"Ferentsvaroş" yaxşı komanda olsa da, inanıram ki, mərhələni "Qarabağ" keçəcək"

22:35 - 7 Avqust 2022

"Sabah"ın baş məşqçisi Murad Musayev "Qarabağ"ın avrokuboklardakı çıxışından danışıb.

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis Ağdam klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ferentsvaroş"la oyunundan söz açıb:

"Qarabağ" haqda yalnız xoş sözlər demək istəyirəm. Bu klub Azərbaycan futbolunun fəxridi. "Lex" və "Sürix"ə qarşı parlaq oyunlar oynadılar. "Ferentsvaroş"la cavab oyunundan öncə Kadi Borges və Riçard Almeydanın qayıtması üstünlükdü. Kadi son oyunlarda açar futbolçulardandı. "Ferentsvaroş" yaxşı komanda olsa da, inanıram ki, mərhələni "Qarabağ" keçəcək. Bakıdakı oyundan əvvəl kapitan və çempionatın ən güclü müdafiəçisini itirdilər. Çətin duruma düşmüşdülər. Amma evdə layiqli şəkildə oynadılar. Doğrudu, Budapeştdəki oyunda iki futbolçu sıraya qayıdacaq. İstənilən halda komanda üçün itkilər var. Məncə, "Qarabağ" səfərdə də bacardığı kimi oynamalıdı. Uzun illərdir ki, komanda stabil futbol göstərir. Öz oyunlarını nümayiş etdirsələr, yaxşı nəticə əldə edəcəklər".

Musayev həm də daxili oyunlara azarkeş marağının olmamasından şikayətlənib: "Qarabağ"ın "Ferentsvaroş"la oyununda tribunada 32 mindən çox azarkeş var idi. Daxili liqada da eyni atmosferin olmasını istəyirik. Kim bunu etməlidir, bilmirəm. Bu qədər azarkeş "Qarabağ"ın oyununa gəlirsə, demək ki, insanlar futbolu sevir. Ötən mövsüm "Qarabağ"la səfərdə 1:1 oynadıq və onlar çempion oldu. Demək olar ki, tribunada heç kim yox idi. Halbuki, oyundan əvvəl fikirləşirdim ki, azarkeş dolu olacaq. Bəlkə də biz məşqçilər komandalarımızı yaxşı hazırlamalıyıq ki, gözəl futbol olsun. Azərbaycanda futbolu sevirlər və yaxşı azarkeşlik edə bilirlər".

Mirbağırağa

 

Xəbər xətti