Rəşad Sadıqov: "Bu gün komandamın yeni səviyyəyə çıxdığını gördüm"

22:36 - 21 İyul 2022

"Zirə" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda "Makkabi"yə 0:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Həlledici məqam beş dəqiqəyə buraxdığılmız iki qol oldu. Çətin məqamları keçmişdik. Rəqibin pressinqi aşağı düşmüşdü. Buraxdığımız iki qol belə alındı. Futbolçularım həvəsdən düşmədi. Yeganə fərqimiz son vuruşdaydı. Çünki bizim də qol imkanlarımız oldu. Rəqib səhvlərimizdən qol vurdu, biz isə kombinassiyalı hücumlar etdik. Dəqiq olsaydıq, fərqli gedişat görə bilərdik. İkinci yarıda buraxdığımız qol da üzücü oldu. Futbolda olan şeylərdi. Bizim başımıza gəldi. Uşaqlar sona qədər mübarizə apardılar. Qol vurmağa çalışırdılar. Fürsətlərdən istifadə edə bilmədik.

 

- Avrokuboklarda rəqibin təcrübəsinin çox olması bu oyunda nə dərəcədə rol oynadı?

- Təcrübə önəmlidi. Amma "ucuz" qollar buraxdıq. Komandama inanırdım. Sadəcə səhvlər olmasaydı, tam fərqli oyun gedəcəkdi. Bu gün komandamın yeni səviyyəyə çıxdığını gördüm. 90 dəqiqə mübarizə apardılar. Rəqibin bəzi epizodlarda gücü və ustalığı görünürdü. Bu yolu davam etsirsək, yaxın gələcəkdə tam başqa səviyyəyə çatacağımıza inanıram.

 

- Analiz etdiyiniz rəqiblə bugünkü rəqib arasında fərq var idi?

- Nə görmüşdük, nə danışmışdıq elə oldu. Fərqli, dağıdıcı oyun oynaya bilərdik. Rəqib üzərində üstünlük yaratmaq istəyirdik. Bunu edirdik, belə rəqiblərlə səhv buraxmaq limitin yoxdu. Səhvsiz də mümkün deyil. Rəqibi necə gözləyirdim, onu da meydanda gördüm.

 

- Ümumi nəticə ilə barışdınız? Səfərə hansı ümidlə gedəcəksiniz?

- Hesab böyükdü. İkinci yarıda 2-1 etməyi fikirləşirdik. Əlimizi aşağı salıb getməyəcəyik. Hazırlaşcağıq ki, səfərdə layiqli mübarizə aparacaq.

 

- Cəlal Hüseynov niyə oynamırdı?

-Rəqabətdi. Kim güclüdü o da oynayacaq. Bu dəfə Nemanya Ancelkoviç və Dimitrios Çantakias ikilisinə güvəndim. Başqa səbəb yoxdu.

 

- Dediniz son vuruşlarda nəsə çatışmırdı. Hamidu Keyta isə cinahda daha effektliydi. Sırf bu oyunda mərkəz hücumçusunun yoxluğu nə dərəcədə təsir etdi oyunuza?

- Rüstəmdi mərkəz hücumçusudu. Paxtman var, Mirsayib var. Keytanı solda oynatmağı planlaşdırıram. Düşünürdük ki, Rəhim mərkəzə daxil olub, ara ötürmələrini versin Keytaya. Məşqlərdə effekt verdi. Keyta solda effektli oldu, Rüstəmi önə atdıq. Hücumda rotasiyalar etmək istəyirdik. Əsas problem hücumçu ilə bağlı deyildi. Uşaqlar yaxşı futbol oynadı. Mənim üçün vacib olan oyundu, hesab ikinci dərəcəlidi. Oyun varsa, nəticə gələcək. Oyun zaman tələb edir.

 

- Düşünmürsüz ki, Rəhimin oyuna çox köklənməyi bugünkü oyununa təsir göstərdi? Çünki Rəhimdən əvvəlki oyununun görmədik...

-  Rəhimdən maraqlı oyun gördüm. Əvvəldə hamıda top itkiləri oldu. Dəqiqələr ötdükcə, maraqlı gedişatlar edirdi. Topla oynayırdı, topsuz pressinq edirdi. Fikirlə razı deyiləm. Kənardan elə görünə bilər.

 

- Slavik Alxasovu daha tez buraxmaq olardı meydana?

- Oyundan qabaq da düşünürdük. Toplanışda da Slavik sağda idi, Qismət solda. Müəyyən detallar var idi ki, bu heyətə üstünlük verdik. Oyuna daxil olduqdan sonra canlandırdı oyunu.

 

- Düşünmürsüz ki, ehtiyat qüvvənin azlığı çempionatda çətinlik yaradacaq sizə?

- Heyətimizi genişləndirməyi planlaşdırırıq. Heyəti daha çox gənclərdən komplektləşmişik. Yəni, ehtiyat qüvvəni deyirəm. Heyəti mütləq genişləndirməliyik. Olmasa, problemlər yaşaya bilərik. Zədələr, cəzalar, yorğunluq var.

 

- 2001-ci ildə oyunçu kimi avrokuboklarda "HİT-Qoritsa"ya qarşı debüt oyunu və bu gün baş məşqçi kimi avrokuboklardakı debütünüz. Hansı fərqlər var idi?

- O vaxt gənc idim, çox düşünmürdüm. Məşqçilər də şans verirdi, böyük həvəslə də oynayırdım. Yaxşı oyunlarımdan birini keçirdim. Bu gün daha məsuliyyətli idim. Rəqib də fərqli idi. Kənarda qalırsan, çox oyuna müdaxilə edə bilmirsən. O da insanı gərginləşdirir. Meydanda olsan bu qədər stress hiss etmirsən.

 

- Meydana buraxdığınız heyət də sanki dağıdıcı idi. Plan nə idi?

- Düşünmürəm ki, Coşqunun əsas keyfiyyəti dağıdıcılıqdı. Arxadan oyunumuzu onun üzərində qururuq. Toplanışda Mohammad Hamdiu zədələndi, buraxdı oyunları. Rəqibə pressinq tətbiq etmək istəyirdik. Ondan sonra daha hücumameyilli oyuna keçəcəkdik. Niyyətimiz dağıdıcı futbol oynamaq deyildi. "Qarabağ"la oyun tam fərlqi plan idi, bu gün tam fərqli. Bu gün dağıdıcı oyun planı qurmaq fikrimiz yox idi.

 

- Rüstəm Əhmədzadə haqda fikriniz necədi?

- Bir illik müqaviləmiz var. Bu gün də meydanda yaxşılardan idi. Özünü çox yaxşı tərəfdən göstərdi. Potensialı yüksəkdi. Daha çox oynayıb, daha çox şans alaraq təkmilləşməlidi. Rəqib müdafiəsinə təhlükə yaradan oyunçu idi. Keyta və Rəhim də yaxşı oynadı. Razı qaldım onlardan. Planımızda onun mövqeyinə oyunçu gətirib, özünü ehtiyatda oturtmaq fikrimiz yoxdu. Üç mövqedə oynaya bilir. Ehtiyatda oturtmaq niyyətimiz yoxdu.

 

- Komandada yeni legionerlər görəcəyik?

- Hazırda çempionatda legioner limiti yeddidir. Rəqibləri də nəzərə almaq lazımdı. Mənim üçün fərqi yoxdu. Bu gün meydanda 8 yerli var idi. Amma heyəti genişləndirməyə ehtiyacımız var. Elə yerlilər var ki, götürə bilmirəm, müqaviləsi olan var, maddi cəhətdən yaxşı təklifləri var, rəqabətə girə bilmirik. Məcburuq ki, heyəti legionerlə genişləndirək. Hələ ki, bir legioner gətirməmişik. Planımızda 4-5 legioner var idi.  İstəmirəm necə gəldi, kimi gəldi gətirək. Olacaq götürəcəyik, olmayacaq götürməyəcəyik.

 

Mirbağırağa

Xəbər xətti