Azərbaycanlı futbol agenti Erkin İbrahimov Sportal.az saytına müsahibə verib. O, klublarımızın transfer siyasətindən danışıb. Bununla yanaşı, azərbaycanlı futbolçuların ölkə xaricinə yollana bilməməsi haqda fikirlərini bildirib.
- Yeni mövsümün başlamasına az qalıb. Klubların hazırlığını necə dəyərləndirirsən?
- Deməzdim ki, hamı heyəti tam komplektləşdirib. Ümumi olaraq onu demək olar ki, sanki bu mövsüm ötən ilkindən daha güclü olacaq. "Səbail"in büdcəsi artıb, "Sabah"ın gətirdiyi oyunçuları görürük. Kağız üzərində müsbətə doğru dəyişiklik var. Bununla paralel olaraq "Keşlə" "Şamaxı" olandan sonra zəifləyib. Premyer Liqaya iki yeni klub da gəlib. Ən böyük irəliləyiş çempionatda klubların sayının artmasıdır. Hazırlığa gəldikdə isə hamını izləmək olmur. Avrokuboklarda oynayan klublar göz qabağındadır. Elə komandalar var ki, izləməmişəm. Ümumi mənzərə odur ki, önümüzdəki mövsüm adama maraqlı gəlir.
- Transfer pəncərəsində klubların fəaliyyətini necə dəyərləndirirsən? Hansılar yaxşı idi, hansılar pis?
- Transfer işi elədir ki, proqnoz vermək olmur. Məsələn, "Qarabağ" ötən il Qaspar Panadoranı əsas oyunçu kimi gətirib, hətta klubuna da pul ödəyib. Kadi Borges isə ona əvəzləyici kimi gətirilmişdi. Amma iki həftədən sonra hər şey dəyişdi, Kadi ən yaxşı oyunçu oldu, Qaspar Panadoradan isə hələ də xəbər yoxdur. Transferlər kağız üzərində yaxşı görünür. Amma hər birinə dəyər vermək üçün gərək saatlarla izləyəsən, oyununa baxasan. Hansı klubların transfer fəaliyyətinin yaxşı olduğunu demək çətin olar. Avrokuboklarda oynayan klublar göz qabağındadır. "Zirə" daha çox gücünü çempionata qoruyur. Çempionatın başlamasına az qalıb, amma klublar avqustun 31-dək yeni futbolçular transfer edə biləcəklər. Hələ mənzərə tam aydın deyil. "Qəbələ"nin özündə də yeni futbolçular ola bilər. Həmçinin "Neftçi", "Qarabağ"da yeni transferlər edə bilər. Transferdə ən fəal klublar "Səbail"lə "Sabah" oldu. Bunun qarşılığında klub rəhbərlərinin, ictimaiyyətin gözləntiləri də çox böyük olacaq. "Sabah" bir çox yeni futbolçu gətirdi. "Sabah"la "Səbail"in transferdə fəallığının nəticəsinin müsbət və ya mənfi olduğunu indidən bilmək olmaz.
- Çempionluq mübarizəsi hansı komandalar arasında gedəcək?
- Məncə bu il də çempionluq yarışı haqda çox danışmağa ehtiyac yoxdur. Avrokuboklardakı oyunlar da göstərdi ki, "Qarabağ" 1 nömrədir. Çətin ki, hansısa klub Ağdam təmsilçisi ilə rəqabət apara bilsin. Düzdür, "Sabah" milli komandanın üzvlərini, adlı-sanlı legionerlər transfer edib. "Neftçi"nin sonuncu dəfə çempion olmasında bəzi faktorlar rol oynadı. Həm "Qarabağ"ın zəifləməsi, həm "ağ-qaralar"ın şansının gətirməsi, həm Samir Abasovun uğurlu işi, həm də həmişəki kimi futboldan asılı olmayan məqamlar özünü göstərdi. İndiki durumda bu, 10 ildən bir olan şeydir.
- Bu mövsüm bir klub Premyer Liqanı tərk edəcək. Sənin fikrincə liqada qalmaq uğrunda hansı klublar mübarizə aparacaq?
- Düzdür, bu mövsüm bir komanda Premyer Liqanı tərk edəcək. Bizdə reqlament təhqir olunmuş, aşağılanmış durumdadır. Bundan sonra PFL desə ki, reqlametnə əməl etmək lazımdır, nə dəyişəcək? Neçə ildir buna heç kim əməl etmir. Birinci divizionda çempion olan komanda Premyer Liqaya vəsiqə qazanmır. Ona görə də Azərbaycan futbolunda ən axırıncı danışılmalı olan mövzu reqlamentdir. Sabah bir də görəcəyik ki, Premyer Liqada 12 komanda oldu və ya yenidən sayı 8-ə saldılar. Sadəcə olaraq onu demək olar ki, hazırda ən zəif komanda kimi "Şamaxı" görünür.
- Premyer Liqada legioner limiti dəyişdi. Bunun ölkə futboluna təsiri necə olacaq?
- Legioner limitindən başqa ən önəmlisi gənc futbolçular üçün olan limitin aradan qaldırılmasıdır. Azərbaycan futbolunda heç nəyi proqnozlaşdırmaq olmur. Amma normalda çempionatın ümumi səviyyəsi bir az qalxmalıdır. Çünki, məcburiyyətdən oynadılan futbolçular olmayacaq. Digər tərəfdən də "Şamaxı"da legioner futbolçular çıxış etməyəcək. Özlərinə klub tapa bilməyən oyunçular bu komandaya gedəcəklər. Ancaq legionerlər də gərək say xatirinə gətirilməsin. "Sumqayıt" klubuna da legioner transfer etməyə icazə verildi. Əlbəttə ki, iranlıya, rusiyalıya məcburiyyətdən şişirdilmiş pul verməkdənsə, Afrikadan, Braziliyadan münasib qiymətə yaxşı futbolçu gətirmək olar. Bu qərarın nəticəsində "Sumqayıt" çox güclənəcək.
- Azərbaycanlı futbolçular ölkədən kənara çıxa bilmir. Bunun səbəbi nədir?
- Bizim futbolçuların legioner həyatı yaşaması üçün dəfələrlə kömək etmişəm. Amma alınmır. Namik Ələskərov "Neftçi"ni çempion edib Türkiyənin I Liqa klubuna getdi. "Bursaspor" aşağı liqaya düşdü və Namik yenə ölkəyə qayıtdı. Daha yaxşı klublardan təklif ala bilmir. Vüsal İsgəndərli ortabab kluba getdi, pis də oynamırdı. O da super təklif almadı. Mənim Latviyaya apardığım futbolçulardan da daha iddialı klubların diqqətini cəlb edən olmadı. Bu il də Latviyada klub rəhbərliyi ilə danışığım olmuşdu. Amma təəssüf ki, hər şey məndən asılı deyil. Tək nəsə etmək çətindir. Düzdür, AFFA logistika işlərində kömək edirdi. Ancaq ümumi olaraq çətindir. Dövlət, federasiya səviyyəsində dəstək olsa, bir proqram qurub yenə bu işləri görmək olar. Son olaraq Fərid Nəbiyev Çexiyadan qayıtdı. Bizim futbolçuların xaricdə oynaması çətindir, amma mümkündür. Bunun üçün bilməlisən ki, hansı futbolçu mental olaraq legioner həyatına hazırdı. Mən gözləyirdim ki, gənc oyunçu limiti aradan qaldırılandan sonra çox futbolçumuz ölkə xaricinə üz tutacaq, amma bu, olmadı.
Elçin Əlixan