“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Sportal.az saytına müsahibə verib. "Neftçi"dən Tovuz klubuna icarəyə yollanmış yarımmüdafiəçi komandanın hədəflərindən söz açıb.
- "Turan Tovuz"u çempionata hazır hesab etmək olar?
- Yaxşı toplanış keçmişik, çempionata yaxşı hazırlaşmışıq. İlk tura da hazırıq. Yaxşı oyun göstərib, uğurlu nəticə ilə azarkeşləri sevindirmək istəyirik.
- Gürcüstan toplanışı yaxşı keçmişdi?
- Hər şey yaxşı səviyyədə keçdi. Çalışdıq ki, yeni mövsümə hazır olaq. Yoxlama oyunları da oynadıq. Çempionata hazır olduğumuzu düşünürəm.
- Yeni mövsüm məqsəd nə olacaq?
- Yeni komandayıq, heyətdəki futbolçuların böyük əksəriyyəti yenidi. Hələ ki, anlaşmanın daha yaxşı səviyyəyə çatmasına çalışırıq. Bunun üçün də işləyirik. İnanıram ki, zamanla hər şey daha yaxşı olacaq.
- Uzun illərdən sonra "Turan Tovuz" Premyer Liqada təmsil olunacaq. Azarkeşlərin dəstəyini hiss edirsiniz?
- Azarkeşlərimizə təşəkkür edirəm, onlar bizə dəstək olur məşqlərdə. Hər halda rəsmi matçlarda da dəstək olacaqlar. İnanıram ki, ilk turda da yaxşı azarkeş dəstəyimiz olacaq. Biz də onları sevindirməyə çalışırıq.
- İlk turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu matçla bağlı düşüncələrin necədi?
- "Qəbələ" yaxşı komandadı. Avrokuboklarda da yaxşı oynadılar. Heyətlərində yaxşı oyunçuları var. Rəqibi evdə qəbul edirik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Ümidvaram ki, bu, bizdə alınacaq.
- Məxsus olduğun "Neftçi" avrokuboklarda çıxış edir. Onlar haqda hansı fikirdəsən?
- Onların uğuruna sevinirəm. Ümidvaram ki, uğurlu nəticələr davam edəcək.
- "Turan Tovuz"da göstərəcəyin performansla "Neftçi"yə qayıdacağına ümid edirsən?
- Burada icarə əsasında oynayıram. Komandaya kömək etməyə gəlmişəm. İndi qarşıdakı oyunları düşünürəm. Necə olacağını zaman göstərəcək.
Mirbağırağa