Milli komandamızın və "Turan Tovuz"un müdafiəçisi Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz" "Qaqra" ilə matçda qalib gəlməyi bacardı. Gürcüstan toplanışındakı son matçınızda tam istədiklərinizi edə bildiniz?
- Hər oyunda qalib gəlmək istəyirik. Sadəcə yoxlama görüşü elədir ki, qalib gələndə də, uduzanda da səhvlərini görə bilirsən, üzərində işləyirsən. Təbii ki, qalib gəlmək xoşdu. Toplanışın bizim üçün xeyri çox oldu. Üç yoxlama görüşü keçirdik, oyun praktikamız çoxaldı. Doğrudu, işləyəcəyimiz çox şey var. Bunları baş məşqçimiz özləri görür. Nələrin çatışmadığını iclaslarda bizə deyəcək və məşqlərdə lazım olan tapşırıqları verəcək.
- "Merani"yə 3:1 qalib gəlib, "Dinamo"ya 0:4 uduzdunuz. Demək olar ki, bu komandalar içərisində ən çox "Dinamo" önündə aciz qaldınız...
- "Dinamo"ya 0:4 uduzsaq da, yaxşı oynamışdıq, qol şanslarımız az deyildi. Amma dəyərləndirə bilmədik. 3-4 real qol şansından yararlansaydıq, fərqli olardı. Bu oyunlarda əsas nəticə deyil, səhvlərimizi görməyimizdi. Hər üç oyunun da bizə köməyi dəyəcək.
- Ümumiyyətlə, Gürcüstan toplanışını komanda üçün necə dəyərləndirirsən?
- Toplanışlarda fiziki yükləmələr olur. Ölkə daxilində olanda oyun oynaya bilmirsən. Xaricə yollananda isə fikir dağılır, yeni rəqiblər olur. Futbolçulara həm psixoloji tərəfdən, həm də fiziki durumunun daha yaxşı olması baxımından kömək olur. Hər halda 9 günə 3 oyun oynamaq yaxşıdı. Çempionata hazır olmağa hazırlaşırıq.
- "Turan Tovuz"u Premyer Liqaya hazır hesab etmək olar?
- Deməzdim ki, hamımız tam hazırıq. Çatışmayan cəhətlərimiz az deyil. Çempionatın əvvəli də çətin olur. Baş məşqçimiz çatışmayan cəhətləri özümüzə deyir. Hələ ki, bir həftə vaxtımız var. Oyundan-oyuna daha yaxşı duruma gələcəyik.
- Kollektivi güclü hesab edirsən? Ötən il oynadığın kollektiv güclü idi, yoxsa bu mövsümkü?
- Yerlilər, legionerlər məşqlərdə canla-başla iştirak edir. İntizam yüksək səviyyədədi. Yaxşı komandamız var. Ötənil oynadığım komanda ilə builkini müqayisə etmək istəməzdim. Həmin kollektiv də yaxşı idi, sadəcə bəzi səbəblərdən uduzurduq. Əsas məqsədim komandaya xeyir verməkdi. "Turan Tovuz"da yaxşı kollektiv formalaşıb. Əlimizdən gələni edəcəyik ki, çempionatda layiqincə mübarizə aparaq.
- Mövsümə evdə, Tovuzda başlayacaqsınız. Bunu özünüz üçün üstünlük hesab edirsən? "Qəbələ" ilə oynayacaqsınız. Onları yəqin ki, avrokuboklarda izlədin...
- "Qəbələ" bizdən öncə yığışıb. Oyunlarını izlədim. Çox yaxşı komandadı, güclü komandaya qarşı oynayacağıq. Evdə oynayırıq, azarkeşlərimizin dəstəyilə yaxşı nəticə qazanmağa çalışacağıq. "Qəbələ" ilə matçda azarkeşlərimizdən möhtəşəm dəstək görmək istəyirik. İlk gündən bizə necə dəstək olduqlarını gördük. Yaxşı nəticə ilə onları sevindirməyə çalışacağıq.
- Premyer Liqadakı yeni mövsüm haqda ümumi fikriniz necədi? Çempionıatn daimi favoritləri olan "Qarabağ" və "Neftçi"nin avrokuboklardakı çıxışlarını gördün. Onlara qarşı oynamaq və uğur qazanmaq mümkün olacaq?
- Avrokuboklardakı bütün komandalarımızın çıxışını izlədik. Hamı "Qarabağ" və "Neftçi"ni favorit hesab edir, amma "Zirə", "Sabah", "Qəbələ", digər klublarımız da güclüdü. Bizim çempionat ağırdı. Demək olmaz ki, hansı komanda zəifdi. Çalışacağıq ki, bütün komandalara qarşı mübarizə aparacağıq.
Mirbağırağa