"Kəpəz"in yeni transferi: "Çempionluq haqda danışmaq doğru olmaz" - MÜSAHİBƏ

11:48 - 14 İyul 2022

"Kəpəz"in yeni transferi Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib. Milli komandamızın sabiq üzvü Gəncə klubuna keçidindən və yeni komandasının yeni mövsümkü məqsədlərindən söz açıb.

- "Kəpəz"ə keçidin necə alındı?
- Çempionat qutarmamışdan 1-2 ay əvvəl öz rayonumuzdaydım, fərdi məşqlər edirdim. Bizim rayon da Gəncəyə yaxındı. "Kəpəz"də oynayan futbolçu dostlarımla görüşürdüm. Bir dəfə birlikdə Yaşar Vahabzadə ilə görüşməyə getdik. Onunla danışdıq və məşqlərə qoşula biləcəyimi soruşdum. Yaşar müəllim sağolsun, onlarla birlikdə məşq etməyimə şərait yaratdı. Çempionat bitəndən sonra isə oturduq, söhbət etdik, danışdıq və razılaşdıq. Ona görə də rəsmi müqaviləyə qol çəkdim.

- Komandanın məşqləri necə gedir? Gəncədə başlayan toplanış Bakıda davam edir...
- Hələ ki, toplanışın ikinci mərhələsindəyik. Gəncədə 10 günlük məşqlərdən sonra Bakıya toplanmışıq. Hər şey yaxşı gedir, pis deyil. Hələ ki, daha çox fiziki məşqlərə üstünlük veririk, fiziki durumumuzu yaxşıalşdırmağa çalışırıq. İki yoxlama oyunumuz olacaqdı. Birini keçirdik, birini də bu gün oynayacağıq. Bu oyunlarda səhvlərimizi görərək, onlar üzərində işləyəcəyik.

- İlk yoxlama görüşündə "Səbail"ə uduzdunuz. Həmin görüş necə alındı?
- Hələ ki, birinci oyun idi. Komandamız yenidi, futbolçuların bir-birini başa düşməsi, bir-birinə uyğunlaşması üçün zaman lazımdı. Yoxlama oyunlarında vacib olan səhvlərimizi görüb, onları düzəltməyimizdi. Ki, sabah çempionat oyunlarında onları təkrarlamayaq.

- “Kəpəz”in kollektivini güclü hesab edirsən? Səncə, komandanız nəyə qadirdi?
- "Kəpəz" Premyer Liqaya yeni yüksəlmiş komandadı. Bu komandanı ən yaxşı pillələrə yüksəltməliyik. Çempionluq haqda danışmaq real olmaz. Amma avrokuboklara vəsiqə qazanmaq üçün çalışmaq lazımdı. Bu, "Kəpəz" üçün çox böyük nəticə olardı.

- Yeni mövsümdən çoxları daha maraqlı çempionat olacağını gözləyir. “Turan Tovuz” və “Kəpəz”in Premyer Liqaya yüksəlməsi çempionatı daha da maraqlı edəcək?
- Əlbəttə ki, "Turan Tovuz", "Kəpəz" Azərbaycan futbolunun tarixidi. Gəncədəki oyunlarda elə 15-20 min azarkeş gəlir. Halbuki, Azərbaycanın heç bir yerində bir matça bu qədər azarkeş gəlmir. Burada isə oyunlarımıza çox adam gəlir. Bu da futbolumuzu gözəlləşdirir.

- Gəncədə hər zaman rəqiblər üçün oynamaq çətin olurdu. Səncə, yeni mövsümdə də belə olacaq?
- Çalışacağıq ki, Gəncədə heç kim, gəlib bizdən xal götürə bilməsin. Çünki azarkeş də çox gələcək. Elə etmək lazımdı ki, Gəncə camaatını, azarkeşlərimizi məyus etməyək.

Mirbağırağa

Xəbər xətti