Azərbaycanlı futbolçu Tapdıq Əliyev Almaniyada oynayacaq.
Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Steynbax” klubu ilə anlaşıb. “Neftçi” yetirməsi olan Əliyev Hessen liqada çıxış edən klubla iki illik müqavilə imzalayıb.
Saytımıza açıqlama verən futbolçu Almaniya klubundakı hədəflərindən danışıb:
“Şadam ki, yavaş-yavaş olmaq istədiyim yerlərə yaxınlaşıram. Yeni kluba keçidim seleksiya işinə baxan məşqçilərdən birinin məni görüb baxışa dəvət etməsilə başladı. Təbii ki, mən də təklifi qəbul etdim və bir həftə komandanın düşərgəsində oldum. Hər şey uğurlu başladı və uğurlu da sona çatdı. “Steynbax”la iki illik müqavilə imzaladım. Ancaq bununla kifayətlənmək fikrim yoxdu. Özümü burada ən yaxşı tərəfdən göstərərək Almaniya və ya Avropanın digər ölkələrinin daha da yüksək liqalarında oynamaq istəyirəm. Təbii ki, bir gün milli komandamızın formasını geyinəcəyimə ümid edirəm. İstəyim yüksək olduğundan, bunu mümkünsüz hesab etmirəm".
Xatırladaq ki, Tapdıq Əliyev karyerası ərzində “Neftçi”, AZAL, “Sumqayıt”, “Turan”, “Simurq”, “Rəvan”, “Lüksele”(İsveç), “Meklar/Mekbax”, “Festspielştat” klublarında çıxış edib.
Mirbağırağa