Polşa futbolunun əfsanəsi hesab edilən, millinin veteran qapıçısı Yan Tomaşevski Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”in “Qarabağ”a məğlubiyyətini şərh edib.
Sportal.az xəbər verir ki, Polşa mətbuatına danışan Tomaşevski Poznan klubunun Bakıdakı 1:5 hesablı məğlubiyyətində günahkar futbolçunun da adını çəkib.
“Super Express”ə müsahibəsində Polşanın futbol əfsanəsi Artur Rudkonun çıxışından narazılıq edib:
“Matçın 40-cı dəqiqəsindən sonra meydanda əsl fəlakət başladı. Bilirəm ki, matçın bir futbolçuya görə məğlub və ya qalib başa vurulduğunu demək doğru deyil. Amma indi bunu deməliyəm. “Lex”in Bakıdakı məğlubiyyətinin əsas səbəbkarlarından biri qapıçıdı. Poznandakı görüşdən sonra Rudkoya qiymət verməyimi istəmişdilər. Cavab verdim ki, o, yaxşı təəssürat yaratmır. Çünki asmalar zamanı topu iki yumruqla yalnız uzağa vururdu, güvən vermirdi. Rudko komanda yoldaşlarına elə qışqırırdı ki, sanki özü səhvsizdi, onlar dəhşətli idilər. Mən ondan daha yaxşı dayanardım qapıda. 40-cı dəqiqəyə qədər hər şey plan üzrə gedirdi, çünki heç-heçə bizə üstünlük qazandırırdı. Ardınca isə “Lex”in qapıçısı “Qarabağ”ın ikinci qolunda “assist”lik etdi. Bu, artıq onun özünə arxayın olmadığının siqnalını verirdi. Fasilədən sonra Kadi Borqesin uzaq məsafədən sadə zərbəsini tuta bilmədi. Orta səviyyəli qolkiper bu topu dişləri ilə tutardı. Bundan sonra matç praktiki olaraq başa çatdı. İlk cəhddə topu götürə bilməyəcəyini gördük.
1:5 hesablı məğlubiyyət haqda nə deyim? Polşa çempionu Mərkəzi Avropa təmsilçisinə uduzdu. Biz həmişə yalnız Polşa çempionatına ümid edirik. Mənə avrokuboklardakı nəticələri göstərin, çempionatın səviyyəsini sizə deyim. Bakıdakı nəticəni gördük, bu, əsl biabırçılıq idi".
Mirbağırağa