Qurban Qurbanov: "Çox möhtəşəm qalibiyyət oldu"

22:50 - 12 İyul 2022

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyununda "Lex"i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Hamının ürəyi bizimlə idi. Çox möhtəşəm qalibiyyət oldu. Bu gün hər şey alındı, hər şey bizim tərəfimizdə idi. Futbolçular çox istəkli idilər. Qələbəyə layiq idik. İlk dəqiqədə buraxdığımız qoldan sonra sınmadıq. Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularım maksimum diqqətli idilər. Bu, bir başlanğıc idi. Qələbə bizi arxayınlaşdırmamalıdır. Futbol elə səviyyə gəlib ki, rəqibə ciddi yanaşmasaq, bizi məğlubiyyət gözləyə bilər. Hamı Polşa azarkşelərindən danışırdı. Mən deyərdim ki, bizim azarkeşlər onlardan üstündür. Bu gün də bunun şahidi olduq. Xalqıma, millətimə təşəkkür edirəm. Gecə yuxuda Aqil Abbası görmüşdüm. Şuşadadır, qarlı havadır. Mənə deyir ki, Bakıda istidir, amma burada necə qar yağıb. Aqil müəllimmə salamlarımı çatdırıram. Sanki, qarabağlıyam. Mən özüm də Şuşada idim yuxuda. Belə qələbələrdən doymalı deyilik. Daha işgüzar olmalıyıq. Futbolçularıma güvənirəm. 

 

- Rəqib həmkarınız hakim səhvlərindən danışdı. Sizcə hakimin oyuna təsiri nə dərcədə oldu?

- Hakimlə bağlı danışılası bir şey yoxdur. Komandamıza haqsızlıq olanda da hakim barədə danışmamışam. Hansı epizodu dediyini bilmirəm. Məğlubiyyətdən sonra olur belə şeylər. Rəqib həmkarımı başa düşürəm. Onlara uğurlar arzu edirəm. 

 

- Bu qələbə komadanın "Sürix"lə matça daha yaxşı motivasiya olmağına səbəb olacaq?

- Bugünkü atmosfer motivasiya baxımından problem olmayacaq. Futbolçularım çox inkişaf ediblər. Komandanı motivasiya etmək nadir hallada problem olur. Futbolçuları bu oyunu udmuşuq deyə motivasiya etməyəcəyik. Rəqibə uyğun hazırlaşacağıq. Bəzi rəqiblərin qarşısına maksimum aqressiya ilə çıxmaq problem yarada bilər.

 

- "Sürix"lə matça kimi yeni transfer olacaq?

- Bu barədə mənə çox sual verilir. Axtarışlarımız gedir. İstəyirik ki, əmin olduqdan sonra transfer edək. Bəzən son anda alınmayıb. Axtarışlar ilboyu gedən prosesdir. Amma mütləq transfer etməliyik deyə bir fikrimiz yoxdur. 

 

- 5-ci qoldan sonra köməkçiniz Elçin Rəhmanov sizə sarıldı və kövrəldi. Bu, səfərdəki məğlubiyyətdən sonra komandaya olan təzyiqlərin təsiri idi? 

- İnanın ki, biz hər yazıya hörmətlə yanaşırıq. Hər birinizə yaxınım kimi baxıram. Biri tərif edir, biri tənqid edir. Amma yenə inanıram ki, hər kəs komandanın arxasındadı. Yazılara nornal yanaşıram. Elçinin kövtəlməsi, hamımız kövrəlirik. İdman elədir ki, hamı kövrəlir. Belə hallar olur, oyunda bəzən düşünmədən olur.

 

- Kadinin sarı vərəqə alması sanki sizi əsəbiləşdirdi... 

- Elə bildim ki, oradakı oyunda da sarı vərəqə almışdı. Belə şeylərə həssas yanaşıram. Heç nədən sarı almağı yaraşdırmıram idmançıya. Buna görə əsəbiləşdim. Amma eşidəndə ki, birinci sarıdı, həm danladım, həm də bağışladım. Amma belə sarılar almaq olmaz.

 

- Hesabın erkən açılması B planını işə saldı? 

- Pressinqi sona kimi etmək istəyirdik. Lazım olan nəticəni əldə etmək istəyirdik. Rəqibi çox analiz etmişdik. Hətta 120 dəqiqəni, penaltiləri də fikirləşmişdim. Şanssızlıq idi, qol gördük qapımızda. İnanın  belə şeylərə sevinirəm ki, futbolçular oyuna yenidən girir, özlərini itirmir. 


- Neçənci qoldan sonra turu keçməyə şübhə etmədiz? 

- Beşinci qoldan sonra. Onlar ruhdan düşdülər.

 

- Leandro Andradeyə şans vermədiz...

- Leandrodan səfərdəki oyundan razı qalmışdım. Poznanda fərqli hücumlarımız oldu. Gələcəkdə onun üstünlüyündən istifadə edəcəyik.

 

- Yuxunuzu necə yozmuşduz? 

- Bilmirəm. Qar idi, təmizlik idi, zirvədə idim. Zirvədə olmaq, Aqil Abbası görmək xoş olur. Oyundan əvvəl zəng eləmişdim ona.

 

- "Sürix"lə ilk oyunun Bakıda olması sərfəlidi? 

- Fikir bildirmək çətin olar. Futbolçuların daha çox istirahət etməsi üçün yaxşıdı. Əsas vacib olan oyundan sonra bərpadı.

 

- Qara Qarayevin durumu nə yerdədi? 

- Fikir bildirə bilməyəcəyik. Sabah MRT müayinəsindən keçəcək. Tam ciddi yox, amma ola bilər problem olsun.

Xəbər xətti