Azərbaycanın U-21 yığmasının sabiq üzvü Ozancan Kökçü Sportal.az saytına müsahibə verib.
Bir neçə gün əvvəl "Telstar"dan ayrılaraq "Eyndhoven"ə keçən Kökçü yeni komandasındakı hədəflərindən də söhbət açıb.
- "Eyndhoven"ə keçidin necə baş tutdu?
- Niderlanda qayıtmağımın məqsədi özümü daha da inkişaf etdirərək yüksəlişə keçmək idi. Bu hədəfimə addım-addım çatdığıma inanıram. "Eyndhoven" də səviyyəmin və yüksəlişimin fərqinə vardı. Onlar çətin və uzun müddət sürən mübarizədən sonra məni heyətinə qatdı.
- Bu klubda hədəflərin nədən ibarət olacaq? Yəqin ki, növbəti mövsüm yüksək liqada oynamaq üçün yaxşı şans yaranıb?
- Düşünürəm ki, hədəfsiz idmançı yoxdu. "Eyndhoven" iddiası olan klubdu və ötən mövsümü də üçüncü pillədə başa vurublar. Hətta pley-off mərhələsində mübarizə aparıblar. Sadəcə son anda yüksək liqaya vəsiqə qazanmağı bəxtsizliklə əldən veriblər. Bu o deməkdir ki, bu il daha yaxşı komanda formalaşdıraraq birlikdə yüksək liqaya vəsiqə qazanmağı hədəfləyirik.
- Bu yay Azərbaycan klublarından təkliflər almışdın?
- Bu yay Türkiyədən və başqa liqalardan təklif almışdım. "Telstar" ilə müqaviləm qüvvədə var idi deyə, transfer məbləğim yüksək oldu. Azərbaycan klublarının mənə görə transfer məbləğini ödəyəcəyini düşünmürəm. Heç bir komanda ilə danışıq aparmadım. "Eyndhoven" isə mənə inandığına görə həmin məbləği ödədi və bu məni daha da motivasiya etdi. Belədə, digər komandaların təklifi ilə maraqlanmadım.
- Eyndhovenin daha güclü komandası PSV-di. Bu klubda oynamağı xəyal edirsən? Hər halda şəhərin ən yaxşı komandasının diqqətini çəkmək mümkün olar?
- Niderland Yupiler liqası həqiqətən səviyyəlidi. Dünyanın bir çox ölkəsində də izlənilir. Skoutinq sistemi çox genişdi, ona görə də Niderland Liqasının və Avropa klublarının arxa heyəti kimi bilinir. Kim bilir, bəlkə də, burada ciddi işlər görərək hədəfi daha böyük olan komandalara gedə bildim. Təbii ki, klubumun icazəsi olarsa.
- Ötən mövsüm Niderland 1-ci liqasında daim oyunlara çıxsan da, Azərbaycan millisindən sənə dəvət gəlmədi. Yeni mövsüm necə, milliyə dəvət olunacağına inanırsan?
- Azərbaycan millisinə yalnız yaxşı oynayaraq dəvət olunduğunu düşünmürəm. Təəssüf ki, millidə münasibətlər yüksək səviyyədə işlərini görür. Təəssüf, çox təəssüf. Bizim isə bu cür məsələlərlə işimiz olmaz. Səviyyəmizlə bir yerlərə gəlmək istəyirik. Bu, belə də qalacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi