"Təbii ki, fanatlar narazı olacaq, ona görə də onlardan üzr istəmək doğru addımdı" - MÜSAHİBƏ

21:52 - 25 İyul 2022

“Neftçi”nin təcrübəli futbolçusu Voyislav Stankoviç Sportal.az saytına müsahibə verib. Serbiyalı müdafiəçi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Aris”ə qarşı keçirilən ilk görüşünü şərh edib. Bununla yanaşı o, komandasının növbəti mərhələyə yüksəlmək şanslarını da dəyərləndirib.

- “Neftçi” ilk matçda “Aris”ə səfərdə uduzdu. Halbuki, püşkatmadan sonra klublarımız arasında ən uyğun rəqibin “Neftçi”nin bəxtinə düşdüyünü fikirləşənlər az deyildi... 
- Mən heç vaxt rəqibin uyğun olub-olmaması barədə düşünmürəm. Öncə, öz komandamızın oyununa diqqət etməli olduğumuz fikrindəyəm. Yeni komandamız formalaşır, beş yeni futbolçu gəlib, baş məşqçimiz də yenidi. Demək ki, yeni oyun fəlsəfəsi qurulur. İlk oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə olaraq, ilk yarıda risksiz oynadıq. Fasilədən sonra isə rəqibimiz “artırdı”. Elə alındı ki, iki qol buraxdıq. Təbii ki, hər iki qolu öz səhvlərimizdən buraxmış olduq. Cavab oyununda necə olacağını görəcəyik. İlk oyunu analiz etmək lazımdı. Gördüyümüz yaxşı işləri saxlayıb, səhvlərimizi isə düzəltməliyik. Oyunumuzu yaxşılaşdırmağa çalışacağıq.

- Bu, “Aris”in avrokuboklarda debütüdü. Hər halda, rəqibinizin avrokubok təcrübəsinin olmamasının sizə üstünlük qazandıracağı barədə düşünürdünüz?
- Bəli, bu, onların ilk avrokubok matçı idi. İlk dəfə oynadıqları avrokubok turnirində “Neftçi”ni məğlub etdilər. Hansı ki, bizim komandanın avrokuboklar təcrübəsi var, bir çox yaxşı rəqiblərə qalib gəlmişik. Amma “Aris” ilk dəfə oynadığı oyunda qalib gəldi. Ona görə də burada hər hansı üstünlük və ya mənfi haldan danışmaq yersizdi.

- Laurentsiu Regekampfla yanaşı beş yeni futbolçu da komandaya qoşulub. Səncə, lap güclü “Neftçi” görməyimiz üçün onların nə qədər zamana ehtiyacı var?
- Bəli, yeni baş məşqçimiz, yeni transferlərimiz var. Oyunumuzu gücləndirmək, baş məşqçimizin istədiyi kimi oynamağımız üçün nə qədər vaxt lazımdı, bilmirəm, görəcəyik. Yeni futbolçularımız var. Hər məşqçi öz oyun fəlsəfəsi ilə gəlir, buna öyrəşmək üçün də vaxt lazımdı. Ümidvaram ki, bizdə hər şey tez bir zamanda alınacaq və istədiyimiz futbolu oynayacağıq. Bunun üçün nə qədər zaman lazım olduğu barədə bir söz deyə bilmərəm.

- Larnakadakı məğlubiyyətdən sonra baş məşqçi azarkeşlərdən nəticəyə görə üzr istədi. Səncə, azarkeşlər ilk oyundakı nəticəni anlayışla qarşılayıb, cavab görüşündə komandaya dəstək olacaq?
-  Təbii ki, fanatlar narazı olacaqlar. Ona görə də onlar qarşısında üzrxahlıq etmək doğrudu. Yeni komandamız var. Bir-birimizi daha yaxşı başa düşmürük. İstəyirdik ki, yaxşı oynayaq, alınmadı. Çalışacağıq ki, vəziyyəti tez bir zamanda dəyişək və “Aris”lə cavab oyununda azarkeşləri sevindirək. Fanatlarımıza demək istəyirəm ki, onların dəstəyi çox vacib olacaq. Çox istəyərdim ki, onlar oyunumuza gəlib bizə dəstək olsunlar. Azarkeşlərimizin dəstəyilə “Aris”lə matçda “come back” edə bilərik.

- Üç gün sonra cavab qarşılaşmasına çıxacaqsınız. Səncə, “Aris” səddini keçmək mümkün olacaq?
- Bəli, cavab oyununda vəziyyəti düzəldəyəcəyimizə inanıram. Sadəcə olaraq, tamam fərqli oynamaq lazımdı. Çünki biz ev oyununa çıxacağıq. İlk oyundakı nəticədən razı deyilik. Qarşıda cavab oyunu var. Yaxşı hazırlaşırıq və əlimizdən gələni edəcəyik ki, “Aris”ə yaxşı cavab verək. Ümidvaram ki, stadion tam dolacaq və rəqibi məğlub edəcəyik. Hərşeyin istədiyimiz kimi alınacağına inanmaq istəyirəm. “Aris”i udaraq növbəti mərhələyə adlamaq niyyətindəyik. Belə alınacaq, ya yox üç gün sonra görəcəyik.

Mirbağırağa

Xəbər xətti