Futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına müsahibə verib.
O, "Qarabağ" və "Neftçi"nin avrokuboklardakı oyunlarını dəyərləndirib.
"Qarabağ" Macarıstan səfərindən uğurlu nəticə ilə döndü. Budapeştdə qazanılan uğuru necə şərh edərdiniz?
- Macarıstanda möhtəşəm qələbənin şahidi olduq. İlk yarıda demək olar ki, gözümüz bir yerdə dayanmırdı. Top gah bir qapının ağzında olurdu, gah da digərinin. İlk hissə qarşılıqlı hücumlarla keçdi. Məşqçilər heyəti düzgün taktiki üslub seçmişdi. "Qarabağ" Bakıda keçirilən oyunda bir az ehtiyatlı davranırdı. Cavab matçında isə komanda səfərdə oynamağına baxmayaraq, daha öndə pressinq edərək, rəqibi sıxaraq, onlara təzyiq göstərməyə başladı. Bu təzyiqlərə görə də minimum 2-3 qol imkanı yarandı. İlk dəqiqələrdə bu imkanlardan birini dəyərləndirmək mümkün oldu. Bununla yanaşı "Ferentsvaroş"un da hücumlarının şahidi olduq. Onlarda yüz faizlik qol imkanları yaratdılar. Hesab edirəm ki, matçın qırılma nöqtəsi Şahruddin Məhəmmədəliyevin ilk dəqiqələrdə etdiyi qurtarış idi. Həmin epizod qol olsaydı, oyun çətin ola bilərdi. Buna baxmayaraq "Qarabağ" təzyiqi aşağı salmadı. Bakıda ilk oyun idi deyə komandalar ehtiyatlı davranırdı. "Ferentsvaroş" ikinci hissədə tam olaraq qapalı oyun göstərmişdi. Belə müdafiəni yarmaq asan olmur. "Qarabağ" ın rəqib meydanında qalib gəlməyinin səbəbi "Ferentsvaroş"un öndə oynamağa məcbur qalması idi. Bundan əlavə rəqib Ağdam təmsilçisinin yüksək təzyiqli pressinqini bəlkə də gözləmirdi. Bunun nəticəsində komandailk dəqiqələrdə qol şansları qazandı və bunların birini qola çevirdi. Hesabda geriyə düşdükdən sonra Macarıstan təmsilçisi qol vurmaq, daha açıq futbol oynamaq məcburiyyətində idi. Belə olan halda isə "Qarabağ"ın hücum xəttində olan sürətli, texnikalı futbolçuları qol vəziyyətləri yaradırdılar.
- "Qarabağ"ın pley-off matçına kimi transferə ehtiyacı olduğunu düşünürsüz? Komandanın güclənməli olduğu mövqe hansıdır?
- Düşünmürəm ki, məhz "Viktoriya" ilə oyuna kimi "Qarabağ" transfer etməlidir. I təsnifat mərhələsi zamanı mən də düşünürdüm ki, komandaya transferlər lazımdır. İndi də elə düşünürəm. Amma "transfer etməsələr, "Viktoriya" səddini keçə bilməyəcəklər" deyə bir şey yoxdur. Düşünürəm ki, bu heyət Çexiya klubunu keçməyə qadirdir. Artıq komandada oturuşmuş, bir-birini başa düşən özək var. Bu oyunçularla Çempionlar Liqasının qrup mərhələsinə düşmək mümkündür və çox güman ki, düşəcəklər. Qrup mərhələsində isə rəqiblərdən asılı olaraq transferlərə ehtiyac olacaq. Mənə elə gəlir ki, bir mərkəz müdafiəçisi lazım olacaq. Çünki, indiyə kimi Maksim Medvedev və Kevin Medina işlərinin öhdəsindən gələ bilirdilər. Kolumbiyalı müdafiəçi uzun müddət oynaya bilməyəcək. Ona görə də ən azından bir mərkəz müdafiəçisinə ehtiyac duyula bilər. Vadjinin hücumda yaxşı oyun nümayiş etdirməyinə baxmayaraq, bəzən epizodları dəyərləndirə bilmir. Qrup mərhələsində isə bu cür situasiyalardan yararlana bilməyəndə bağışlamayacaqlar. Ona görə də öldürücü, qol vura bilən bir hücumçuyla ehtiyac var.
- "Qaraba"ğın "Viktoriya" ilə oyunlarda şansları nə qədərdi? Plzen səddi 2016-cı ildə keçilməmişdi. Halbuki həmin vaxt şanslar yüksək qiymətləndirilirdi...
- "Viktoriya" demək olar ki, yerli futbolçulardan ibarət olan komandadır. Bəli, "Qarabağ" bir neçə il əvvəl "Viktoriya" səddini keçə bilməmişdi. Amma həmin oyuna baxsaq, görərik ki, Ağdam təmsilçisi oyunu 90 dəqiqə rəqib qapısının qarşısında keçirmişdi. Həmin vaxt hər şey istədiyimiz kimi gedirdi. Sadəcə olaraq 90-cı dəqiqədə bir texniki səhvdən qapımızda qol gördük. "Qarabağ" həmin vaxt rəqibdən daha dominant oynayırdı. Bu, futboldur. Bəzən idman xoşbəxtliyi rəqibin tərəfində olur. Hesab edirəm ki, bu dəfəki oyunda da "Qarabağ" dominantlıq nümayiş etdirəcək. "Sürix" və "Ferentsvaroş"la matçlarda fərqli olaraq açıq futbolun gedəcəyini düşünmürəm. "Viktoriya" nisbətən müdafiəyə meyilli, kompakt futbol oynayır. Rəqibin üstün tərəflərindən biri standart vəziyyətlərdir. Bununla yanaşı əks-hücumlar qurmağa çalışacaqlarını düşünürəm. "Viktoriya"nın oyun üslubu cinah ötürmələri üzərində qurulub. Cinah ötürmələrindən sonra hündürboy, atletik cəhətdən yaxşı olan hücumçuların sayəsində qol vurmağa çalışacaqlar. Bəhlul Mustafazadə uca boyludur. Hava toplarında hakimiyyət bizim tərəfimizdə ola bilər. Müdafiənin arxasına atılan toplarda isə ehtiyatlı olmaq lazımdır. Düşünürəm ki, ümumi oyun "Qarabağ"ın üstünlüyü ilə keçəcək. Ümid edirəm ki, boşa verilən qol imkanları əvvəlki oyunlarla müqayisədə az olacaq, yaradılan şanslardan istifadə ediləcək. Həm Kadi, həm Zubir yaxşı formadadır. May ayından bu yana baxsaq, görərik ki, bu oyunçuların performansı artıb. Digər futbolçular da həmçinin. Hesab edirəm ki, "Viktoriya" keçiləsi səddir. Amma Çempionlar Liqasının pley-off mərhələsində asan oyun olmur. Təhlükə gözlədiyimiz məqam dominant oynadığımız halda müdafiənin arxasına atılan toplar və əks-hücumlar olacaq. "Viktoriya"nın heyətində təcrübəli, sürətli futbolçular var. Öndə oynadığın zaman müdafiənin arxasında boşluqlar yaranır. "Lex" və "Sürix"lə matçlarda Maksimlə Medinanın bu boşluqları bağladığını görürdük. Bəhlul və Bədavinin bunun öhdəsindən nə qədər gələ biləcəyini demək indi mənim üçün çətindir. Ümid edirəm ki, bacaracaqlar. Belə olan halda isə qələbə qazanmağımız zaman məsələsinə çevriləcək.
- "Neftçi" "Rapid" səddini keçə bilmədi. Mübarizəsiz və sanki heç nə etmədən uduzdular. Sizin fikriniz necədir, "Neftçi" "Rapid"ə niyə məğlub oldu?
- "Neftçi" barədə fikirlərim azarkeşləri bir az qıcaqlandırıb. Baxsaq, görərik ki, "Rapid"in gücündən xəbərdar idim. "Neftçi"də yeni baş məşqçinin olması, əsas heyətin 4-5 oyunçusunun birdən-birə dəyişilməsi və bunların qısa zaman kəsiyində baş verməsinə görə məndə bir ehtiyat yaranırdı. "Neftçi" "Rapid"lə ilk oyunda "Aris" üzərindəki qələbənin motivasiyasını davam etdirib, ilk hissədə əla oyun nümayiş etdirdi. "Neftçi" ikinci qolu vurduqdan sonra demək olar ki, bütün komanda ilə müdafiəyə çəkildi. Bu, bəlkə də psixoliji basqı idi. "Rapid" isə dəyişiklilər etdikdən sonra "Neftçi"ni öz cərimə meydançasının həndəvərinə kimi çəkilməyə məcbur etmişdi. Sonuncu dəqiqədə Avstriya təmsilçisi istədiyi qolu vura bildi. Kənardan da görünürdü ki, vurduqları bir qol onları sakitləşdirdi. Bir top fərqini istənilən vaxt aradan qaldırmaq olar. "Neftçi" Bakıda ikinci qolu vurduqdan sonra oyun "Rapid"in tərəfinə keçdi. Vyanada keçirilən oyunda kənardan görünürdü ki, "Neftçi" çətinlik çəkəcək. Amma "Rapid" qol vurmaq üçün öndə oynamağa məcbur idi. Bu da imkan verirdi ki, Emin Mahmudovun yaxşı oyunu, ötürmələri hesabına "Neftçi" təhlükəli vəziyyətlər yaratsın. Komanda bir neçə dəfə rəqibi əks-hücumlarda yaxaladı. Amma bu epizodlardan yararlana bilmirsənsə, belə basqılı komandanın qarşısında məğlubiyyətə düçarsan. Düşünürəm ki, ustalıq səviyyəsi məhz burada görünür. Rəqib isə nisbətən az qol imkanları yaratsa da, ustalıq hesabına bunlardan istifadə edə bildi. İkinci hissədə "Neftçi" hesabı dəyişə bilərdi. Yaratdığın qol vəziyyətlərini dəyərləndirə bilmirsənsə, bu səviyyədə çox qabağa gedə bilməzsən. Gözləyirdim ki, "Neftçi" üçün turu keçmək çətin olacaq. Belə də oldu. Nə qədər çox komandamız avrokuboklarda iştirak edərsə, yerli futbolçuların təcrübə qazanmaq şansı da çoxalır. Əfsuslar olsun ki, "Neftçi" bunun öhdəsindən gələ bilmədi. - Heç nə etmədilər demək düzgün yanaşma olmazdı. Laurentsiu Regekampfın oyundan öncə keçirilən mətbuat konfransında dediklərinə qulaq asmamışam. Amma zatən baş məşqçi bu cür danışmalıdır. Səfərə müdafiə olunmağa gedirik deməyi doğru olmaz. Ümumi fikir o idi ki, "Rapid" yüksək pressinq edəcək, daha öndə oynamaq məcburiyyətində qalacaq. "Neftçi" isə əks-hücumda istədiyinə nail ola bilərdi. Əslində komanda bunun öhdəsindən gəlmişdi, 3-4 yü failik qol imkanı yaratdılar. Düzdür rəqibin də dirəkdən dönən iki topu var idi. Təcrübə və ustalıq səviyyəsi "Neftçi"də "Rapid"ə nisbətən az idi. Bu da sonra Avstriya klubunun mərhələni keçməyinə gətirib çıxardı.
- "Neftçi" Laurentsiu Regekampfla bundan sonra nəyə ümid edə bilər?
- Mən "Qarabağ"ın keçmiş futbolçusu kimi danışmıram, kənardan bir şəxs kimi fikirlərimi bildirirəm. Tək mən yox, futbol ictimaiyyətində olan hər kəs hazırda "Qarabağ"ın "Neftçi"dən daha üstün oyun nümayiş etdirdiyini deyir. Ola bilər ki, "Qarabağ" Çempionlar Liqasında oynadığı zaman hansısa dəyişikliklər etsin. Təbii ki, belə oyunlarda "Neftçi" qələbə qazana bilər. Amma düşünürəm ki, çempionatda lider yenə "Qarabağ" olacaq. İkinci, üçüncü yer uğrunda isə "Neftçi"nin rəqibi "Sabah", "Zirə" olacaq. "Ağ-qaralar" bu komandalarla rəqabət aparmaq məcburiyyətində olacaq. "Sabah"ın, yoxsa "Neftçi"nin dahaguu olması hazırda mənim üçün müəmmalıdır. "Zirə" və digər komandalar xallar toplayacaq. Amma onların büdcəsi "Neftçi" və "Sabah" qədər deyil. "Qarabağ"la çempionluq mübarizəsi aparmaq həm "Sabah", həm də "Neftçi" üçün çox çətin olacaq. Mən bu fikirləri azarkeş kimi yox, mütəxəssis kimi bildirirəm. Həqiqət odur ki, "Qarabağ"ın oyun üslubu, futbolçularının keyfiyyəti digər klublarımızdan daha öndədir. "Neftçi" üçün hansısa oyun üslubuna çatmaq üçün böyük müddət lazımdır. Məşqçini qınaya bilmərəm. İki ayın içində yaxşı oyun göstərmək çox çətindir. Hazırkı durumda ümumi prinsiplərin üzərindən gedirlər. Kreativ oyunçuları var. Emin Mahmudov, Ataa Caber kimi futbolçuların sayəsində oyun üslubu qurmağa çalışırlar. Daha çox cinahları dəyişərək oynayırlar, əks-hücumlarda təhlükəli ola bilərlər. Çempionluq uğrunda mübarizə aparmaq istəyirlərsə, iki-üç transferə ehtiyacları var. Bu heyətlə hələ ki, "Neftçi" bu rəqabətə tap gətirə bilmir. Regekampf bir neçə il komandada işləsə, bəlkə də bəlli oyun üslubu və transferlərlə bunun öhdəsindən gələ bilərlər.
Elçin Əlixan
saytlarin hazirlanmasi