"Turan Tovuz"un futbolçusu: "Asan rəqib olmayacağıq" - MÜSAHİBƏ

11:50 - 13 Avqust 2022

"Turan Tovuz"un müdafiəçisi Səbayıl Bağırov Sportal.az saytına müsahibə verib:

 

- Uzun fasilədən sonra "Turan Tovuz" Premyer Liqaya qayıtdı. Təəssüratların necədir?

- Bir tovuzlu olaraq komandamızın Premyer Liqaya qayıtmasına çox sevinirəm. Doğma şəhərin doğma komandasının yüksək liqada olması hər tovuzlunun arzusu, istəyi idi. 

 

- İlk turda "Qəbələ"yə qarşı keçirdiyiniz oyunu necə dəyərləndirirsən?

- "Qəbələ" ilə matça ciddi hazırlaşmışdıq. Uzun fasilədən sonra Premyer Liqada ilk oyunumuz öz meydanımızda, azarkeşlərimizin qarşısında olacaqdı. Həmin oyuna çox ciddi yanaşmışdıq. Təəssüf ki, qələbə qazana bilmədik.

 

- İlk dəfə Premyer Liqa matçında oynadın. Hansı hisslər keçirirsən?

- Bəli, ilk dəfə Premyer Liqada oyuna çıxdım. Hər bir futbolçunun məqsədi yüksək liqada oynamaq, bu yolda irəliləməkdir. İlk Premyer Liqa matçım doğma şəhərdə, doğma klubda oldu. Mənim üçün çox önəmli, gözəl və unudulmayacaq hisslər idi. 

 

- Əsas heyətdə möhkəmlənmək şansını necə dəyərləndirirsən?

- Əlbəttə ki, verilən hər şansı dəyərləndirməyə çalışıram. Komandanın uğurları və öz karyeramla bağlı ən yaxşısını etməyə səy göstərirəm. Heyətdə möhkəmlənmək üçün verilən tapşırıqları daha dəqiq, daha doğru yerinə yetirmək lazımdır. Hər kəsin idmanda bir hədəfi olur. O hədəfə çatmaq üçün irəliləməkdə davam etmək lazımdır. Daha çox çalışmaq, yenilikçi olmaq vacibdir. 

 

- Karyeranla bağlı hansı hədəflərin var?

- Premyer Liqada daha çox Oyun keçirmək istəyirəm. Ən böyük hədəfim milli komandanın şərəfini qorumaqdır. 

 

- I Divizionda oynamısan, Premyer Liqada isə ilk matçına çıxdın. Bu iki turnir arasında hansı fərqlər var?

- Fərq əlbəttə ki, böyükdür. Premyer Liqada da çox göz önündə olursan. Burada daha keyfiyyətli, sürətli, baxımlı futbol olur. Premyer Liqada oynayarkən karyera ilə bağlı yaxşı hədəflər və şanslar ola bilər. 

 

- Bu gün "Səbail"lə qarşılaşacaqsız. Hansı nəticəni gözləyirsən?

- Biz hər oyuna ciddi hazırlaşırıq. Ümid edirəm ki, bizim üçün hər şey yaxşı olar və qələbə qazanarıq.

 

- "Turan Tovuz"un çempionatda hədəfi nədir?

- Uzun fasilədən sonra Premyer Liqaya qayıdan komandada öncə sağlam kollektiv olmalıdır. Ayxan Abbasovun rəhbərliyi altında yaxşı komanda formalaşıb. Asan rəqib olmayacağıq. "Turan Tovuz"un adına, azarkeşlərinə yaraşan şəkildə mübarizə aparacağıq.

 

- "Qəbələ" ilə oyunda tribunalar dolu idi. Böyük azarkeş dəstəyinin qarşısında oynamaq necədir?

- Bəli, "Qəbələ" ilə oyunda tribunalar dolu idi. I Divizionda oynayanda da azarkeşlər çox olurdu. Amma Premyer Liqa həyəcanı, atmosferi başqa olur. Azarkeşlərimiz möhtəşəm idilər. Biz də istəyərdik ki, qələbə qazanıb, onları sevindirək. Təəssüf ki, alınmadı.

 

Elçin Əlixan

Xəbər xətti