Bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Zirə" - "Makkabi"(Tel-Əviv) görüşündən əvvəl ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis sabahkı matçla bağlı danışıb:
- Qismətimizə "Makkabi" çıxıb. Uzun zamandır oyuna hazırlaşırıq. Amma hazırlığımız sırf "Makkabi" oyunu üzərində qurulmayıb. Mövsümü Konfrans Liqası ilə açırıq. Amma bizi çox vacib çempionat gözləyir. Hazırlıq planını həm çempiponat, həm də "Makkabi" oyunlarını düşünərək qurmuşduq. Hazırlığımız yaxşı keçib. Çox razıyam. Təbii ki, ilk oyunda komandamızın ideal formada olmasını düşünmək yanlışlıq olar. Sabah kimin meydanda daha hazırlıqlı olması vacib olacaq. Pozitiv nəticəyə köklənmişik. Son bir gün qalıb. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq.
- "Makkabi"nin oyununa gedib baxdınız. Təəssüratlarınız necədi?
- Canlı izləmək istədim "Makkabi"ni. Baş məşqçiləri dəyişmişdi. Bir də toplanışda rəqib haqda çox məlumat toplamaq olmurdu. Ona görə də bildikdə ki, ayın 14-də kubok oyunları var, canlı görmək istədim. Çox yaxşı oldu ki, səfərə getdim. Səmərəli keçdi. Daha yaxından tanıdım "Makkabi"ni. Hansı oyunçunun hansı formada olmasını bilmək üçün vacib idi. Nə qədər yaralı oalcaq ya, yox zaman göstərəcək.
- Rəhim Saıdqov hansı mövqedə faydalı ola bilər?
- Hər bir məşqçiyə xoş olar ki, hər futbolçu 2-3 mövqedə oynasın. Bu, rotasiyalar üçün əlverişli olur. Rəhim müxtəlif sistemlərdə oynaya bilir. Universallığından mövsümboyu istifadə edəcəyik. Sabahkı oyunda isə baxacağıq.
- Rüstəm Əhmədzadənin hazırlıq durumu nə yerdədi? Hansı mövqedə daha yaxşıdı?
- Gəncdi, perspektivlidi. Bir çox komandalarda olur ki, daha az oynayan futbolçunu heyətində görmək istəyirsən. İnkişafı üçün də faydalı ola bilərsən. "Qarabağ"da hücumda rəqabət böyükdü. "Qarabağ"a transfer olmamışdan əvvəl də istəyirdim onu komandamda görüm. Menecerləri bildirdi ki, yalnız "Qarabağ"a getmək istəyir. Bu dəfə danışdıq, razılaşdıq. Üç mövqedə oynaya bilir. Rüstəmdən də müxtəlif pozisiyalarda istifadə edəcəyik. Daha çox hücumçu kimi yararlanacağıq.
- "Zirə" çox transfer etmədi. Komandanın sütunu var deyə olmadı, yoxsa istəmədiniz? Avrokuboklarda dayansanız, sonra transfer olacaq?
- Transferlər avrokuboklarla bağlı deyil. Planımız 4-5 oyunçu transfer etməkdi. Hələ ki, seleksiyamız uğursuzdu. Mənim üçün vacib olan futbolçularımın nə yerdə olmasıdı. Biz bu komanda ilə kubokda, çempionatda uğurlu çıxış etmişdik. Bir az da uğurlu olsaydıq, medalımızın əyarı da fərqli olardı. Futbolçularıma güvənirəm. Heyətimizi genişləndirmək istəyirik. Oyunların da sayı artıb. Rəqabət də vacibdi komandada. Kəmiyyət baxımından problem yaşayırıq. Amma keyfiyyət baxımından problemimiz yoxdu. Futbolçularıma güvənirəm. "Makkabi" ilə oyunlarda transferlərin yubanması hiss olunmaz inşallah.
- Slavik Alxasovu Təmkin Xəlilzadənin ilk oyunda cəza səbəbindən oynamayacağına görə aldınız, yoxsa necə?
- "Sabah"a transfer olmamışdan əvvəl onu düşünürdüm komandamda. Amma o vaxt seçimi "Sabah"dan yana oldu. Bəyənirəm onu. Təmkinin cəzalı olması ilə əlaqəsi yoxdu. Həssas mövqelər var ki, orada iki futbolçu istəyirsən. Cinah oyunçularımız çoxdu. Rahatlıqla digərlərindən istifadə edə bilərik. Müəyyən oyunlarda, Təmkin cəzalı və ya zədəli olduqda Qismət Alıyev məcburiyyətdən solda oynayırdı. O demək deyil ki, Qismət oynamaycaq solda. Sadəcə cinah müdafiəçilərində seçim böyükdü.
- Rüstəm "Qarabağ"da potensialını aça bilmədi. Sizcə, orada ona nə mane oldu?
- Böyük komandaya gəldikdə hansısa problemlər yaşaya bilərsən. Əsas olan sənin verəcəyin reaksiyadı. Onunla danışdım, pozitiv reaksiya gördüm. İnadkarlığı ilə çıxışını davam etdirsə, heyətdə də problem yaşamayacaq. Gələcəkdə də "Qarabağ"ın aparıcı oyunçularına çevrilə bilər.
- Baş məşqçi kimi avrokuboklarda debüt edirsiz. Mərhələ keçsəniz, PFL-ə hansısa oyunu təxirə salmaq üçün müraciət edəcəksiz?
- "Qarabağ" qruplara düşdükdə də bunu minimuma endirib. Bunun tərəfdarı deyiləm. "Makkabi"ni keçək düşünərik bu haqda. Heyətimiz kasaddı. Bu, sonranın söhbətidi. Əsas məqsəd "Makkabi" oyunudu.
- Mərkəz hücumçusu olmaması sizdə narahatçılıq yaradır?
- Sabah oyunumuz var. Detallı danışa bilmirəm. Rüstəmi də mərkəz hücumçusu kimi bəyənirəm. Keyta və Rəhim də yalançı forvard kimi çıxış edə bilər. Hazırda hücumçu ilə bağlı problemimiz yoxdu. Rüstəmin də gəlişi ilə narahatçılığım yoxdu. Paxtman tam formada olsaydı, Təmkin də cəzalı olmasaydı daha çox seçimimiz olardı. Rüstəmə və Paxtmana güvənirəm. Universal futbolçuları xoşlayıram. Müyyən rotasiyalarla rəqib üzərində üstünlük yarada bilirsən. Futbolçuları seçəndə bu amilə diqqət yetirirəm.
- Ayzaya ilə yollarınızı ayırdınız. Nəyə görə belə oldu?
- Mərkəzə transfer etməyi düşünürük hazırda. Say olaraq azıq mərkəzdə. Ayzaya gəldikdə, potensial və bacarıq olaraq yaxşıdı. Bəyənirdim. Amma müəyyən şeylər var ki, komandamda həmin amillər çox vacibdi. İstedadlı ola bilərsən, ilk növbədə digər məsələlərdi. Ona görə anlaşılmazlıq olurdu. Normal yollarımızı ayırdıq. Uğurlar arzuladım. O da məni başa düşdü. Brayan Alseusda tam başqa problem idi. İndi də ona güvənirəm. Şəxsi problemləri var idi. Daim fikirliydi, qayğılıydı. İşinə köklənməsinə mane olurdu. Opertiv qərarlar qəbul etməliydik. Biri var, gənc azərbaycanldı, başqa cür davranırsan. Gələn legionerdən isə nəticə istəyirsən. Mənə ağır gəlir hansısa futbolçunu oynatmamaq. Mövsüm boyu hər bir futbolçuya şans vermək istəyirəm. Çünki insanlar işinə sevərək gəlir. Futbolçudan oynamağı tam aldıqda ondan sevgini alırsan. Sezon boyu futbolçunu oynatmayacamsa, ona bildirirəm. Potensial olaraq çox yaxşıdı. Xarakterində də ciddi problem yox idi. Hər şeyi açıb demək olmur. Mən bir az fərqli tipli oyunçular xoşlayıram. CV olaraq bir çox futbolçularım nə tanınmış, nə məşhurdu. Əvvəlki komandalarına lazım olmayanlar çoxluq təşkil edir. Amma ürəkli oynamalarına görə seçirəm.
- Cütün favoriti "Makkabi" göstərilir. Siz sabahkı oyuna komandanızı hazır hesab edirsiz?
- Mən hazır olduğumuzu hesab edirəm. "Makkabi"ni favorit hesab etmək normaldı. Təcrübələri var. Vacib olan kimin meydanda necə hazır olması olacaq. Uzun planlar qurmuruq. Məni sabah 90 dəqiqə maraqlandırır. Hər saniyəsi, dəqiqəsi maraqlandırır. Maksimum diqqətli olmalıyıq. Ondan sonra gedişata baxacağıq. Şansları bərabər görürəm. Bizim də yaxşı şanslarımız var. Hər şey düşündüyümüz kimi getsə, futbolçularım yaxşı oyunlarından birini göstərsələr, biz "Makkabi"ni təəccübləndirə biləcəyik.
- Potensial rəqiblərdən ən güclüsü düşdü "Zirə"yə. Sizcə, bu şans idi? Çünki vaxtilə "Qarabağ" "Rosenborq" səddini keçərək, hazırda bu səviyyəyə gəlib. Bu cür rəqiblə düşmək sizcə şansdı növbəti səviyyəyə çatmaq üçün?
- "Makkabi" üzərində qələbə komandanı yeni səviyyəyə çıxara bilər. 30 rəqib var idisə, 25-i güclü idi. Mən rəqibi seçmirdim. Oynayanda da seçmirdim. Püşkün önəmi yoxdu. Zəifə də uduza bilərsən, güclüyə də qalib gələ bilərsən. Vacib olan oyuna hazırlığın və hədəflərindi.
- Ruslan Abışova şans verəcəksiz?
- Ruslanı keçən il də bir çox oyunlarda şans verməyi planlaşdırırdım. Usta və təcrübəlidi. Oyunlarda iştirak etməsə də, komandamızın aparıcı oyunçusudu. Kollektivdə bu cür oyunçular çox önəmlidi. Keçən il bəzən Cəlala istirahət vermək, Ruslanı oynatmaq istəyirdim. Ruslan zədəlidi, bizdən ayrı qalacaq. Bu da bizim üçün itkidi. Hər bir futbolçuya şans vermək istəyirəm, şans verə bilmədiyim oyunçulara görə üzülürəm.
- "Qarabağ"ın qələbələri "Zirə"yə motivasiya verir?
- Onların həm qələbəsi, həm oyunu tək bizim klublar üçün yox, həm də dünya klubları üçün nümunədi. Bu, futbolda məığlubedilməz komandanın olmadığını göstərir. Təbii ki, qələbələr asan başa gəlmir. "Qarabağ" yaxşı oynayır, deyirlər, bu rəqibi keçmək olar, ya keçiləsi rəqibdi. İnandırım sizi, "Qarabağ"ın üstünlük yaratdığı rəqiblər bizim liqada tam başqa üstünlük yaradardı. “Qarabağ”ın qələbəsi hər bir azərbaycanlını sevindirir. Dünənki matç da möhtəşəm idi. Fərqli nəticə olmalıydı. "Qarabağ" və Qurban Qurbanovun istər millidə, istər klubda belə hadisələr çox başına gəlib. Əminəm ki, bu vəziyyətdən düzgün çıxış yolu tapıb cavab oyununda vacib qələbə qazanacaq. Bu amillər bütün klublarımız üçün, dünya futbolu üçün motivasiyadı. Balaca büdcə ilə, məşhur olmayan liqadan çıxmış klubun beynəlxalq arenada bu cür çıxışı hamı üçün stimul və məktəbdi.
Mirbağırağa
saytlarin hazirlanmasi