"Qurban Qurbanov bütün futbolçulara olduğu kimi mənə də öz məsləhətlərini verdi" - MÜSAHİBƏ

20:12 - 25 İyul 2022

"Qarabağ"dan ayrılaraq "Şamaxı"ya keçən U-21 yığmasının kapitanı Rauf Hüseynli Sportal.az saytına müsahibə verib. Müdafiəçi Ağdam klubundakı karyerasından razılıq bildirərək, yeni komandasındakı hədəflərindən söhbət açıb.

- "Qarabağ"dan ayrılmamışdan qabaq Qurban Qurbanov səninlə söhbət etdi? Hansısa məsləhətlərini verdi? 
- Bəli, Qurban Qurbanov bütün futbolçulara olduğu kimi mənə də futbol haqda öz məsləhətlərini verdi. Futboldan kənar isə intizama diqqət etməyimi məsləhət gördü. Bəli, böyüklərimizlə, məşqçilərimizlə məsləhətləşib, mənim üçün xeyirlisinin "Şamaxı"ya getmək olduğu qərarına gəldik. Hər halda orada daha çox oyun praktikası toplayacam.

-  Sənin üçün "Qarabağ"dan ayrılmaq çətin oldu? Yeri gəlmişkən, icarəyə yollana bilməzdin, niyə birədəflik ayrıldın?
- Artıq beş ildir ki, "Qarabağ"da oynayırdım. "Qarabağ" mənim ailəm kimiydi. İcarə barəsində məşqçilər öz aralarında məsləhətləşdilər. Düzgün bildikləri qərarı verdilər.

- "Şamaxı"dakı vəziyyət necədi, məşqlər necə  gedir? Hər şey səni qane edir, gözlədiyin kimidi?
- Burada hər şey yaxşıdı. Hər şeydən də razıyam. Fikrimi tam olaraq futbola yönəltmişəm. Burada inkişaf etmək üçün hər cür şərait var.

- "Şamaxı"dakı əsas məqsədin nədən ibarət olacaq? Necə düşünürsən, qarşıdakı illərdə "Qarabağ"a aparıcı futbolçu kimi qayıda biləcəskən?
- Əsas məqsədim özümü məşqçilərə sübut edib, oyun şansı qazanmaq və inkişaf etməkdi. Gələcək barədə danışmaq üçün tezdi. İndi fikrim tam olaraq buradakı məşqlərdə və gələcək oyunlardadı.

- "Qarabağ"dakı karyeranı necə xatırlayırsan? Bu klubdakı karyeran səncə istədiyin kimi alındı?
- "Qarabağ" haqda ancaq xoş sözlər deyə bilərəm. Məşqçi və işçi heyətinin hərəsinin məndə öz xətri, öz yeri var. Mənim üçün çox gözəl təcrübə oldu. Hər məşq əlimdən gələni etməyə çalışırdım və bir futbolçu, şəxsiyyət kimi keçmişə baxanda inkişaf etdiyimi tam əminliklə deyə bilərəm. Ona görə də "Qarabağ"dakı karyeramın uğurlu alındığını deyə bilərəm.

- Ümumiyyətlə, "Şamaxı"nın hazırki durumu hansı nəticələri göstərməyə imkan verir?
- Komanda hələ ki, yeni formalaşır deyə, bu haqda bir söz deyə bilmərəm. Ancaq məşqçilər də, futbolçular da meydanda əlindən gələnin maksimumunu edir. Kollektiv olaraq hər oyun maksimum nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.

- "Qarabağ"da əsas komandada qalmağa nə mane oldu? Heç U-21 yığmasının kapitanı olmağın da kömək olmadı?
- Heç bir şey mane deyildi. İkitərəfli razılaşma oldu və müqaviləyə xitam verildi. Sırf "Şamaxı"da daha çox oyun praktikası qazanmaq şansım olduğundan bu cür qərar qəbul olundu. U-21 yığmasının kapitanı olmaq mənə üstünlük vermir. Çünki bildiyiniz kimi "Qarabağ"da rəqabət böyükdü. Kimin haqqı idisə o da oynayırdı. Ən azından çox şadam ki, "Qarabağ"da debüt etmək mənə nəsib oldu.

Mirbağırağa

Xəbər xətti