Ramin Musayev: "Bəziləri düşünürlər ki, klubların dağılmasında PFL və AFFA rəhbərliyi günahkardı"

15:30 - 15 İyul 2022

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının püşkatması zamanı jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- "Kəpəz" ilk turda "Zirə" ilə qarşılaşacaq. Gəncə şəhər stadionu oyunları qəbul etməyə hazırdı?

- Bir ay öncə nümayəndəmiz orada olub. Çatışmazlıq rəhbərliyə deyilib. AFFA rəhbərliyi də bilir ki, çatışmazlıqlar var orada. Amma söz veriblər ki, çempionat başalyana qədər bərpa olunacaq. Çatdıra bilməsələr, tələb etməliyik ki, həmin stadionda oyun keçirilməsin. Yəqin ki, ya "Dalğa Arena"ya gələrlər, ya da başqa yerə gedərlər.

 

- Sərxan Hacıyev bildirib ki, cari mövsümün yekununa əsasən bir komanda aşağı liqaya yuvarlanacaq, digəri yüksələcək. Bu, mümkündü?

- Bu, nə AFFA, nə də PFL rəhbərliyindən asılıdı. Hamısı maliyyə ilə bağlıdı. Yadınızdadırsa, demişəm ki, qanun pozuntusuna yol versəm belə, həmin komandaları Premyer Liqaya buraxmağı boynuma götürürəm. Bəziləri düşünürlər ki, klubların dağılmasında PFL və AFFA rəhbərliyi günahkardır. Amma belə deyil.

 

- "Turan Tovuz" ev oyunları Tovuzda gündüz saatlarında keçirəcək? Çünki işıqlandırma ilə bağlı problemlər olduğu bildirilir... 

- Tək işıqlandırmağa görə stadionu düzəltmək düzgün deyil. Şamaxıda da işıqlandırma yoxdu. İşıqlandırmanı günahlandırmayaq. Ona az pul ayrılmır. Bunu bərpa etsələr, həmin komandanın yarım illik büdcəsi gedəcək. Onları bərpa etmək üçün yavaş-yavaş, zaman lazımdı. "Turan Tovuz"un stadionu məncə, Premyer Liqa oyunları keçirməyə hazırdı.

 

- PFL-in sponsoru yoxdu... 

- Kim gəldi, biz imtina etdik? Hazırda Almaniyadan bir şirkətlə söhbətlər gedir. Ötən mövsüm sponsor var idi. Sadəcə olaraq, bəlkə də həmin sponsorun bizə uyğun olmamasına görə razılıq verilmədi. Hazırda şirkətlə yazışmalar gedir. Göstərə də bilərəm.

 

- Premyer Liqada komandaların sayının artması rəqabətə nə dərəcədə təsir edəcək? 

-  Ən azından oyunların sayı artır. Bütün çempionatın Bakıda keçirilməsi də marağı öldürür. Komandalar getsin, gözəl guşələrimizi də görsün. Ola bilər ki, "Kəpəz" və "Turan Tovuz" Premyer Liqaya yeni qədəm qoyurlar. Amma əminəm ki, növbəti illərdə hər iki komanda öz gücünü göstərəcək.

 

- Sizcə "Qarabağ" "Sürix"i keçə biləcək?

- Belə düşünürdük ki, "Lex"i keçə bilməyəcək. Amma Qurban Qurbanov onların adını dəyişdi, "lox" etdi. Digər klublarımızın hər üçü də keçməlidi. Futboldu, 100 faiz heç nə demək olmaz. Borcumuz onlara uğurlar arzulamaqdı. Nə kömək lazımdırsa, etməliyik.

 

- Ramin Musayevi futbolumuzda narahat edən əsas məqam nədi?

- Onu otağıma gələrsən, danışarıq. Amma yazısız, üz-üzə, mətbuat üçün yox, özümüz üçün. Komandaların sayı artdı ki, bu da sevindirici haldı. Topları da görəcəksiz. Toplarla bağlı problemimiz var. Qaydasına qoyulmalıdı. Bu il də komandalara AFFA tərəfindən toplar hədiyyə olunacaq. VAR sistmemi 1-ci turdan fəaliyyətə başlayır. Rəhbəri də türkiyəli mütəxəssisdi. Barış Şimkeş Yıldırım bizimlədi. Maraqlandıq onunla, çalışqan adamdı. Ona kömək etmək borcumuzdu. Hardasa, bir az da yerlimdi.

 

- Neçə illərdir, niyə PFL-ə sponsor gəlmir? Tələbləri nə olurki sizdən?

- Düşünürsüz ki, ya biz böyük məbləğ tələb edirik, nə düşünürsüz, bilmirəm. İndiyə qədər işlədiyimiz şirkətlərlə maraqlana bilərsiz, həmin şirkətlərin işıqlandırılmasında PFL-in çox böyük zəhməti var. Həmin rəhbərlər də bunları danmırlar. Bütün dünyada maddi problemlər var. Bu, bizim günahımız deyil, Allahın işidi. Mən heç vaxt yalan danışmamışam. Bəli, bu gün söhbətimiz gedir. Amma adını hallandırmayaq. Bəlkə alınmadı heç. Minimum qiymət demişik, məbləğdə 70-80 faiz razılaşıblar. Nə şərtlər deyiblər, razılaşmışıq. Amma başqa şey olsa, gedib yalvarası deyilik. Biz də istəyərdik ki,həmin pulla daha geniş proqramlar hazırlayaq.

 

- Stadionlarda media sektoruna önəm vermir klublar....

- Bütün stadionlarda birinci tələbimiz jurnalistlərin oturacağı yerlərlə təmin olunmasıdı. Əgər hansısa stadionda hansısa problemlə rastlaşsanız, həmin dəqiqə bizə məlumat verin. Heç kəsin ixtiyarı yoxdu ki, sizin xətrinizə dəysin.

 

- Uzun müddət hakimlər PFL-in nəzarətində oldu. AFFA-ya veriləndən sonra hakimlik lap aşağı səviyyəyə düşdü. Sizin dövrünüzdə yetişən hakimlər "itdi-batdı". Bu, sizi narahat edir? 

- Burada AFFA-nı günahlandırmaq lazım deyil ki, xarici gəldi, hakimlərimiz belə oldu. Sözsüz ki, narahat olmaya bilmərik. Bəzi hakimlərimizi itirdik. Rəhim Həsənov FİFA referisi ola-ola hakimlikdən uzaqlaşdırıldı. Səbəbi də bəlli deyil. Gedənin dalınca danışmazlar. Ən azından 3-4 nəfər qaldı. Buna da şükür. Türkiyəli qardaşımız gəlib.

 

- Klublara 3 milyon verilirsə, Premyer Liqada sonuncu olan klub birinci diviziona yuvarlana bilər? 

- Onsuz da, elə olacaq da. Bu il qərar verildi ki, liqada sonuncu yeri tutan I Diviziona yuvarlanacaq, I Divizionda çempion olan yüksək liqaya gələcək. Amma ola bilər ki, "Qarabağ-2", "Zirə-2" çempion oldu, onları çempionata gətirə bilmərik ki. Elə komanda da çempion ola bilər ki, deyəcək hazır deyiləm Premyer Liqaya. Heç kimin haqqına girə bilməyəcəyik ."Neftçala" 3 il çempion oldu, amma gələ bilmədi. Həmin vaxt doğurdan da məsələ maliyyə idi. Amma bu il dövlət pul ayırırsa, həmin komandaya da pul şamil olunsun. Bizim üçün fərqi yoxdu.

 

- İslam oyunlarına görə çempionatda fasilə nəzərdə tutulub?

- Əgər UEFA tərəfindən nəzərdə tutulubsa, hə.

 

- VAR sisteminə görə oyun 90 dəqiqə yox, lap uzun ola bilər. Bunu necə tənzimləyəcəksiz?

- VAR sistemilə bağlı rəhbərliklə görüşdük. Bu gün bir maşınları var və ondan bir oyundan istifadə edə bilərlər. Söhbət bölgələrdən gedir, Bakıdakı oyunlarla bağlı problem yoxdu. 80 km məsafədən istifadə olunurlar. Xahiş etdilər ki, yanvara qədər bölgələrdə eyni gündə iki oyun olmasın. Həm Qəbələdə, həm Gəncədə, ya Tovuzda eyni gündə oyun olmasın. Çünki çatdıra bilməzlər. Biz də belə qərar gəldik ki, hər tur üç gün ərzində keçirilsin, 5-ci, 6-cı və bazar günləri

 

- Son günlər koronavirusa yoluxma sayı artır. Hətta qapalı məkanlarda maskadan istifadə etməyi təklif ediblər. PFL bu dəfə bu məsələyə daha hazırlıqlı olacaq? Operativ Qərargahla danışıqlar aparmısız?

- Püşkatmamışdan əvvəl Rövnəq müəllim çıxış etdi və göstəriş verdi ki, Operativ Qərargahla danışıqlarda olun və tez-tez danışın. Ehtiyatlı olmaq lazımdı. İnsan üçün ən vacibi can sağlığıdı. Sözsüz ki, pandemiya ilə bağlı peşəkarlaşmışıq. Əsasnamədə də pandemiya ilə bağlı qeydlər var. Əgər, böhran gəlsə, ona hazırıq. Çalışarıq ki, olmasın, Allahın işidi. Məlumatımız var ki, yoluxma sayı artır. 19-da "Qarabağ" oynayır. Rəhbərlik nə göstəriş verərsə, ona əməl etmək borcumuzdu..

 

Mirbağırağa Cəfərli

Xəbər xətti