"Özümü bir dəfə sübut etmişəm, növbəti şansdan da maksimum istifadə edərək özümü yenə sübut edəcəm"

00:09 - 29 İyul 2022

"Kəpəz"in yeni transferi Orxan Sadıqlı Sportal.az saytına açıqlama verib. Qolkiper Gəncə klubuna keçidilə bağlı bunları deyib:

“Kəpəz”lə bir illik müqavilə imzaladım. Klubdan zəng gəldi, toplanışa çağırdılar. Baxışdan uğurla keçdim və sonda da müqavilə imzaladıq. Başqa klubdan təklif almamışdım. “Xan Lənkəran”ın futbolçusu idim. Sağolsun “Xan Lənkəran” rəhbərliyi, onlarla danışdım və getməyimə şərait yaratdılar”.

Sadıqlı yenidən Premyer Liqada oynayacağına görə xoşbəxt olduğunu bildirərək, “Kəpəz”in yeni mövsüm hansı nəticələr üçün oynayacağından da danışıb: “Yenidən Premyer Liqada oynamaq şansım var. Buna görə də şadam. Əslində, özümü bir dəfə sübut etmişəm. Bu şansdan maksimum istifadə edərək özümü yenə sübut edəcəm. “Kəpəz” yeni qurulmuş kollektivə sahibdi. Sağlam komandamız var. Məşqçilərin də tapşırığını maksimum yerinə yetirməyə çalışırıq. Ümid edirik ki, öz oyunumuzla çempionata rəng qatacağıq.

Əsas heyətdə oynayıb-oynamayacağıma gəlincə, hər qapıçı daim qapıda olmağı istəyər. Mən də əlimdən gələni edəcəm ki, komandaya xeyir verim. Lazım gələndə oyunumla, lazım gələndə intizamla. Komandada istedadlı qapıçılar var. Məşqçilər hansı qapıçıya üstünlük verərsə, hamı əlindən gələni edəcək”.

Xəbər xətti