"Qarabağ" "Lex" və "Sürix"i bəxt sayəsində deyil, nümayiş etdirdiyi əla futbolla keçdi" - MÜSAHİBƏ

11:23 - 2 Avqust 2022

Azərbaycan Premyer Liqası tarixində ən çox qol vuran futbolçu kimi tarixə keçən Nazim Əliyev Sportal.az saytına müsahibə verib. "Qarabağ" və "Neftçi"nin veteran futbolçusu, sabiq məşqçisi bu iki komandanın avrokuboklardakı çıxışını dəyərləndirib.

- Ölkə çempionatları tarixində ən çox qol vuran futbolçu ünvanına sahibsiniz. Bu, yəqin ki, sizi qürurlandırır?
- Təbii ki, xoşdu. Futbolçu vaxtında daim qol vuraraq, ötürmə edərək oynadığım komandalara kömək olmağa çalışmışam. Bu, məndə alınıbsa, çox sevinirəm. Təbii ki, indiki bütün hücumçulara futbolçulara da uğurlar arzulayıram. Elə bir niyyətim yoxdu ki, deyim, heyf bu göstəricədə məni keçən oldu. Yox, mən futbolçu vaxtımda əlimdən gələni etmişəm. İndiki oynayanlara da uğurlar arzulayıram.

- Azərbaycan Premyer Liqası bu həftə start götürür. Bu mövsümkü çempionatdan gözləntiləriniz necədi?
- Maraqlı çempionat olacağına hamımız ümid edirik. Çünki həm klub sayı artıb, həm də bölgə komandaları çempionata cəlb edilib. Fikrimcə, hər şey uğurlu alına bilər. Ümidvaram ki, çox maraqlı, gərgin, əsl mübarizənin şahidi olacağıq. Bütün komandalara uğurlar arzu edirəm.

- Həm futbolçu kimi oynadığınız, həm də məşqçi kimi çalışdığınız "Qarabağ"la "Neftçi" hazırda avrokuboklarda yeganə təmsilçilərimizdi. Öncə, "Qarabağ" haqda fikirlərinizi öyrənmək istəyərdim. Komanda artıq üçüncü mərhələdədi. Bura qədər gəlib çıxan komandanın oyununu necə dəyərləndirirsiniz?
- "Qarabağ" bu mövsümdə də həqiqətən çox yaxşı futbol nümayiş etdirdi. "Lex", "Sürix" elə-belə komandalar deyil, bunu nəzərə almaq lazımdı. Bu cür komandaları "Qarabağ" öz futbolu ilə keçdi, bəxti sayəsində yox. "Qarabağ" öz səviyyəsini daim qoruyur, avrokuboklarda bu cür işlər görmək asan deyil. Şadam ki, "Qarabağ" bura qədər gəlib çıxıb. Daha da uzağa gedəcəklərini düşünürəm.

- "Qarabağ"ın "Ferentsvaroş" səddini keçəcəyinə necə, inanırsınız?
- Təbii ki, "Ferentsvaroş"la oyunda da "Qarabağ"a inanıram. Çünki onlar öz futbolu ilə bunu sübut edir. "Qarabağ" səviyyəli futbol oynayır, rəqiblərini üstələyir. "Ferentsvaroş" zəif komanda deyil. Eşitdiyimə görə, hətta büdcələri də üstündü "Qarabağ"dan. Amma artıq dəfələrlə görmüşük ki, əgər komandada işlər doğru qurulubsa, büdcə məsələsi də önəmli deyil. "Qarabağ"a uğurlar arzu edirəm. İnanıram ki, pley-off mərhələsinə vəsiqə qazanan tərəf "Qarabağ" olacaq.

- Digər sabiq komandanız "Neftçi"dən gözləntiləriniz nə qədərdi? "Aris" səddini keçdilər. Bu dəfə "Rapid"lə qarşılaşacaqlar....
- "Rapid" "Aris"dən daha güclüdü. Bu, yəqin ki, hamımıza aydındı. Amma "Neftçi"nin "Aris"lə görüşdəki göstərdiyi xarakteri qeyd etmək lazımdı. Həqiqətən də komanda çox yaxşı xarakter göstərdi. Görünür ki, baş məşqçi komandasına çox yaxşı motivasiya verə bilmişdi. Futbolçular da yaxşı döyüşdü və layiqli qələbə qazandı. "Rapid" oyununa gəldikdə, çətin olacağı dəqiqdi. Amma "Neftçi"nin "Aris"lə görüşdə göstərdiyi xarakter Avstriya klubu ilə görüşdə də uğurlu nəticə ola biləcəyinə ümid verir. Allah qoysa, həm "Qarabağ", həm də "Neftçi" bu mərhələni də keçər.

Mirbağırağa

Xəbər xətti