Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" matçından öncə qonaq komandanın baş məşqçisi Stanislav Çerçesov mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis sabah keçiriləcək matçla bağlı danışıb.
- "Qarabağ"ın hansı güclü tərəflərini qeyd edə bilərsiniz?
- Hər bir komandanı analiz edirik, onlar da bizi edib. Hər komandanın güclü və zəif tərəfləri var. Burada o haqda danışmayacam. Sabah oyundu. Maksimum dərəcədə hazırlaşacağıq. "Qarabağ" yaxşı səviyyədə olan komandadı. Bunu nəzərə almaq lazımdı.
- "Slovan"la cavab matçından əvvəl rəqib favorit hesab olunurdu. Sizcə, sabahkı oyunda hansı komanda favoritdi?
- Biz evdə uduzmuşduq. Nəticəni qeydə alsaq, "Slovan" ikinci oyunda favorit görünə bilərdi. Amma yeni oyunda hər şey əvvəldən başlayır. Ev komandası hər zaman müəyyən üstünlüyə sahib olur. Biz qonaq komandayıq, "Qarabağ" ev. Bu mənada rəqib favorit hesab oluna bilər. Ancaq hansısa komandanın favorit olduğunu deməzdim. Sabahkı matç hansı komandanın favorit olduğunu göstərəcək.
- Sizcə, sabah "Qarabağ" "Ferentsvaroş"a qarşı müdafiə futbolu sərgiləyəcək?
- "Qarabağ"ın məlum oyun stili var. Onlar bu cür oynamağa öyrəşib. Hər halda rəqibin də onlara oyun sərgiləməyə necə imkan verməsindən çox şey asılıdı. Sabah hər şey aydınlaşacaq.
- Qurban Qurbanov 14 ildir ki, "Qarabağ"ı çalışdırır. Sizcə, baş məşqçiyə hansı keyfiyyətli meyarlar lazımdır ki, komandanı 14 il çalışdırsın?
- İlk növbədə bu qədər uzun müddətdə komandanı idarə etmək üçün işini sevmək və mükəmməl bilmək lazımdı. Uğurun yollarını da bilmək önəmlidi. Ən əsası klubu sevmək və rəhbərliklə bu müddətdə işləmək üçün dil tapmaq lazım gəlir.
- Frank Boli "Slovan"la oyunda zədələnib. Onun hazırda vəziyyəti necədi?
- Çempionat oyununu buraxmışdı. Amma son iki gündə komanda ilə məşq etmişdi. Ümid edirik ki, sabah meydana çıxacaq.
- "Qarabağ"ın ardıcıl 8 il avrokubokların qrup mərhələsində mübarizə aparması "Ferentsvaroş"u rəqibdən çəkinməyə məcbur edir?
- Bu, onu göstərir ki, rəqibin yüksək səviyyəsi var. Bunu da qoruyub-saxlayırlar. Rəqibdən çəkinmək yox, onu yaxşı analiz etmək, hörmət göstərərək qələbə qazanmaq lazımdı.
- "Ferentsvaroş"un bu mərhələyə qədər oynadığı rəqiblərlə "Qarabağ"ı necə müqayisə edərdiniz?
- Rəqibi analiz edirik. Amma onlara oyundan sonra qiymət vermək olar. Bu, ikinci matçdan sonra baş verir. Elə oyunlarımız olub ki, biz ilk görüşdə də qalib gəlmişik və cütün taleyini həll etmişik.
- "Ferentsvaroş" cavab oyunlarında daha effektli oynayır. "Qarabağ"a qarşı da ilk oyunda uduzsanız belə, cavab matçında qələbə qazana bilərsiniz?
- Bu mərhələ iki oyundan ibarətdi. Əksər vaxtı hər şey ikinci oyunda həll olunur. Birinci oyun rəqibi dəyərləndirmək üçün əsas deyil.
- Rusiya klubları avrokuboklardan kənarda qalandan sonra Rusiya mətbuatı sizə görə "Ferentsvaroş"un oyununa daha çox önəm verir. Bu, sizin üçün əlavə motivasiyadı?
- Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edirik. Ona görə bizim komandamıza diqqət olmasında təəccüblü bir şey yoxdu.
- Tofiq Bəhramov adına Respublika stadionunu necə yadınızda qalıb?
- Tofiq Bəhramov təkcə keçmiş SSRİ-də deyil, dünyada tanınmış şəxsiyyətdi. Bu stadionda bir neçə matçda meydana çıxmışam. Xatırlayıram, "Lokomotiv"də oynayarkən burada son matçımı "Neftçi"yə qarşı keçirmişəm. Matç 1:1 hesabı ilə nəticələnmişdi. "Neftçi"nin qolunu isə penaltidən İqor Ponomaryov vurmuşdu.
Mirbağırağa
saytlarin hazirlanmasi