"Matçın ədalətli nəticəsi "Qarabağ"ın üç top fərqi ilə qalib gəlməsi olardı"

14:19 - 20 İyul 2022

"Qarabağ"ın veteran futbolçusu Mübariz Orucov Sportal.az saytına müsahibə verib. 2001-2006-cı illərdə Ağdam klubunun şərəfini qorumuş Orucov "Qarabağ"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışını dəyərləndirib.

- "Qarabağ" ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyununda "Sürix"ə 3:2 qalib gəldi. Komandanın oyununu necə dəyərləndirirsiniz?
- “Qarabağ” pis oynamadı, oyuna da yaxşı başladı. Düşünürdüm ki, oyunun ilk dəqiqələri ağır keçəcək. Amma əksinə oldu. Matç “Qarabağ” üçün yaxşı alındı. İlk hissədə 2:0 önə keçdilər. Halbuki daha çox qol vura bilərdi “Qarabağ”. Ancaq sonda matç 3:2 bitdi. Ümumilikdə “Qarabağ” oyunu yaxşı səviyyədə keçirdi.

- 3:2 hesabı “Qarabağ”ın növbəti mərhələyə adlamaq şanslarını nə dərəcədə yüksəldir?
- Mərhələni hansı komandanın adlayacağına gəldikdə, hələ heç nə bitməyib. Qarşıda ikinci oyun var. Elə hər şey Sürixdəki oyunda həll olunacaq. “Sürix” doğma divarlar arasında oynayacaq, bunun da öz üstünlükləri var. "Qarabağ"ın səfərə ən azından iki top fərqilə üstünlüklə getməsini istəyərdik. Mənə elə gəlir ki, 1 top üstün olmaq da pis deyil. İnanıram ki, “Qarabağ” səfərdə də rəqibindən üstün oyun göstərərək mərhələni keçən tərəf olacaq. Düzdü, çətin olacaq. Amma ümid edirəm ki, “Qarabağ” yenə də gözəl oyunla mərhələni keçəcək.

- İlk yarıda “Qarabağ” rəqibindən üstün futbol oynadı. Sizcə, fasilədən sonra nə dəyişdi ki, isveçrəlilər “Qarabağ”a iki qol vura bildi?
- Oyun “Qarabağ” üçün yaxşı başlamışdı. Daha da çox qol vurmaq olardı. İkinci yarıda rəqib iki qol vurdu, “Qarabağ” bir qol. Qollardan biri oyundankənar vəziyyətdən, ikincisi penaltidən vurdular. Dəyişiləsi böyük bir şey olmadı. "Sürix" də elə-belə komanda deyil, təslim olmurdular. İkinci yarıda toparlandılar, sürətlərini artırdlar qollarını vurdular.

- “Sürix”in baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında matçın ədalətli nəticəsinin 3:3 və ya 4:4 olduğunu bildirib....
- Xeyr, Franko Fodanın fikirlərilə razılaşmıram. Matçın ədalətli nəticəsi "Qarabağ"ın 3 top fərqi ilə qalib gəlməsi olardı. 

​- Son vaxtlar tez-tez təndiq edilən İbrahima Vadjinin dubl etməsi barədə fikriniz necədi?
- Vadji yaxşı hücumçudu. Bundan qabaq Norveç çempionatında oynayırdı, qollarını vururdu. Hücumçuya xas olan xüsusiyyətləri var. Hər futbolçu yeni klubunda adaptasiya dövrünü müxtəlif cür keçirir. Tez adaptaisya olan da var, gec adaptasiya olan da. Fikirmcə, Vadji artıq “Qarabağ”a uyğunlaşmaq üzrədi. Dünən vurduğu iki qolun gələcək oyunlarına müsbət təsiri olacaq.

- İsveçrədəki matçda “Qarabağ”ın necə oynayacağını ehtimal edirsiniz? Qurban Qurbanov səfərdə hesabı qoruyub-saxlamaq üçün oynamayacaqlarını bildirib....
- Bəli, Qurban müəllimin fikirlərilə tanışam. “Qarabağ” öz oyun üslubuna sadiq qalacaq. Öz oyunlarını oynasalar, mərhələni keçən tərəf onlar olacaq. “QarabaĞ”a uğurlar arzulayıram. inşAllah yaxşı olar.

Mirbağırağa

Xəbər xətti