Azərbaycan millisinin veteran futbolçusu, futbol mütəxəssisi Ramiz Məmmədov Sportal.az saytına müsahibə verib.
O, "Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la oyununu dəyərləndirib və pley-off şanslarından danışıb.
- “Qarabağ” – “Ferentsvaroş” matçında gözlədiyiniz nəticə hansı idi?
- Düzünü deyim, bu oyunda “Qarabağ”dan heç bərabərlik də gözləmirdim. Tam səmimi deyirəm. Təmsilçimizin heç-heçə edəcəyini 40 faiz gözləyirdimsə, 60 faiz də məğlub olacağını ehtimal etmişdim. Ancaq “Qarabağ” imkanlarından çox artığını ortaya qoydu. "Sürix" matçından sonra Ramil Şeydayevi hamımız əsas heyətdə gözləyirdik. Kadi Borges, Kevin Medina, Maksim Medvedev və Riçard Almeyda yox idi, Qara Qarayev özünü vaxtında çatdırdı, Filip Ozobiç yaxşı oynadı. Komandanın start heyəti olmayanların boşluğunu göstərmədi. Şadam ki, “Qarabağ” Bakıda güclü rəqibilə bərabərə qaldı. İnamlı hesabdı. Mənə elə gəlir ki, uşaqlar Macarıstanda daha inamlı oynayacaqlar. Kadi Borges və Riçard Almeyda da sıraya dönəcək. Maksim Medvedev də oynaya bilər. Bakıda layiqli heç-heçə alındı. Halbuki, qalib də gələ bilərdik. Cəzalıların geri qayıtmasından sonra Macarıstanda daha yaxşı oynayacağıq.
- Kevin Medinanın zədəli olduğunu nəzərə alsaq, çoxları “Qarabağ”ın müdafiə xəttində boşluqlar verə biləcəyindən narahat idi. Sizcə, Medinasız alındı?
- Bədavi Hüseynov və Bəhlul Mustafazadə ümidləri doğrultdu, çox yaxşı,inamlı oynadılar. İnanıram ki, Budapeştdə özlərini daha yaxşı göstərəcəklər.
- Kadi Borgessiz, Riçard Almeydasız "Qarabağ" necə görünürdü? Fərq çox idi?
- Mən elə də böyük fərq görmədim. Kadi Borges Çempionlar Liqasına uğurlu başlayıb. Qolların vurulmasında iştirak edirdi. Onun olmamasına görə hücumda çətinliklər yarana biləcəyini düşünənlər ola bilərdi. Lakin yenə epizodlar var idi, qollar vururuq. Bu da sevindirici haldı.
- Budapeştdəki oyunla bağlı proqnozunuz necədi? “Qarabağ”ın pley-off şanslarını necə dəyərləndirirsiniz?
- Proqnoz verməyi xoşlamıram. Amma proqnozlarımın bəlkə də, 90 faizi düz gəlib. “Qarabağ”ın Bakıda qalib gələcəyinə inanmırdım. Maksimum heç-heçə edəcəyini düşünürdüm. Amma ilk oyundan sonra “Qarabağ”ın Budapeştdə “Ferentsvaroş”a qalib gələcəyini daha real görürəm.
- Niyə "Qarabağ"ın Bakıda qalib gələcəyinə inanmırdınız?
- Heyətdə kasadlıq var idi. Maksim Medvedev, Riçard Almeyda, Kadi Borges, Kevin Medina oynamırdı. Aparıcı futbolçuların oynamamasına görə inanmırdım. “Ferentsvaroş”un hücumdakı futbolçuları çox sürətlidi. Bizim müdafiədəki uşaqların da çevik olmaması çətinlik yarada bilərdi. “Ferentsvaroş”un “Slovan” kimi rəqibə səfərdə 4 qol vurması onların gücündən xəbər verirdi. Qurban Qurbanov və komandasını təbrik edirəm. Çox gözəl və inamlı oyun nümayiş etdirdilər. İnanıram ki, “Qarabağ” Budapeştdə daha yaxşı və daha rahat oynayacaq.
Mirbağırağa