"Qəbələ"nin hücumçusu Ülvi isgəndərov Sportal.az saytına müsahibə verib. O, komandasının bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Fehervar"a qarşı keçirəcəyi oyunu barədə danışıb.
- Hazırda komandada vəziyyət necədi? Atmosfer, ab-hava qaydasındadı?
- Komandada hər şey yaxşıdı. Atmosfer də yüksək səviyyədədi. Əhval-ruhiyyəmiz də əladı.
- Komanda Türkiyədən birbaşa Macarıstana uçdu. Ümumiyyətlə, “Qəbələ”ni həm bu oyuna, həm də ümumilikdə Konfrans Liqasına hazır hesab etmək olar?
- Türkiyədə yaxşı toplanış keçmişik. Ümid edirəm ki, yaxşı olacaq hər şey. Keçdiyimiz toplanış xeyrimizə olacaq. Çünki toplanışımız çox yaxşı alındı.
- “Fehervar”ın oyununu izləmisən? Bu yaxınlarda “Fənərbaxça”, ardınca da “Qalatasaray”la oynamışdılar...
- Əlbəttə ki, “Fehervar”ın iki oyununu da izləmişəm. Rəqibimiz çox yaxşı komandadı. Amma keçiləsi rəqibdi. Biz də çox yaxşı komandayıq. Bu gün əlimizdən gələni edəcəyik.
- “Fehervar”ı səfərdə məğlub etməyiniz realdı?
- Futbolda hər şey ola bilər. İndiki halda nəsə demək çətindi. Ancaq biz əlimizdən gələni edəcəyik.
- Çempionat oyunlarında meydana sonradan daxil olaraq qollarını vururdu. Eyni ssenari avrokuboklarda da davam edə bilər?
- Mən hər oyun qol vuracağıma inanıram. İstəyir çempionat, istəyir avrkuboklar olsun, hər zaman qol vuraraq komandama kömək etmək istəyirəm. “Fehervar”la oyunda da alınarsa, qol vurmaq istəyirəm.
- “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı, Polşa və İsveçrə çempionlarını məğlub etməsi sizə motivasiya verir?
- “Qarabağ”ın uğurlu çıxışına hamımız sevinirik. Allah qoysa, Çempionlar Liqasında yenidən qrupda mübarizə aparar. Əlbəttə ki, “Qarabağ”ın qələbələri hamımız üçün böyük motivasiyadı.
Mirbağırağa