"Şamaxı"nın kapitanı Elvin Məmmədov Sportal.az saytına müsahibə verib.
- "Şamaxı" mövsümə "Neftçi" oyunu ilə başladı və evdə rəqibinə uduzdu. Matç sizin üçün necə alındı?
- Mövsümün ilk oyunu həmişə ağır keçir. Gənc və yeni yığılmış komandayıq. Xal və xallar qazanmaq hər komandanın istəyidi. İlk oyun olduğunu nəzərə alsaq, ən azından bir xal qazansaydıq daha yaxşı olardı. Təəssüf ki, alınmadı.
- "Neftçi" avrokuboklarda çıxış edir deyə, onlar üçün 4-cü rəsmi matç idi. Bu, onlara üstünlük qazandırırdı? Meydana daha çox oynamayan futbolçularla çıxmaqları sizin şanslarınızı artırırdı?
- "Neftçi" heyəti bəlli olan köklü komandalarımızdan biridi. İlk hissədə onlar üstün oynadılar. Ancaq ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Mən siz deyən fikirlə razı deyiləm. Bir futbolçu "Neftçi"də oynayırsa, demək ki, o komandanın üzvüdür. Oyun praktikasına qalsa, bizdə olan uşaqların da oyun sayı çox azdı.
- Əslində, qol epizodlarınız da olurdu. Təcrübəsizlik sizə mane oldu, yoxsa ustalıq səviyyəsi, və ya bəxtsizlik?
- Bəli, hər iki hissədə qol epizodlarımız oldu. Həm təcrübəsizlik, həm də ustaqlıq səviyyəsini qeyd edərdim.
- "Şamaxı"nın bu mövsüm gücü nəyə çatacaq?
- Baş məşqçimiz bizə hər iclasda deyir ki, döyüşkən komanda görmək istəyirəm. Bildiri ki, top itkisi də olacaq, qol da vura bilməyəcəyik, amma əsas odur əzmkarlığımızı itirməyək.
- İkinci hissədə "Neftçi"nin baş məşqçisi komandanın aparıcı oyunçularını meydana buraxdı. Bundan sonra işiniz daha da çətinləşdi, yoxsa heç bir fərqi yox idi?
- Əlbəttə ki, Emin Mahmudov meydana daxil olmaqla oyunu dəyişdirdi.
- "Neftçi"ni daha yaxından gördün. Onlar iki gün sonra "Rapid"lə qarşılaşacaqlar. Necə düşünürsən, səfərdə "Rapid" səddini keçə bilərlər?
- "Neftçi"yə uğurlar arzu edirəm. Allah qoysa, sevinən tərəf biz olarıq. "Neftçi" "Rapid"i evdə məğlub edibsə, inanıram ki, səfərdə də qalib gələcək.
- Qarşıdakı turda "Qəbələ" ilə qarşılaşacaqsınız. "Qəbələ" "Turan Tovuz"a səfərdə qalib gələ bildi. İkinci turda ilk qələbənizi qazana biləcəksiz?
- Bizim üçün hər oyun ağır keçəcək. "Qəbələ"yə gəlincə, çox yaxşı komandadı. Amma biz layiqli mübarizə aparmağa çalışacağıq. Çünki bizə güvənən insanları sevindirmək istəyirik.
Mirbağırağa