"Rəhbərliklə müzakirələrdən sonra qənaətə gəlindi ki, gənc və yerlilərdən ibarət dinamik komanda hazırlansın" - MÜSAHİBƏ

14:32 - 26 İyul 2022

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Sportal.az saytına müsahibə verib. O, komandanın hazırlığından və yeni mövsümdəki hədəflərindən söz açıb.

- Komandanın hazırlığı nə yerdədi? Nələri həyata keçirə bilmisiz, narahat olduğunuz hansı məqamlar var? 
Məlum səbəblərə görə komanda bir az gec yığıldı. Hazırlıq baxımından vaxtımızın daha çox olmasını istəyərdik. Ancaq vaxtımız az olsa da, intensiv məşqlərlə çalışırıq bu problemi aradan qaldıraq. Komandanı tam komplektləşdirə bilməsək də, ümid edirəm "transfer pəncərəsi"nin bağlanmasına qədər istədiyimiz heyəti əldə edəcəyik. Ən narahat olunası məqam az yoxlama görüşü keçirməyimizdi. Oyun bizə lazım olan boşluqları görmək üçün vacibdir. İki oyun keçirmişik, ilk tura qədər daha bir- iki oyun oynamağı planlaşdırırıq.

- Bu dəqiqə demək olar ki, hamı "Şamaxı"nı yeni mövsümün autsayderi kimi görür. Heyət yerli və gənclərdən ibarətdi. Bu mənada, komandaya autdsayder kimi baxılmasını normal hesab edirsən? 
Rəhbərliklə müzakirələrdən sonra belə qənaətə gəlindi ki, gənc və yerli futbolçulardan ibarət dinamik komanda hazırlansın. Həm yerli, həm də xarici liqalarda bu modeldən istifadəni görmüşük və kifayət qədər perspektiv vəd edən də modeldi. Çempionatda hamını təəccübləndirəcək "Şamaxı" görməyiniz üçün əlimizdən gələni edəcəyik.

- Komandanı daha yaxından tanıyan təbii ki, baş məşqçidi. Bəs, sən necə düşünürsən, "Şamaxı" yeni mövsümdən hansı nəticəni göstərə biləcək? 
Bizim əsas məqsədimiz gəncləri inkişaf etdirərək Azərbaycan futboluna töhvə verməkdi. Nəticəni isə zaman göstərəcək. Mən komandama inanıram.

- Rəhbərlik legioner transferinə icazə vermədi, yoxsa büdcə var idi məşqçilər istəmədi?  
Bəli, legioner məsələsi ümumi verilmiş bir qərardır.  Yenə qeyd edim ki, rəhbərliyi düşündürən əsas məqam gənc perspektivli futbolçuların inkişafıdı.

- Ötən həftə "Kəpəz" lə yoxlama görüşü keçirdiniz. Gördüklərinizdən razı qaldınız?
-
"Kəpəz"lə oyunda tam olmasa da, kifayət qədər ümidverici oyun gördük. Demək olar ki, iki fərqli heyətlə oynamağımıza baxmayaraq bütün futbolçular istədiklərimizi etməyə maksimum istəklə çalışırdılar.

- "Şamaxı" çempionata neçə faiz hazırdı? Ümumiyyətlə, komandanın yalnız Bakıda hazırlaşması işinizi çətinə salır? 
-  
Ölkə daxilində hazırlaşmağımız yalnız oyun cəhətdən işimizi axsadır. Komandaların çoxu ölkə xaricində olduğu üçün yoxlama oyunu üçün rəqib tapmaq çətin olur. Ümid edirəm ki, komandamız oyundan-oyuna daha yaxşı oynayacaq və istədiyimiz komandanı görə biləcəyik.

- "Şamaxı"da baş məşqçi məsələsi tamamilə xaosa dönmüşdü. Komandada sanki üç baş məşqçi var idi. Amma sonda səni baş məşqçi təyin etdilər. Yoxlama oyunlarında daha çox Cavid Hüseynov baş məşqçi funksiyasını yerinə yetirirdi. Çempionatda necə olacaq? Bu funksiyanı kim yerinə yetirəcək?
- Təbii ki, komandada struktur dəyişiklikləri oldu. Ona görə bu hal bəzi söz-söhbətlərə yol açdı. Artıq baş məşqçinin kimliyi sizə məlumdur. Qaldı ki, oyunlarda baş məşqçi funksiyasını kimin yerinə yetirməsinə, biz daha çox koordinasiyali şəkildə bu məsələni həll edirik.

- Bəlkə, Cavid Hüseynovla birlikdə siz Azərbaycanın Tommi Soderberg - Lars Lagerberk cütlüyü olacaqsınız? Hər halda onlar birlikdə İsveç millisinə uğurlar qazandıra bilmişdi..
-
Allah qoysa, çempionatın gedişində də bizi uğurlarımıza görə isveçlilərlə müqayisə edərsiniz. Ümid edirəm ki, uğurlu model olacaq.

- Rəhbərliyin qarşınıza qoyduğu əsas məqsəd nədən ibarətdi? Legionersiz heyətin toplanması, bu mövsümün "Şamaxı" üçün Premyer Liqada sonuncu olduğunun siqnalıdı?
Rəhbərliyin əsas məqsədini artıq bilirsiniz. Mən bu haqda sizə danışdım. Yerlilərdən təşkil olunmuş komanda hələ iddiasız və ya autsayder demək deyil. Əminəm ki, hələ uzun müddət "Şamaxı" Premyer Liqada iştirak edəcək.

Mirbağırağa

Xəbər xətti