"Qarabağ" Azərbaycan Premyer Liqasının birinci turunun oyununda öz meydanında "Səbail"i 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Həm sizin, həm bizim işimiz daha çox olacaq. Oyuna gəldikdə, çox vacib üç xalı qazandıq. Baxmayaraq ki, bir az narazılıq var idi. Rəqibi tam yaxından tanımırdıq, futbolçularının potensialına bələd deyildik. Hər bir halda futbolçularım sona kimi çox əziyyət çəkdilər. İlk oyundan göründü ki, çempionat heç də asan olmayacaq. Bugünkü oyun göstərdi ki, ola bilər bu çempionat keçən ilkindən daha maraqlı alınsın, çətin olsun. Futbolçularım hiss etdilər ki, hər oyuna ciddi yanaşmaq lazımdı. Mahmud Qurbanova, "Səbail"ə uğurlar arzulayıram. Qarşıdakı matçlarda daha məzmunlu oyun göstərəcəyik.
- Ötən ilki "Səbail"lə indiki arasında dəyişikliklər hiss olundu?
- Birinci oyundan fikir bildirmək çətin olar. Ola bilər ki, Mahmud Qurbanov düşüncələrini tam olaraq çatdıra bilməyib komandaya. Ötən mövsüm elə "Səbail"ə uduzmuşduq. Aftandil Hacıyev fərqli futbol oynadırdı, bu ilki fərqlidi. Ancaq bu mövsüm daha iddialı olduqları hiss edilir. Transferləri daha çoxdu. Hansısa ümumi fikir bildirmək asan deyil.
- Futbolçularınızın zədələnəcəyindən sanki ehtiyarlanırdınız...
- Ola bilər ki, ehtiyatlanırdım. Onları qoruyub-saxlamaq istəsəm, də alınmaz. Çünki futbolçu adi bir epizodda zədələnə bilər. Futbolçuların güclərini də bölüşdürdüm. Ona görə bəzi rotasiyalar etdik. Kimisə qoruyacağımdan narahat deyildim.
- "Ferentsvaroş"un kapitanı Ender Botka Macarıstan mətbuatına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionundakı kabab tüstüsündən şikayətlənib...
- Hava hamımız üçün eynidi. Əgər fikirləşirlərsə ki, isti havada biz yaxşı oynayırıq, onlar zəif oynayır, belə deyil. İsti hava bizə daha çox təsir edir, nəinki kənardan gələnlərə. Kabab tüstüsünə gəldikdə, biz azərbaycanlıyıq, hər millətin, xalqın öz adət-ənənəsi var. Kababımız məşhurdu, milli yeməyimizdi, bütün avropalılar gələndə kababdan dadırlar, sonra da ondan arzu edirlər. Etirazım filan yoxdu. Belə oyunlarda bizdə kabab iyi gəlirsə, Avropada içki iyi gəlir, sosiska iyi gəlir. Hər ölkənin öz adət-ənənəsi var. Əksinə, belə şeylərə sevinirəm. Bizim kababımız haqda danışırlar. Kim o kababın dadına baxırsa, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?
- "Ferentasvaroş"un çempionat oyunu təxirə düşdü, "Qarabağ" isə oynadı. Bu haqda fikriniz necədi?
- Fərqli yanaşmaq olar. Bundan əvvəlki turda rəqib oynamışdı. Onlar 1-2 oyunçularını rotasiya etmişdilər. Bəzi futbolçularım var idi ki, çox az oynayırdılar. İdman formaları yaxşı olmalıdı. Futbolçularıma güvəndim ki, 5-6 gün bəs edər. Futbolçularımın formadan uzaq düşməməsi haqda düşündüm. Məşqdə 20 eyni səviyyədə futbolçu olanda, kefiyfiyyət daha çox görünür. Qarşıda hansısa vacib oyunlardan sonra bəlkə biz də müraciət edə bilərik. Amma hazırda belə planımız yoxdu. İnanıram ki, 3-4 günü düzgün götür-qoy edib, futbolçuları daha yaxşı hazırlayacağıq.
- Yeni transferlər gözlənilir?
- Ehtimal var. Dayanmamışıq, baxırıq, danışıqlar gedir.
- Azarkeşlərin komandaya inamı daha da artıb, uğurun davamını istəyirlər. Siz nə düşünürsüz?
- Bu fikirlər məni sevindirir. Həmişə futbolu azarkeşlər üçün oynamışıq. İstəyirik ki, azarkeşər stadiondan məyus getməsinlər. Yaxşı oyun görüb, yaxşı nəticəyə sevinirlər. İnanıb güvənirlərsə, mütləq çalışmalıyıq ki, daha yaxşı olaq, daha böyük işlər üçün çalışmalıyıq. Bizim də inamımız var, onları sevindirmək istəyirik. Çalışacağıq ki, Macarıstan səfərində azarkeşlərin güvənini itirməyək. Yaxşı nəticə üçün sona kimi oynaycağıq.
- Sosial şəbəkələrdə biletin qiymətilə bağlı etirazlar var idi. Bununla bağlı fikriniz necədi?
- Bəlkə də mənə aid olmayan məsələdi. İnanın ki, etiraz olmayan sahə yoxdu. Ən başlıcası odur ki, pozitiv fikirlər daha çoxdu. Əlbəttə ki, bütün insanların yaşayış səviyyəsi eyni deyil, kiminsə gücü çatır, kiminsə çatmır. Futbol elə səviyyəyə çatıb ki, azarkeşsiz futbol futbola bənzəmir. Digər məsələyə gəlincə, klubun ayrıca qrupu var, bu işlə məşğuldular. Həmişə azarkeşlərin stadionu doldurmasını istəyirəm. Mənim tərəfimdən nə kömək lazımdırsa, onların yanındayam. Hər zaman da belə olub. Hər bir halda mənə aid olmayan məsələdi. Klubda bununla məşğul olanlar var.
- Avrokuboklarda "Qarabağ" tribunaları doldurur, amma yerli çempionatda az tutumu olan stadion dolmur. Sizcə, problem nədədi?
- Futbol elə oyundur ki, gərək sevdirməyi bacarasan. Avropa oyunlarında minimum nəticələrə görə futbolu sevdirə bilmişik. Amma ölkə çempionatına sanki inam azdı. Ona görə maraq az olur. Hansısa yolla ölkə çempionatını sevdirmək lazımdı. Bu, çox vacibdi. Bunu hansı formada etmək lazım olduğunu bilmirəm. İstərdik ki, çempionat oyunlarında da tribunalar dolsun. Amma əfsuslar olsun ki, vəziyyət belədi, heç nə edə bilmərik. Amma "Qarabağ" olaraq arxamızda çox böyük azarkeş kütləsi hiss edirik. Bəlkə də gələcəkdə azarkeşlər üçün maraqlı nəsə edərlər ki, onlar da gəlsinlər. Buna ümidliyik.
- Julio Romao haqda fikriniz necədi? "Ferentsvaroş"la oyunda onu əsas heyətdə görə bilərik?
- Qarşıda bir neçə oyunumuz var. O, öz idman formasında deyil. Amma bu gün çox xoş təsir bağışladı, oyunundan razı qaldım. Baxmayaraq ki, neçə aylardan sonra ilk dəfə 60-65 dəqiqə oynadı. Oyun intizamından çox xoşum gəldi. Ümumi futbol anlayışı məni qane etdi. Bir neçə oyundan sonra daha yaxşı Romao görəcəyik. Səfərdəki oyunda start heyətində olmasına gəlincə, bəzi rotasiyalar etdik və vaxtımız var ki, fikirləşək. İndi deyə bilmərək ki, Macarıstanda start heyətində olacaq, ya yox.
Mirbağırağa
saytlarin hazirlanmasi