Türkiyə klubunun baş məşqçisi: "Sürix" güclü görünə bilər, amma "Qarabağ"ın 10 illik avrokubok təcrübəsi var"

16:14 - 19 İyul 2022

"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Sportal.az saytına açıqlama verib.

Türkiyənin "1461 Trabzon" klubunun baş məşqçisi olan türkiyəli mütəxəssis Ağdam klubunun Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışını qiymətləndirib.

Ak, komandanın ÇL-in ikinci təsnifat mərhələsində "Sürix"ə qarşı görüşdəki şanslarını da qiymətləndirib:

"Qarabağ"ın "Lex"i keçməsi mənim üçün sürpriz olmadı. Çünki "Qarabağ"ın yaxşı komanda olduğunu və "Lex"i udacağını ehtimal etmişdim. İlk matçda uduza bilər komanda. Ancaq "Qarabağ"ın ikinci görüşə yaxşı hazırlaşdığını düşünürəm.

"Sürix"lə görüşə gəldikdə, onlar çox yaxşı komandadı. Mən "Göztəpə"də işləyəndə, yoxlama matçında bizi 6:0 məğlub etmişdilər. "Sürix" İsveçrənin çox önəmli klubudu. Bu turda "Qarabağ"ın işi çətin olacaq. Futboldur da, kim yaxşı oynasa, qalib gələcək. İlk matçın Bakıda olması önəmlidi. Sadəcə səfər qolunun önəmliyi qalmayıb. Bu mənada, ikinci matçın İsveçrədə olması "Sürix" üçün üstünlükdü. “Sürix” “Qarabağ”la müqayisədə daha güclü görünə bilər. Amma "Qarabağ”ın 10 illik avrokuboklar təcrübəsi var. Ona görə də şərtlər eynidi".

Türkiyəli mütəxəssis Ağdam təmsilçisinin 2022/223 mövsümündə avrokuboklarda qruplara qalacağına inandığını söyləyib: "Çempionlar Liqasının qrup mərhələsinə qalmaq çətin olacaq. Doğrudu, "Qarabağ" "Sürix"i keçsə, ÇL-in də qrupuna qala bilər. Avropa Liqası və Konfrans Liqası da mümkündü".

Xəbər xətti