq qədər. Heç kim futbola pul yatırmaq istəmir. Rusiyada bu işlər belədi".

Vaxtilə Azərbaycan klublarından təklifləri olsa da, o, Rusiyada qalmağa üstünlük vermişdi. Hüseynov, bu qərarına görə peşman olmadığını söyləyib:

"Xeyr, həqiqətən peşman deyiləm. "Zvezda"da yaxşı təcrübə qazandım, dörd il bu klubda oynadım. Həm yaxşı, həm də pis anlar var idi. Ümumilikdə isə, xoşbəxt idim. Hazırda azad agentəm. Bütün təkliflərə açığam. Azərbaycandan təklif gələrsə, razılıq verərəm. Hər halda, öz vətənimdə oynamağım da lazımdı".

"19 yaşım olanda mənə Azərbaycan pasportu təklif etmişdilər. Həmin vaxtı Azərbaycanın U-21 yığmasına dəvət edilirdim. Sadəcə olaraq, "Amkar"dan legioner hesab olunacağımı dedilər. Həm də bildirdilər ki, Rusiyada legioner hesab ediləcəm və daha sonra klub tapmağım çətinləşəcək. İndi isə problemsiz pasportumu dəyişə biləcəyimi düşünürəm. Çünki ölkəmi sevirəm və buna hazıram" deyə, Hüseynov fikirlərini yekunlaşdırıb.

Xəbər xətti