"Gəncədə oynasaydıq, bizi dəstəkləməyə daha çox azarkeş gələcəkdi, yaxşı atmosfer olacaqdı" - MÜSAHİBƏ

13:11 - 5 Avqust 2022

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək.

"Kəpəz" "Zirə"ni qəbul edəcək.

Gəncə təmsilçisinin yeni transferi Giorgi Kantariya Sportal.az saytına müsahibə verib. Gürcü futbolçu komandanın hədəflərindən söz açıb. 

- Məşqləriniz necə keçdi? 
- Məşqlərimiz çox yaxşı keçib. Plan üzrə oyuna hazırlamışıq. Özümü də çox yaxşı hiss edirəm. Ailəm və Gürcüstan üçün darıxıram.

- Yoxlama görüşləri keçirdiniz. Öz oyununuzu bəyəndiniz?
- Bəli, yoxlama görüşləri keçirdik. Çox oyun oynamadığımız hiss olunurdu. Yeni yaranmış kollektivik, yeni gələn futbolçular var. Fikrimcə, oyundan-oyuna artıracağıq.

- "Kəpəz"i Premyer Liqaya hazır hesab etmək olar? Səncə, komanda hansı nəticə göstərə bilər?
- Maksimum dərəcədə yaxşı hazırlaşırıq ki, çempionata hazır olaq. Sona qədər mübarizə aparacağıq ki, uğurlu nəticə qazanaq. Komandanın nəyə qadir olduğunu çempionat göstərəcək.

- Gəncədəki məşqlər zamanı fanatlarla da görüşdünüz. Onlarla nə söhbət edirdiniz?
- İlk toplanışdan sonra Gəncəyə gələndə ilk məşqimizə çox azarkeş gəlmişdi. Şəhərdə futbolun çox sevildiyi dərhal hiss olundu. Onlar maksimum dərəcədə bizə dəstək olmağa çalışır. Doğrudu, bizdən gözləntilər çox böyükdü. Çünki insanlar Premyer Liqa üçün darıxıb. 

- Gəncədə ailənlə yaşayacaqsan?

- Fikrimcə, Gəncədə yaşayıb orada məşq edəcəyik. Ümidvaram ki, Gəncədə də oynayacağıq. Xanımım və uşağım da Azərbaycana gələcək və birlikdə yaşayacağıq.

- Gəncə şəhər stadionu çempionata hazır deyil. Bu barədə fikrin necədi?
- Stadionun hazır olmadığını deməzdim. Çünki stadionun ot örtüyü ideal durumdadı. Bu da futbolçular üçün əsas məsələdi. Tribuna məsələsində isə suallar var. Amma bu məsələni də həll etmək olar.

- Premyer Liqadakı ilk görüşünüzü "Zirə"yə qarşı keçirəcəksiniz. Amma bu oyun Bakıda oynanılacaq. Yəqin ki, ev oyununuzu Gəncədə keçirmək istəyərdiniz....
-  Təbii ki, ev oyunumuzu Gəncədə öz azarkeşlərimiz qarşısında oynamaq istəyərdik. Gəncədə oynasaydıq, bizi dəstəkləməyə daha çox azarkeş gələcəkdi, çox yaxşı atmosfer olacaqdı.

- "Zirə" barədə hansı fikirdəsən? Onların avrokuboklardakı çıxışını izləmişdin?
- Bəli, "Zirə"nin avrokuboklardakı oyunlarını izləmişdim. Onların nəyə qadir olduğunu bilirəm. Buna baxmayaraq, biz rəqibi daha da yaxından analiz edəcəyik. Hansı komandanın güclü olduğunu oyun göstərəcək.

- Yəqin ki, "Qarabağ", "Neftçi", "Qəbələ" və "Zirə"nin avrokuboklardakı çıxışını izləmisən. Onları gördükdən sonra ölkə çempionatının necə keçəcəyini ehtimal edirsən?
- Bəli, onların oyunlarına baxırdım, həm də azarkeşlik edirdim. Çünki onlar bizim çempionatın təmsilçiləridi. Yeri gəlmişkən, "Qarabağ" və "Neftçi"də də çox yaxşı gürcülər oynayır. "Qarabağ" və "Neftçi" çox yaxşı təsir bağışladı. Hər zaman "Qarabağ" və "Neftçi" kimi güclü komandalara qarşı oynamaq maraqlıdı.

Mirbağırağa

Xəbər xətti