2005-2010-cu illərdə “Neftçi”nin qapısını qorumuş, sonradan bu komandada qapıçılarla işləyən məşqçi kimi çalışmış Vladimir Miçoviç Sportal.az saytına müsahibə verib. Veteran qolkiper “ağ-qaralar”ın avrokuboklardakı çıxışını dəyərləndirib.
- "Neftçi" hazırda Konfrans Liqasının üçüncü təsnifat mərhələsindədi. Onlar evdə “Rapid”i məğlub etməyi bacardılar. Sənin üçün sürpriz deyildiki?
- "Neftçi"nin çıxışlarını daim izləyirəm. Mən bu komandaya azarkeşlik edirəm. "Rapid" səddini keçmələrini çox istəyirəm. Ən azından Konfrans Liqasının qrup mərhələsinə düşsələr, çox yaxşı olardı. "Neftçi" buna layiqdi. Bu mövsüm avrokuboklarda nümayiş etdirdikləri oyunlarına da baxmışam. Məncə, hər şey yaxşı gedir.
- "Neftçi" Avstriyada istədiyi nəticəni əldə edə bilər?
- "Neftçi" "Rapid"lə çox yaxşı oynaya bildiyini artıq nümayiş etdirdi. Onlar Avstriyadakı matçda ağıllı oynasalar, mərhələni də keçəcəklər. Məncə, "Neftçi" Avstriyada növbəti mərhələyə adlayacaq. Buna çox inanıram.
- Buna qədər "Neftçi" "Aris"ə səfərdə 0:2 uduzub evdə 3:0 məğlub edib. Yəqin ki, komandanın son iki matçda qalib gəlməsi özünəinamı artırıb...
- Görünən budur ki, səfər matçında nəsə çatışmır. Amma komanda evdə çox etibarlı oynayır. Hər halda "Neftçi" hələ ki, bir səfər oyunu keçirib. Bu dəfə ikinci oyun olacaq. Ümidvaram ki, Avstriyada "Neftçi"nin istədiyi hər şey alınacaq. Çünki dediyiniz kimi, komanda son iki matçda inamlı oynayaraq qələbə qazanar.
- Samir Abasovla yollar ayrıldıqdan sonra baş məşqçi postu Laurentsiu Regekampfa tapşırıldı. Rumıniyadan olan bu mütəxəssis barədə məlumatın var?
- Düzünü deyim, Laurentsiu Regekampfı məşqçi kimi tanımıram. Amma yaxşı məşqçi olduğunu və "Neftçi"yə kömək edə biləcəyini eşitmişəm. Ümidvaram ki, onda hər şey yaxşı alınacaq və "Neftçi"yə uğurlar qazandıracaq.
- "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının üstündən uzun müddət keçib. Səncə, yenidən qruplara düşməyin vaxtı çatmayıb?
- Bəli, artıq uzun zaman keçib və bunu dəyişmək lazımdı. "Neftçi" hər il Avropada çıxış etməlidi. Bu cür böyük, tarixi klub hər zaman avrokuboklarda oynamalıdı. Çünki onlar buna layiqdi. "Neftçi" çox böyük klubdu.
- "Neftçi"nin Bakıdakı oyunlarından birini stadiondan canlı izləmək fikrin, planın var, yoxsa heç bu haqda düşünmürsən?
- Əlbəttə ki, "Neftçi"nin oyununu izləmək üçün Bakıya gəlməyi çox istəyirəm. Gəlib stadiondan "Neftçi"yə azarkeşlik etmək niyyətindəyəm. Ümidvaram ki, bir gün alınacaq və Bakıya gəlib bunu edəcəm.
Mirbağırağa