"Hər şey maliyyə ilə bağlıdı, amma komandamız Premyer Liqada döyüşə biləcək gücdə olacaq" - MÜSAHİBƏ

13:00 - 24 İyul 2022

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Sportal.az saytına müsahibə verib. Təcrübəli məşqçi komandasının hazırlıq prossesini dəyərləndirib. Bununla yanaşı o, "Kəpəz"in yeni mövsümə hazır olub-olmamasından söz açıb. 

- Son olaraq “Şamaxı” ilə yoxlama görüşü keçirmişdiniz. Komandanın nümayiş etdirdiyi oyundan razı qaldınız?
- İlk hissədəki oyunumuzdan razı qalmadım. Çünki topa nəzarət edə bilmirdik. Ancaq ikinci yarı üçün tapşırıqlar verdik və uşaqlar da yerinə yetirməyə çalışırdı. Bu ərəfədə uşaqlar üçün də çətindi. Çünki yükləmələr çoxdu. Bunu da nəzərə almaq lazımdı. Amma ikinci hissədəki oyunumuzdan razı qaldım. İlk yarıda isə alınmırdı oyunumuz.

- Komandanı Premyer Liqaya nə dərəcədə hazır hesab edirsiz?
- Çətin sualdı. Neçə faiz hazır olduğumuzu demək çətindi. Amma mənə elə gəlir ki, komandamız döyüşə biləcək gücdə olacaq.

- Başlayaq qapı mövqeyindən...
- Orxan Sadıqlını götürdük komandaya, Kamran İbrahimov və Müşviq Nadirov da var idi. Hamısı normaldı, onlara güvənirəm.

- Bəs, müdafiə xətti?
- Yeni oyunçularımız var. Yaxınlarda mərkəz müdafiəçisi transfer edəcəyik. Yox, mətbuatdan tanımırsınız. Legioner olacaq.

- Tam istədiyiniz futbolçuları gətirə bilmisiz, yoxsa daha yaxşı legionerlərlə, daha yaxşı komanda qurmaq istəyərdiniz?
- Hər şey maliyyə ilə bağlıdı. Baxırıq futbolçulara, bəyənirik, təklif edirlər, istədiklərimiz olur ancaq maliyyədə razılaşmaq olmur. Məhz bu məsələ bizdə çətinlik yaradır.

- Premyer Liqanın son qalibi “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələlərində rəqiblərinə qalib gəlir. “Lex”i 5:1, “Sürix”i 3:2 məğlub etdilər. Bu cür komandalar onlar qarşısında tab gətirə bilmir, çempionatda “Kəpəz” necə edəcək?
- Təkcə “Kəpəz” yox, bütün klublarımız üçün çətinlik törədəcək “Qarabağ”. Onlara avrokuboklarda uğurlar arzulayıram. "Qarabağ"la oyunlarda çalışacağıq ki, maksimum gücümüzü meydanda qoyaq.

- Fərid Nəbiyevlə də müqavilə imzaladınız. Çexiyadan qayıdıb. Onun durumu necədi?
- Hələ ki, o dərəcədə hazır deyil. Çexiyada məşqlər qutardıqdan sonra bir müddət Bakıda oldu. Bizə Bakıdakı toplanışda qoşulub.

- Premyer Liqadakı ev oyunlarınızı Gəncədə keçirəcəksiniz, yoxsa necə?
- Tribunalar yaxşı vəziyyətdə deyil. Amma meydança əla durumdadı. Mən elə başa düşürəm ki, ev oyunlarımızı Gəncədə keçirəcəyik. Əgər, bugünkü gündə çempionata bölgə komandası gəlibsə, yenidən gəlib Bakıda oynamaq doğru alınmır.

- Kəpəz” ölkə xaricində toplanış keçməyəcək. Bunun hazırlığınıza hər hansı təsiri olacaq?
- Əlbəttə ki, mənfi haldı. Son dəfə “Şamaxı” ilə oynadıq. İndi divizion komandaları qalıb ki, məşq edən onlardı. Məcbur qalıb, onlarla oynayacağıq. Əlbəttə ki, ölkə xaricinə getsəydik, üç oyun da oynasaydıq yaxşı idi. Yeni yığılmış komandayıq, xətlər arası əlaqələr var. Məşqlərdə istədiyini edirsən, amma oyunda tam fərqlidi.

- Özünüz 40 yaşına qədər futbol oynamısınız. Hazırda sizin komandada Rauf Əliyev və Əfran İsmayılov kimi ağsaqqal sayılacaq futbolçular var. Onlar həmin funksiyanı həm meydanda, həm kənarda yerinə yetirə bilirlər?
- Onlar həm paltardəyişmə otağında, həm də meydanda özlərini ağsaqqal kimi göstərməlidi. Oyunları ilə cavanlara da nümunə olmalıdılar.

- Gəncə fanatlarına sözünüz nədir?
- Yaşar oldu, ya başqası “Kəpəz” var və həmişə olacaq. Onlar da öz dəstəklərini versinlər. Futbolçular onların dəstəyindən ruh almalıdı.

- Ötən mövsüm birinci divizionda oynayırdınız. Hazırki komanda diviziondakı “Kəpəz”dən nə qədər güclüdü?
- Fərq çoxdu. Bu, futbolçuların ustalıq səviyyəsi, fiziki hazırlığından da görünür. Birinci divizionda çoxu gənclər idi, burada artıq təcrübəlilər var. Düzdü, gənclər də var. Təcrübəlilərlə gənclərin vəhdəti olanda yaxşı alınır.

Mirbağırağa

Xəbər xətti