"Yaxşı ki, "Qarabağ"ımız var. Bunu elə hər mənada deyirəm. Bu cür klubun bizi Avropada təmsil etməsinə sevinirəm. Qurban Qurbanov başda olmaqla, orada zəhməti keçən hər kəsi təbrik edirəm. Bakıda "Sürix"ə qarşı necə oynadıqlarını gördük. Həqiqətən də "Qarabağ" kimi klubumuzun olması sevindiricidi. Evdə çox yaxşı qələbə qazandı komandamız".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Rüfət Quliyev deyib.
1997/1998 mövsümündə Ağdam klubunun aparıcı üzvü olmuş Quliyev onların Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"ə qarşı keçirəcəyi cavab matçından söz açıb. Veteran futbolçunun fikirlərinə görə, "Qarabağ" İsveçrədə də istədiyi nəticəni əldə edə bilər. O, Ağdam klubu ilə yanaşı digər klublarımızın da avrokuboklardakı çıxışına toxunub: "Qarabağ"ın bu gün yaxşı oynayaraq qələbə qazanacağına inanıram.
Çünki Bakıda "Sürix"dən üstün futbol oynadı. İnanıram ki, İsveçrədə də bu cür olacaq. "Qarabağ" bizi sevindirir, əla oynayır avrokuboklarda. Təəssüflər olsun ki, "Qarabağ" haqda dediklərimizi digər təmsilçilərimiz barədə təkrarlamaq olmur. Çünki digər üç təmsilçimiz 1 qol vurub, 9 qol buraxdılar. Ola bilsin ki, hazır deyildilər. Hər halda bu cür matçlara hazırlıq planlı şəkildə olmalıdı. Ki, bu cür məğlubiyyətlər baş verməsin. İlk oyundakı məğlubiyyətlərdən nəticə çıxararaq ikinci matçda daha yaxşı nəticə qazanacaqlarına inanmaq istəyirəm. Heç olmasa bir mərhələ keçsinlər".
Mirbağırağa