"Kəpəz"in kapitanı Tural Axundov Sportal.az saytına müsahibə verib. Təcrübəli futbolçu Gəncə klubunun Premyer Liqanın ilk turundakı "Zirə"yə məğlubiyyətini şərh edib. Bununla yanaşı o, həm də komandasının yüksək liqadakı hədəflərindən söz açıb.
- "Zirə"yə qarşı matçınız necə alındı? Yəqin ki, məğlub olacağınızı gözləmirdiniz...
- Matça çox yaxşı hazırlaşmışdıq. Əlbəttə ki, məğlub olacağımızı gözləmirdik. Çünki yaxşı oynadıq, əsl mübarizə apardıq. Məğlub olsaq belə, hələ heç nə bitməyib.
- Komandanın son dəqiqələrdə ən azından bir xal qazanmasına nə mane oldu? Nəyə görə hesabı qoruyub-saxlaya bilmədiniz?
- Yeni oyunçularımız var. Ola bilər ki, onlar da həyəcanlı idilər. Amma futbol 90 və artırılan dəqiqələr qədərdi. Ona görə də sona qədər vuruşmaq lazımdı.
- Gəncədə oynamamağınız, rəqibi Bakıda qəbul etməyiniz nəticəyə və oyununuza nə dərəcədə təsir göstərdi?
- Gəncədə oynasaydıq "Zirə"ni mütləq məğlub edərdik. Buna əminəm. Ancaq nə etmək olar, necə qərar verilibsə, ona da hazır olmaq lazımdı. Heyf ki, matç Gəncədə keçirilmədi.
- Yaşar Vahabzadə matçdan sonra sizə nə dedi?
- Yaşar müəllim hamımızı təbrik etdi. Çünki birinci oyun idi. Bildirdi ki, başınızı dik tutun və hər şey yaxşı olacaq. Axı yaxşı futbol oynamışdıq. Təəssüf ki, son saniyələrdəki diqqətsizliyə görə qol buraxaraq uduzduq.
- Növbəti turda "Neftçi"nin qonağı olacaqsınız. Yəqin ki, rəqibin avrokuboklardakı oyununu izləmisən. Paytaxt klubu haqda fikrin necədi və onları səfərdə məğlub edə bilərsiniz?
- "Neftçi" köklü klubdu. Bunu hamı bilir. Özüm də orada oynamışam. Oranın atmosferini yaxşı bilirəm. "Neftçi" ilə oyuna çıxıb vuruşacağıq. Qalib gələ bilməyimiz öz əlimizdədi.
- Ümumiyyətlə, "Kəpəz" hazırki heyətilə bu mövsüm nə edə biləcək? Autsayder olmamaq mümkündü?
- Autsayder olmaq istəmirik. Hələ ki, çempionat yeni başlayıb. İnanmıram ki, turnir cədvəlinin aşağı pillərində qərarlaşaq. Necə komanda olduğunmuzu özünüz də görəcəksiniz. Hamımız bir nəfər kimi axıra qədər vuruşsaq, turnir cədvəlinin yaxşı pillələrində qərarlaşa bilərik.
Mirbağırağa