"Şamaxı"nın rəhbəri: "Qarabağ"ın təcrübəsindən bəhrələnmək fikrimiz var" - MÜSAHİBƏ

15:42 - 4 Avqust 2022

“Şamaxı”nın idarə heyətinin sədri Elçin Usub mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi jurnalistlərin suallarını cavablandırıb.

 

- Loqonun hazırlanması üçün müsabiqə elan olunmuşdu? 

- “Paradoks”un idman sahəsində müəyyən təcrübəsi var.  Ona görə onlarla əməkdaşlıq etdik.

 

- Klubun strategiyası nədir? 10 ildən sonra “Şamaxı” hansı səviyyədə olacaq? 

- Hər hansı proqramı ortaya qoymaq üçün bəlli müzakirələr aparılmalıdı. İlkin cücərtiləri siz gördüz. İlk hədəfimiz yerli məşqçi və futbolçulara güvənərək, regionda futbolun inkişafını dəstəkləməkdi. Hədəfləri ortaya qoymaqla deyil, həmin hədəfləri hansı resurslarla əldə edəcəyiniz önəmlidi. İstənilən hədəfin arxasında maddi məsələlər dayanır. Bu gün biz klub olaraq idman ictimaiyyətinə özümüzü təqdim edirik. 

 

- Komanda legionersiz çıxış edəcək...

- Ən azından birinci mövsüm komandamıza legioner cəlb etmək fikrimiz yoxdu. Futbolda tez-tez müxtəlif ani qərarlar qəbul olunur. Təbii ki, biz iddialıyıq. Məşqçilərə və futbolçularımıza inanırıq. Görsək ki, bu, uğurlu deyil, klub olaraq ola bilsin müəyyən məsələlər üzərində düşünməyə başlayaq. Amma ən azı qış “transfer pəncərəsi” zamanı hər hansı legionerin transferi planlaşdırıla bilər.

 

- Planda akademiyanın qurulması var?

- Bəli, var. Artıq bu işə başlamışıq. Vəli Qasımov bizimlədi. O, AFFA-nın nəznində fəaliyyət göstərən uşaq futbol məktəbinin rəhbəridi. Onlarla iş birliyimiz var. U-14, U-15, U-17 komandaları ilə bağlı məsələləri bir günə həll etmək mümkün deyil. Bakıda məskunlaşan gənc futbolçularımız var. Azyaşlı qrupların valideynlərinə səslənmək istəyirəm. Bəlli narazılıqlar olur. Valideyinlər bilsinlər ki, “Şamaxı” olaraq uşaqların inkişafı diqqətimizdədi. Valideyinlər də inkişafı görəcək. 

 

- Əvəzedici heyət birinci divizionda iştirak edəcək. Komandanın hədəfləri nədən ibarətdi?

- Bəli, planda var. Artıq komandanın baş məşqçisi bəllidi. Zaur İsmayılovla anlaşmışıq. Onun rəhbərliyi altında komanda toplanıb. Komanda böyük ehtimalla oyununu Şamaxıda keçirəcək. 

 

- Yeni loqonuzda 1997-ci il qeyd olunub. Bu, “Xəzər Universiteti”nin tarixidi...

- Bu, “Xəzər Universiteti” komandasının yaranma dövrüdü. Hər halda kökümüzü 1997-ci ildən götürürük. 

 

- Klubun rəsmi sponsoru yoxdu. Daha çox AFFA-dan asılı olacaqsız, yoxsa yerli icra hakimiyyətindən?

- Regional komanda olaraq ortaya çıxırıqsa, yerli qurumların, hökumət nümayəndələrin dəstəyinə arxayınıq. Artıq bu sahədə çox yaxşı anlaşmalar var. Qarşılıqlı anlaşma şəraitində iş ortamı var. Bu tədbir sponsorların cəlb edilməsi baxımından ilk addımdı. “Qarabağ”, “Neftçi” kimi klubların sponsorlarla danışması daha asandı. Sponsor bilir hansı dəyərə gəlir. 

 

- “Qarabağ” nümunəsindən “Şamaxı”nın faydalanmaq fikri var?

- “Qarabağ” brenddi. Onlar bizim qürur yerimizdi. Qurban Qurbanov klub rəhbərliyi ilə əl-ələ verib ortaya dəyər qoyublar. Bir gənc komanda olaraq “Qarabağ”ın təcrübəsindən bəhrələnmək fikirmiz var.

 

- Konkret məqsəd və hədəf nədən ibarətdi?

- İstəyirik ki, “Şamaxı”ya ən azından bəlli vəsait xərcləyib gələn şamaxılılar döyüşkən komanda görsünlər. Bu, bir oyuna, yoxsa bir dövrəyə olacaq, onu zaman göstərəcək. 

 

- Komanda mövsüm sonunda elitadan düşsə, necə olacaq?

- Düşsək, biabır olacağıq(gülür). Azarkeşlərdən dəstək var, amma 1-2 oyundan sonra dəyişə də bilər. Qısa müddətdə yeni yaradılmış komandayıq. Təlim-məşq toplanışını təmin edə bilmədik. Uduzanda da, udanda məsuliyyət baş məşqçidə olur. Amma biz yetərli qədər səbrliyik. 

 

- “Şamaxı” ətrafındakı neqativlər “Keşlə” olandan var. Yeni rəhbərlik yeni yanaşma qoymaq istəyir. Köhnə rəhbərliyin dövründəki neqativlər sizə nə qədər çətinlik yaradacaq?

- Çətin görsəydik, bu işə girişməzdik. Köhnə rəhbəlik barədə şərh vermək o qədər də düzgün olmaz. Belə məsləhət oldu ki, Zaur Axundov klubdan ayrıldı və gücünü futzal federasiyasına yönəltdi. Azərbaycanda şəxsi vəasitini idmana yönəldən şəxslər azdır. Neqativlər ola bilər. Keçmişə yox, gələcəyə fokuslanmalıyıq. Yeni yola çıxmışıq. Keçmişdən qalan problemləri həll etməyə çalışacağıq.

 

- Bu loqo hansı məbləğə başa gəlib?

- Kommersiya sirri olaraq saxlayaq.

 

- Hansı yeniliklər olacaq?

- Yeniliklərdən ən böyüyü komandanın bazada məskunlaşmasıdı. İqtisadi tərəflərini kommersiya sirrinə görə səsləndirə bilmərəm. Komandanın burada məskunlaşması normal qiymətlərdən qat-qat aşağıdı. Bu da dəstəyin özüdü. İş adamları ilə də danışıqlar gedir. Daha ciddi məsələlər üzərində danışıqlar aparırıq. Stadion üçün ciddi sponsorun gətirilməsi barədə danışıqlar gedir. 

 

- Futzaldan böyük futbola gələndə çətinliyi gördünüz? Orada işləmək asan idi, yoxsa burada?

- Mənim üçün futbolun üç səviyyəsi var. AFFA ilə bağlı bəlli təcrübəm var. Orada çalışmışam. Şəxsi işlərimlə bağlı futboldan ayrı düşdüm. 2017-ci ildən “Advokat” komandasının rəhbəri oldum. Futzalda da bəlli təcrübəmiz var. Peşəkar futbol başqa sahədi. Əsas odur ki, səbrli olaq, içimizdə olan futbol sevgisini ortaya qoya bilək. Futzalla bağlı fəaliyyətimizlə tanışsızsa, içimizdəki futbola olan sevgi heç kimdə şübhə yaratmamalıdır.

 

Mirbağırağa

Xəbər xətti