Fransaya gümüş medal qazandırmış boksçu: "Qarabağ" bizim fəxrimizdi"

22:00 - 11 İyul 2022

Fransa millisinin heyətində çıxış etmiş əslən azərbaycanlı olan Murad Əliyev hazırda peşəkar boksla məşğul olur.

Sportal.az xəbər verir ki, 26 yaşlı boksçu bir neçə gün əvvəl istirahət üçün Azərbaycana gəlib. "CBC Sport"da yayımlanan "Foto +" verilişinin qonağı olan həmyerlimiz müsahibəsində futbola maraqı olması barəsində də danışıb. O, "Qarabağ" haqda məlumatlı olduğunu bildirib:

"Boksdan savayı izlədiyim idman növləri də var. "Formula 1"ə də baxıram. Əvvəllər həmişə öz-özümə deyirdim ki, kaş bizim ölkədə də bu cür yarış keçirilərdi. Artıq bizdə də keçirilir. Cüdoya da baxıram, futbola da. 

Azərbaycan klublarından da tanıdığım var. "Qarabağ"ı tanıyıram. Çünki daim avrokuboklarda iştirak edirlər. Avrokuboklarda nəticələri yaxşıdı, çox oyun keçirirlər. Onlar daim Avropada iştirak edir. "Qarabağ" bizim fəxrimizdi".

1995-ci ildə Moskvada dünyaya gəlmiş Murad ailəsilə birlikdə Fransaya köçüb. O, Fransanın boks millisinin heyətində 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb. Peşəkar boksda isə 4 matça çıxmış Əliyev hamısında qələbə qazanıb.

Mirbağırağa

Xəbər xətti