"Sabah"ın baş məşqçisi Murad Musayev "Match TV" kanalına müsahibə verib.
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı haqda danışıb, bu sistem barədə fikirlərini bildirib:
"Rusiya VAR sistemindən çıxanda rahat nəfəs aldım (gülür). Təkrarlar 4-5 dəqiqə çəkir, bu, kimə lazımdır? Bu sistemdə hakimlikdən iki dəfə çox danışılır, çünki epizodları istədikləri kimi yozurlar.
Azərbaycanda yarım ildir VAR-sız köhnə, yaxşı futbol var idi, mən buna sevinirdim. Sonra bizi yığıb dedilər ki, bu sistemi tətbiq edirlər. Mən dedim ki, VAR Rusiyadakı kimi olacaqsa, bunun əleyhinəyəm. Ondansa VAR-sız oynamaq daha yaxşıdır. Sonra iki yoxlama matçı keçirdilər. Hər şeyi tez və dəqiq yoxladılar. Dedim ki, hər şey belə olacaqsa, mən də VAR-ın olmağını istəyərəm, VAR futbol üçün yaxşıdır. O, oyunu daha yaxşı edir. Amma bu sistemdən düzgün istifadə etmək lazımdır".
Murad Musayev "Hakimlərlə münasibətiniz necədir?" sualına belə cavab verib:
"Təxminən Rusiyadakı kimi. Keçən mövsüm vərəqələrim çox idi, son oyunu buraxdım. Kubokda da bir görüşdə qovulmuşdum. Narazı olduğum məqamlar var. Mən emosional məşqçiyəm, bizim əleyhimizə olan kobud səhvlərə reaksiya verirəm. Düşünürəm ki, çempionatın sonunda hakimlər bizi pis mühakimə etdilər. Meydanda yaxşı hadisələr baş vermədiyinə görə emosiyalarıma hakim ola bilmirəm".
saytlarin hazirlanmasi