Ötən mövsümü Türkiyə birinci divizionunda yarışan "Keçiörengücü"ndə keçirən, amma oradan ayrılaraq "Sumqayıt"a keçən Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib. O, yenidən Azərbaycana qayıtmasından, məqsədlərindən söhbət açıb.
- "Sumqayıt" Azərbaycandakı toplanışı başa vuraraq Türkiyəyə yollandı. Ölkədaxili toplanışınız necə alındı?
- Azərbaycanda iki yoldaşlıq oyunu oynadıq. Hər ikisini də qələbə ilə başa vurduq. Ən əsası isə zədələnən olmadı. Ölkədaxili toplanışımız ümumi olaraq yaxşı keçdi. İstər oyunlarımız, istərsə də məşqlərimiz ürəyimizcəydi.
- Komandaya səninlə yanaşı yeni gələn legionerlər də var. Necə düşünürsən, legionerlərin gəlişi "Sumqayıt"ı daha da gücləndirəcək?
- Mən özüm də komandaya yeni gəlmişəm. Qarşımda hədəfim, məqsədim var. Allah qoysa, yaxşı komandamız olacaq, buna inanıram. Gələn futbolçular da gücümüzə güc qatacaq.
- Sırf sənin "Sumqayıt"a keçməyin çoxları üçün bəlkə də gözlənilməz oldu. Çünki karyeranı ölkə xaricində davam etdirəcəyin ehtimal edilirdi. Niyə ölkə xaricində qalmadın?
- Bəli, hər kəs üçün gözlənilməz oldu. Müqaviləmdə şərt var ki, ölkə xaricindən təklif gələcəyi təqdirdə, müqaviləmə xitam verərək komandadan ayrıla bilərəm. Məqsədim öncə "Sumqayıt"a kömək olmaqdı. Daha sonra isə yenidən legioner həyatı yaşamaq istəyirəm. Allah qoysa, bu da olacaq.
- Səninlə yanaşı Namik Ələsgərov, Emil Balayev də ölkəyə qayıtdı, xaricdə qalmadılar. Ümumiyyətlə, futbolçularımız niyə ölkə xaricində qala bilmir? Rəqabətə tab gətirmirsiz?
- Bunun rəqabətlə əlaqəsi yoxdu. Həm Namiq Ələsgərov, həm də mən klubumuzda yetərincə oynadıq, qollar da vurduq. Sadəcə olaraq, bəzi səbəblər var, bunları açıqlasam bəhanə kimi görünə bilər. Ona görə deməyim.
- Yaxşı, bəs yeni mövsümdən məqsədin nədən ibarətdi?
- Dediyim kimi, öncə "Sumqayıt"a xeyir vermək istəyirəm. Bu komandanın heyətində uğurlu olmaq niyyətindəyəm. Bununla yanşı isə yenidən Azərbaycan millisinə qayıtmaq istəyim var. Ən qısa vaxtda da ölkə xaricinə yenidən yollanmaq arzum var. Allah qoysa, bunların hamısını həyata keçirərəm.
Mirbağırağa