Azərbaycan milli komandasının və "Qarabağ"ın keçmiş oyunçusu Vaqif Cavadov Sportal.az saytına müsahibə verib.
Veteran futbolçu Ağdam təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində "Lex"lə keçirəcəyi oyunu dəyərləndirib:
- "Qarabağ"ın "Lex"lə səfərdə keçirdiyi ilk oyunu necə dəyərləndirirsiz?
- İlk dəqiqələrdən görünürdü ki, "Qarabağ" yaxşı və ciddi hazırlaşıb. Oyun ərzində də bu görünürdü. "Lex" başqa taktiki gediş ortaya qoydu, "Qarabağ"a boş zonalar vermədi. Oyunu yaxşı analiz etdikləri görünürdü. Bilirdilər ki, "Qarabağ"a boşluq versələr, daha çox əziyyət çəkə bilərlər. Ona görə də qapandılar və ustalıq səviyyəsinə görə bir qol vurdular. "Qarabağ"ın oyun ərzində bir səhvi oldu.
- Komandanın oyununda hər hansı çatışmazlıq hiss olunurdu?
- Ümumi götürəndə ilk oyunlar həmişə çətin və gərgin olur. Amma bu, o demək deyil ki, "Qarabağ"da hər hansı nöqsan olmadı. Bəzi oyunçular hazır deyildilər. Kadi Borgeslə Marko Veşoviçin zəif çıxışının komandaya təsiri oldu. İnanıram ki, "Qarabağ" Bakıda hücumda daha aqressiv, istəkli olacaq və istədiyimiz nəticəni əldə edəcək. Əminəm ki, komandada bütün futbolçular bunu dərk edir və istəkləri də odur.
- Kadi Borgesin zəif çıxışının səbəbi nə idi sizcə?
- İsrail klubundan gələn təklif bəlkə də Kadi Borgesin fikirlərini qarışdırıb. Bu da onun oyununa təsir edə, fikrini yayındıra bilər. Ümumilikdə inanmıram ki, Qurban Qurbanovun rəhbərliyi altında çıxış edən futbolçular başqa fikirlərlə yaşasınlar. Olsa da, Qurban müəllim bunun qarşısını alacaq. Kadidə növbəti oyunda başqa istək görəcəyik.
- "Qarabağ"ın mərhələ keçmək şansını necə qiymətləndirirsiz?
- İlk oyundan əvvəl də şanslar bərabər idi. "Qarabağ"ın səfərdə 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, mən Bakıda da şansları bərabər hesab edirəm. "Lex"in böyük üstünlüyünün olduğunu demək olmaz. İlk matçda hesab 0:2 olsaydı, bəlkə də deyə bilərdik ki, "Qarabağ"ın az şansı var. 1:0 elə də böyük üstünlük deyil.
Elçin Əlixan
saytlarin hazirlanmasi