"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Sürix"lə oyunundan öncə mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis öncə sabahkı matçla bağlı danışıb.
"Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun sistemində oynayan rəqiblə qarşılaşacağıq. Hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Bilirik ki, rəqib də oyuna çox ciddi hazırlaşır. Bunu çempionat matçından da gördük. Fərqli sistemdə oynadılar, çox futbolçu da meydanda yox idi. Oyunun gedişatında bizi sürprizlər gözləyə bilər. Hər bir halda bütün detallara hazır olmalıyıq. Yaxşı nəticə göstərmək üçün sabah çox güc sərf etməliyik. Demək olar ki, buna hazırıq.
- Ötən il məğlub olduğunuz “Bazel”lə builki rəqib arasında hansı fərq var?
- Hər rəqibə qarşı çalışırıq ki, düzgün oynayaq, diqqətli olaq. Sadəcə olaraq, bu il ilk mərhələdən ciddi rəqiblər düşdü bəxtimizə. Keçən il Çempionlar Liqasında yox, Konfrans Liqasında mübarizə aparırdıq. Burada tam başqa səviyyədi. Çempionlar Liqası digər turnirlərdən çox fərqlənir. Ona görə burada daha çox məsuliyyət və daha çox diqqət tələb olunur. Burada səhvlər bağışlanılmır. Çalışmalıyıq ki, bu oyunlarda səhvlərimiz az olsun. Amma fərq xeylidi.
- Qalib gəldiyiniz son iki matçda əsas heyətdə dəyişiklik etmədiniz. “Qalib heyəti dəyişməzlər” düşüncəsilə sabah da start heyətində eyni futbolçulara güvənəcəksiz?
- Bəli, bu cür düşüncə var. Özüm də heyəti dəyişməyi çox xoşlamıram. Amma güvəndiyim futbolçular var və istənilən an hər birini düşünmədən əsas heyətdə oynada bilərəm. Bəzi oyunlar fərqli olur. Bəzi oyunlarda heyəti qoruyub, rotasiyalar edirsən. Bəzən də oyunçu dəyişikliyinə gedirsən. Xırda dəyişikliklər ola bilər. Amma hər bir halda sabahı gözləməli olacağıq. Oyundan əvvəl start heyəti tam olaraq bilinəcək.
- Oyunun əlavə vaxta və ya penaltilərə qədər gedəcəyi barədə düşünmüsünüz?
- Elədir ki, oyunun gedişatında biz bunlara hazır olmalıyıq. Rəqibin oyunçusunun da müsahibəsini oxudum. Bildirib ki, bu matç final oyunu kimidi. Əlavə vaxta və penaltilərə də hazır olmalıyıq. Amma ümumən oyunun gedişatına uyğun olaraq, düzgün qərarlar verməyə çalışmalıyıq. Rəqibimiz də ciddi komandadı, hər şey ola bilər. Çox istəyərdik ki, oyunun taleyi ilk hissədə həll olunsun.
- Bakıdakı oyunda beş qol vuruldu, hər iki komandanın da çox qol vurmaq imkanı var idi. Sabah da belə olacaq?
- Hər iki komandanın elə oyun stili var ki, böyük ehtimalla açıq oyun gedəcək. Biz müdafiə olunmağa gəlməmişik. Görünən odur ki, rəqib də hücumda olacaq. Açıq futbol gedə bilər. Çox istəyərdik ki, azarkeşlər üçün çox maraqlı matç alınsın. Rəqib çox məcbur etməsə, bizim müdafiədə oturmaq fikrimiz yoxdu. Hər bir halda çox da qapalı oyun olacağı görünmür.
Mirbağırağa
saytlarin hazirlanmasi