Şahin Diniyev: "Meydanda ideal "Qarabağ" gördüm" - MÜSAHİBƏ

17:21 - 10 Avqust 2022

"Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Macarıstan səfərində "Ferentsvaroş"a qalib gəldi. Bakıdakı oyundan sonra buna inamınız nə qədər idi? "Qarabağ"ın səfərdə rəqibinə qalib gələcəyini ehtimal edirdiniz?
Bakıdakı oyunda elə isti var idi ki, meydanda olmağın özü qələbə idi. Hər iki komandaya aiddi. Çünki hava elə idi ki, oyun üslubunda, matçın tempində problemlər ola bilərdi. Ancaq Budapeştdəki hava imkan verirdi ki, hər iki komanda öz oyununu göstərsin. Oyundan öncə qarışıq fikirlər var idi. Bilmək olmurdu, "Qarabağ" güclüdü, yoxsa "Ferentsvaroş". Çünki paytaxtımızdakı matçda nə "Qarabağ" öz oyununu göstərdi, nə də "Ferentsvaroş". Hər iki komanda öz oyununu Budapeştdə nümayiş etdirdi. Ona görə də oyundan əvvəl şanslar bərabər idi. Deməzdim ki, "Qarabağ"ın qələbəsini gözləmirdim. Amma gözlədiyimi də deyə bilmərəm.

- Necə düşünürsünüz, qələbədə əsas rolu nə oynadı? Sanki "Qarabağ" səfərdə Bakıdakından daha effektli idi..
Həm hava şəraiti, həm də "Qarabağ"ın oyuna ideal hazırlaşması öz sözünü dedi. Meydanda ideal "Qarabağ" gördüm. Neçə vaxtdır ki, komandanı izləyirəm. Amma bu dəfə daha ideal komanda göründü. Bütün komponentlərdə "Ferentsvaroş"u məğlub etdilər. Məni sevindirən ən başlıca məqam isə "Qarabağ"ın "Ferentsvaroş"u fiziki cəhətdən də üstələməsi idi. Bu, Azərbaycan futbolu üçün yeniliklərlə dolu məqamdı.

- Kadi Borgesin dönüşü "Qarabağ"a böyük üstünlük qazandırdı?
-
 Bəli, Kadi "Qarabağ"ın oyununu gücləndirdi. Hücumlara kreativlik qatdı. Vurulan qollarda əməyi böyükdü. "Qarabağ"ın gücünə güc qatdı. Digər futbolçuların hər biri səhvsiz, ideal oynadı. Meydana sonradan daxil olanlar da əla idi. Şahruddin Məhəmmədəliyev çərçivədə daha çevik, daha yaxşıdı. Avrokuboklarda bir neçə oyunda çıxışlarında problemlər görünürdü. Lakin dünən Şahruddinin topa çıxışları məni heyrətə gətirdi. Bəstəboy olmasına baxmayaraq, çıxışlarda möhtəşəm oynadı. Çərçivədə də çox yaxşıdı. Həm çərçivədə, həm çıxışlarda möhtəşəm olması, "Qarabağ"ın qələbəsində böyük rol oynadı.

- Kevin Medinanın zədələnməsindən sonra əksəriyyət müdafiənin mərkəzindən narahat idi. Sizcə, Bədavi Hüseynov - Bəhlul Mustafazadə tandemi həmin boşluğu aradan qaldıra bildi?
İkinci oyundur ki, artıq Kevin Medina ilə Maksim Medvedev yox idi. Bəhlulla Bədavi onların yerini boş qoymadılar, onları layiqincə əvəz etdilər. Hər ikisi səhvsiz, sadə, etibarlı futbol oynadı. Bu, "Qarabağ"ın əsas heyətinin 22-25 futbolçudan ibarət olduğunu göstərir. Futbolçular dəyişsə də, sistem dəyişmir. Həmin futbolçular da sistemə uyğun oynadılar. Əlbəttə ki, Medina və Maksim güclü futbolçulardı. Bunu danmaq olmaz. Ancaq Bəhlul və Bədavi onların yoxluğunu hiss etdirmədilər.

- Rusiya mətbuatı bu matçı bir növ Qurban Qurbanov - Stanislav Çerçesov dueli kimi görürdü... 
Oyunlar fərqli ola bilər. Ancaq bu o demək deyil ki, hansısa məşqçi o birini üstələdi. Bayaq da dedim ki, "Qarabağ" "Ferentsvaroş"u bütün komponentlərdə üstələdi. Taktiki, texniki, fiziki cəhətdən belə idi. "Qarabağ"da yüksək motivasiya var idi. Məşqçiləri isə qarş-qarşıya qoymaq etik cəhətdən doğru deyil.

- "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Viktoriya"dı. Necə düşünürsünüz, təmsilçimiz Plzen klubunu turnirdən kənarlaşdıra biləcək?
Geridə qalan üç oyundan sonra "Qarabağ"ın şansları daha yüksək görünür. Baxın, Azərbaycan çempionu hansı komandaları turnirdən kənarlaşdırıb. Polşa, İsveçrə və Macarıstan çempionlarına qalib gəldikdən sonra Çexiya çempionu da onlar üçün böyük sədd olmayacaq.  Əlbəttə ki, "Viktoriya" güclü komandadı. Sadəcə olaraq, indi "Viktoriya" fikirləşməlidir ki, "Qarabağ"ı keçə bilər, ya yox. İstiqamət dəyişib. Bu oyunlardan sonra nəinki Azərbaycanda, Avropada da "Qarabağ"a qarşı yanaşma dəyişib. Son oyundan sonra "Qarabağ"ı "Viktoriya" ilə matçların favoriti hesab etmək olar. "Ferentsvaroş"a qarşı möhtəşəm idilər. Bu oyuna da ciddi hazırlaşacaqlar. Qrupa sonuncu addımdı. Gözəl şans var və bundan da istifadə edəcəklər.

Mirbağırağa

Xəbər xətti