"Qəbələ"nin futbolçusu Məqsəd İsayev Sportal.az saytına müsahibə verib. Bölgə klubunun aparıcı üzvü komandasının Türkiyədəki toplanışını dəyərləndirib. Bununla yanaşı o, Konfrans Liqasında qarşılaşacaqları "Fehervar" barədə də danışıb.
- Komandanın Türkiyədəki toplanışını necə keçir?
- Hər şey yaxşıdı və qaydasında da gedir. Qarşıdakı oyunlara hazırlaşırıq. Bütün fikrimizi buna yönəltmişik.
- Bir yoxlama görüşündə uduzdunuz, digərində qalib gəldiniz. Oynadığınız iki yoxlama görüşü arasında öz oyununuzda hansı fərqlər var idi?
- İlk oyunumuz “Qaziantep”ə qarşı oldu. Bu, toplanışdakı ilk oyunumuz idi deyə, tam hazır deyildik. Amma buna rəğmən normal oynadıq. Rəqibimiz dördüncü yoxlama görüşünə çıxırdı. Bizdən üstün olduqlarını da deməzdim. Sadəcə ilk oyunumuz idi deyə, çatışmayan məqamlar oldu. Onları da ikinci yoxlama görüşümüzdə düzəltdik və qalib gəldik.
- "Qəbələ"ni Konfrans Liqasına hazır hesab etmək olar?
- Tam hazır olduğumuzu deməzdim. Çünki hazırlıqlarımız da davam edir. Allah qoysa, oyuna kimi daha yaxşı olacağıq.
- Konfrans Liqasındakı rəqibiniz olan "Fehervar"ın oyunlarını heç izləmisən? "Fənərbaxça"ya uduzdular, "Qalatasaray"a qalib gəldilər. "Qalatasaray"a qalib gəlməkləri sizi həyəcanlandırmırki?
- Xeyr, "Fehervar"ın oyunlarına baxmamışam. Lakin hesablardan xəbərim var idi. Təlim-məşq vaxtı oyun udmaları normaldı. "Fehervar" hansısa komandanı məğlub edib deyə, onlardan çəkinəsi deyilik. Onlara qarşı maksimum gücümüzlə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, Macarıstandan Bakıya yaxşı nəticə ilə qayıdaq.
- "Qəbələ" "Fehervar" səddini keçə biləcək?
- Niyə də yox? Xarakter göstərsək, hamımız bir-birimizə inansaq, hər şey alınacaq. Buna inanıram.
- Komandaya yeni qoşulan futbolçular haqda hansı fikirdəsən?
- Bəli, yeni gələn oyunçularımız var. Onların komandaya öyrəşməsi çox çəkmədi. Düşünürəm ki, hamısının komandaya xeyri dəyəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi