"Araz-Naxçıvan" Futbol Akademiyasının koordinatoru Adil Şükürov Sportal.az saytına müsahibə verib.
- Böyük futbol Naxçıvana qayıdır. Muxtar Respublikada ab-hava necədir?
- Naxçıvana gəldiyim gündən gördüm ki, böyük əksəriyyət futbolu ancaq mətbuatdan izləyir və hər kəsin də istədiyi Muxtar Respublikada gələcəkdə Premyer Liqa oyunlarının, müxtəlif turnirlərin keçirilməsidir. Lakin bunun üçün mütləq "Araz-Naxçıvan"ın Region Liqasından bir üst liqaya, I Diviziona çıxması lazım idi. Bunun üçün də komandaya daima çalışdığı klublarda nəticə qazanmış PRO kateqoriyalı məşqçi Azər Bağırovu dəvət etdilər. "Araz-Naxçıva" komandasının Region Liqasının final mərhələsində "Xan Lənkəran" və "Qusar"la oyunlarında komandada olan dəyişikliyi hamımız müşahidə etdik. Komanda AFFA İcraiyyə Komitəsinin qərarı ilə I Diviziona buraxıldıqdan sonra klub qarşıdan gələn mövsümdə Premyer Liqada çıxış etməyi məqsəd qoydu. Təbii ki, Premyer Liqada çıxış etmək üçün başlıca şərtlərdən biri də komandada akademiyanın mövcudluğudur. Məni ilk dəfə dəvət etdiklərində gözləmirdim ki, burada aşağı yaş qrupları üzrə komandaların sayı yoxa bərabər olsun. Sonra isə AFFA-dan aldığım məlumatlardan məlum oldu ki, Muxtar Respublikada daha çox UGİM-lər fəaliyyət göstərir. Bunun özü də məni çox ümidləndirdi. Naxçıvana gəldikdən sonra Muxtar Respublikanı gəzib regionlardakı stadionları gördüm. Müəllimlərlə, tanıdığım adamlarla danışıb məlumat topladım və Vüqar müəllimə bir hesabat təqdim etdim.
- Futbol akademiyasının qurulması istiqamətində görülən işlər nə yerdədir?
- Akademiyanın qurulması üçün hələ ki, təşkilati və stadionların vəziyyətləri ilə bağlı işlər gedir.
- Bu akademiyanın Naxçıvanda futbolun inkişafına təsiri necə olacaq?
- Akademiyanın olması gələcəkdə Naxçıvanda olan uşaqların futbola olan marağını daha da artıracaq. Artıq akademiyaya gəlmək istəyən uşaqların qeydiyyatını aparmağa başlamışıq. Müraciət edənlərin sayı gündən-günə artır. Muxtar Respublikada aşağı yaşlardan ibarət digər komandaların olması da vacibdir. Naxçıvan Futbol Federasiyası bunun üçün Region Liqasında olan komandaların hər birinə yaxın vaxtlarda aşağı yaş qruplarını toplamaqları tapşırığını verib. Bu da gələcəkdə Naxçıvanda davamlı çempionatın keçirilməsi deməkdir.
- Məqsədləriniz, planlarınız nədən ibarətdir?
- İlkin olaraq Naxçıvan çempionatında iştirak edəcək komanadaların formalaşdırılması, daha sonra isə Naxçıvanda ilboyu çempionatın keçirilməsidir.
- Daha əvvəl Tovuzda çalışmısız. Tovuzla Naxçıvan arasında hansı fərqlər var? Burada futbola maraq necədir?
- Tovuzda olan önəmli fərq qərb regionunda ilboyu çempionatın keçirilməsidir. Digər məsələlərə gəldikdə isə onu deyə bilərəm ki, Naxçıvanda apardığım müşahidələr göstərir ki, burada yaxşı futbolçular yetişdirmək olar və biz də bunun üçün bütün gücümüzlə çalışacağıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi