Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına açıqlamasında “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”ə qarşı keçirilən oyunu barədə danışıb.
Qurbanov Ağdam təmsilçisinin İsveçrə çempionunu turnirdən kənarlaşdırması haqda bunları deyib:
"Qarabağ”ın “Sürix”ə qarşı oyununu izlədim. Çox gərgin və stressli oyun alındı. Ancaq sonda hər birimiz "Qarabağ", Azərbaycan, futbolumuz adına qürurlandıq, çox sevindik. Komandamız yenə də topa sahib olmağa çalışdı. Görünən o idi ki, İsveçrəyə qələbə ardınca gediblər. Qol vurmağa çalışırdılar. "Qarabağ" öz oyun üslubunu davam etdirirdi. Sevindirən məqam odur ki, komandamız artıq böyüyüb. Uzun illər avrokuboklarda oynayıb təcrübə yığıblar. Həm təcrübəli baş məşqçisi, həm təcrübəli futbolçuları var "Qarabağ"ın. O təcrübədən də çox yaxşı yararlandılar. "Sürix" kimi adlı-sanlı rəqibi səfərdə keçdilər. Bakıda da üstün oynamışdı "Qarabağ". Dünən də "Sürix"in çox qol epizodu yaratdığını xatırlamıram. "Qarabağ" daha çox qol epizodu yaratdı, İsveçrə çempionuna qarşı belə oynamaq hamımızı sevindirir”.
“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”la üz-üzə gələcək. Sənan Qurbanov rəqibin güclü olmasına baxmayaraq, Azərbaycan çempionunun istənilən rəqibi keçəcək gücdə olduğunu söyləyib: “Ferentsvaroş" evdə "Slovan"a uduzmuşdu. Amma sonradan səfərdə rəqibini lazımı hesabla keçdi. Çempionlar Liqasında asan oyun olmur. Orada rəqiblərin hamısı güclüdü. İki çətin oyun olacaq. Bu oyun tərzi davam edəcək. Mənə elə gəlir ki, "Qarabağ" "Ferentsvaroş" səddini də keçə bilər. Baxmayaraq ki, rəqib güclüdü, təcrübəlidi. "Qarabağ"ın hazırda göstərdiyi oyun hər bir rəqibə başağrısıdı. Komandamız sübut etdi ki, öz oyunu ilə istənilən rəqibi turnirdən kənarlaşdıra bilər. Komandamıza uğurlar arzulayıram. Allah qoysa, "Qarabağ"ı Çempionlar Liqasının qrupunda görərik".