"Neftçi"nin keçmiş futbolçusu və məşqçisi Bəxtiyar Musayev Sportal.az saytına açıqlama verib.
49 yaşlı mütəxəssis paytaxt təmsilçisinin Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Kiprin "Aris" klubuna qarşı keçirdiyi cavab oyununu (3:0) dəyərləndirib:
"İlk oyundan sonra demişdim ki, "Neftçi" Kipr səfərində çox acınacaqlı və bərbad çıxış etdi. "Aris" ilk matça yüksək motivasiya ilə çıxmışdı, "Neftçi" futbolçuları isə meydanda sadəcə gəzirdilər. "Ağ-qaralar" cavab oyununda daha istəkli idilər. Azarkeşlər möhtəşəm dəstəklə futbolçuları hücuma səslədilər və "Neftçi" 3:0 hesablı qələbə qazandı. "Neftçi" mənim üçün doğma klub olub. 17 ilim burada keçib. Həm futbolçuluq, həm də məşqçilik dönəmimdə azarkeşlərin komandanı necə dəstəklədiklərini görmüşəm. Bu cür qələbəni qeyd etmək onların haqqı idi".
Bəxtiyar Musayev "Neftçi"nin III mərhələdə Avstriya "Rapid"i ilə keçirəcəyi oyunlar haqda da danışıb. O, "ağ-qaralar"ın güclənməli olduğunu deyib:
"Növbəti rəqib "Aris"dən güclüdür. Bu oyunla, bu heyətlə, bu məşqçi işi ilə "Rapid"ə qarşı üstünlüyün olacağı sual altındadır. Çünki "Neftçi"nin həm heyətinin, həm oyununun güclənməyə ehtiyacı var. "Aris" üzərində qazanılan 3:0 hesablı qələbəyə görə eyforiyada olmaq lazım deyil. Kipr təmsilçisi elə də güclü rəqib deyildi. Rəqibi aşağılamaq, "Neftçi"nin isə qələbəsinə kölgə salmaq istəmirəm. Sadəcə olaraq doğruları demək lazımdır. İllərimi bu kluba vermişəm, yalandan tərifləmək komandanın ziyanına ola bilər. 3:0 hesablı qələbə həm azarkeşlərə, həm klubda olanlara hər şeyin yolunda olduğu kimi görünə bilər. Amma elə deyil. Konfrans Liqasında daha yaxşı çıxış etmək üçün "Neftçi" çox dəyişilməlidir. Vaxt azdır, bu oyunla nəyəsə nail olacaqları çətin görünür. Bir müqayisə aparım. Canni de Byazi milli komandamıza yeni gələndə Kipr üzərindəki qələbəni şadyanalıqla qeyd edirdilər. Halbuki Kipr millisi zəif idi. Həmin vaxt demişdim ki, millimiz güclü olduğuna görə yox, Kipr zəif olduğuna görə qələbə qazanmışdıq. Həmin vaxtdan sonra təxminən 20 oyun qələbə üzünə həsrət qaldıq. Bunu ona görə deyirəm ki, eyforiyaya qapılmaq lazım deyil, bu qələbənin ardını gətirmək üçün "Neftçi"də görülməli çox işlər var".
Elçin Əlixan
saytlarin hazirlanmasi