Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” matçından əvvəl ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı sabahkı oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb. O, öncə hazırlıqla bağlı danışıb:
"Hazırlaşmaq üçün 5-6 gün vaxtımız var idi. Çalışdıq ki, bundan maksimum istifadə edək. Rəqib barədə məlumatımız az idi. Son oyunlarına baxa bildik. "Yanq Boyz"a 0:4 uduzdular. Ancaq hesab bizi yanılda bilər. Biz çox yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, çox diqqətli oynayaq. "Sürix" fərqli sistemdə oynayırlar, fərqli hücum xətti var. Son illərdə daha çox diqqətli olmalı olduğumuz oyundu. Çalışacağıq ki, diqqətli oynayaq. "Sürix"i oyunun gedişində daha yaxından tanıyacağıq. Ötən mövsüm sona dörd tur qalmış çempion olublar, 89 qol vurublar. Bu da onların hücum xəttindən xəbər verir. Müdafiədə çox diqqətli olmalıyıq. Futbolçularımız öz oyunumuzu düşünməklə bərabər, həm də rəqibin əks-hücumlarına hazır olmalıdı.
- "Sürix"də ciddi dəyişikliklər olub, başqa məşqçi gəlib, əsas futbolçularla yollar ayrılıb. Bu, "Qarabağ"a üstünlük qazandırır?
- Dəyişikliklərin müsbət və mənfi tərəfləri olur. Baş məşqçisi dəyişən rəqibə də uduzmuşuq. Gələn məşqçi çox təcrübəlidi. Avstriya millisinin baş məşqçisi olub ki, bu da böyük təcrübə deməkdi. "Sürix" öz sistemindən əl çəkmək istəmir. Klub öz oyun fəlsəfəsini qoruyub-saxlayıb. Avropada klublar elə səviyyədədilər ki, gedən oyunçuların əvəzinə yeni oyunçu tapmaq çətin olmur. Onlar getməsəydilər də, bu kluba qarşı yenə də inamla çıxış edəcəkdik. Yeni məşqçiləri gəlib, daha da stimullaşıblar. Avropa klublarında o qədər də fərqi olmur. Bizdə 3-4 oyunçu getsəydi, təsir olardı. "Sürix"də isə demək olar ki, eyni heyətdi. Əsas qol silahları qalıb.
- Julio Romao haqda fikriniz necədi? Patrik Andrade ilə necə müqayisə edərdiniz onu?
- Onu cəmi bir dəfə görmüşəm. Bizdə heç vaxt elə fikir olmayıb ki, gedən oyunçunun yerinə mütləq kimisə gətirməliyik. Əlavə mövqelərdə bəzi oyunçulara ehtiyacımız var. Gətirdiyimiz oyunçuya desək ki, mütləq Andrade kimi oynamalısan, düz olmaz. Tip olaraq fərqli oyunçudu, adaptasiyası üçün vaxt lazım olacaq. Son 10-12 gün məşqə başlayıb keçmiş komandası. İnanıram ki, faydalı olar komandamıza. Çalışmışıq ki, bura gələn oyunçunun ustalıq səviyyəsini daha da yaxşılaşdıraq. Hər bir futbolçunun buna ehtiyacı var. Baxmayaraq ki, Avropa klubundan gəlib, hər bir halda Çempionlar Liqası, Avropa Liqası təcrübəsi tam başqadı, buna adaptasiya olmaq asan deyil. Onun haqda nə qədər danışsam da, siz onu canlı görəndən sonra daha doğru-düzgün hiss edəcəksiz.
- Komandada arxayınçılıq olacağından ehtiyatlanırsız?
- İnanmıram. Çünki yeni başlamışıq. Turnirin nə dərəcədə ciddi olduğunu bilirik. Çempionlar Liqası bütün turnirlərdən fərqlidi. Burada gərginlik çox olur, psixoloji, fiziki yorğunluq da var. Futbolçular hamısı bilir ki, arxayınlaşmaq olmaz. Bu, hamımızı narahat edə bilər. Amma çalışırıq ki, bnunu aradan qaldıraq. Çox istəyərdim ki, futbolçularım əvvəlki oyundan daha yaxşı oynasın.
- Artıq sabaha olan biletlərin hamısı satılıb. Hava da isti olacaq. "Qarabağ"ı sabahkı oyunun favoriti hesab etmək olar?
- Təbii ki, biletlərin hamısının satılması sevindirici haldı. Bu, azarkeşlərin bizə olan inamını, "Qarabağ"a olan marağını göstərir. Bu cür oyunlarda hansısa komandanı digərindən üstün saymaq istəmirəm, şanslar bərabərdi. Üstünlüyümüz odur ki, ilk oyunu Bakıda azarkeşlərimiz qarşısında oynayırıq. Narahat edən məqam isə, bəzən motivasiyanın həddən artıq çox olmasıdı. Belə olanda futbolçu "yana", böyük səhvlərə yol verə bilər. Sarı kartlar, qırmızı kartları nəzərdə tuturam. Azarkeşlər də istəyir ki, meydanda güclü mübarizə getsin. İstənilən halda, şansları bərabər sayıram. Rəqibimiz İsveçrə çempionudu. Amma azarkeşlərin bizlərlə olması xoşdu. Futbolçu azarkeş qarşısında böyüyür. Daha çox məsuliyyətli, daha istəkli, daha bacarıqlı, daha ürəkli olur. Bütün oyunlarımızda stadionun dolmasını istəyərdim. Daxili oyunlarda da həmçinin. Bu, inkişafın əsas rollarından biridi. Futbolçunu daha məsuliyyətli edir, məşqlərə, oyuna daha ciddi yanaşmasına töhvə verir. Bizim azarkeşlər bir nömrədi. Keçən dəfə də şahidi olduq. Hər birinə təşəkkür edirəm. Yenə də çalışacağıq ki, uduzsaq belə, azarkeşlər oyundan razı getsinlər, mübarizəni görsünlər.
Mirbağırağa